Onlayn ictimai-siyasi qəzet
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam edir.
Musavat.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müttəhimlər kürsüsünə çıxarılıblar.
Ötən prosesdə təqsirləndirilən şəxslərə elan olunub ki, məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün yaxın günlərdə şərait yaradılacaq. Müttəhimlər istədikləri protokolla tanış ola biləcəklər.
Məhkəmədə Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlər tədqiq edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin iştirakı ilə tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm də faydalı qazıntı yataqlarının qanunsuz istismarı daxildir.
Nümayiş etdirilən fotolarla ağacların təbii şəkildə deyil, qəsdən məhv olunması sübut edilib.
Məhkəmədə vaxtilə işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarının, o cümlədən xammal və filiz yataqlarının qanunsuz istismarına dair kosmosdan çəkilmiş görüntülər də nümayiş etdirilib.
Bildirilib ki, 1992–2023-cü illər ərzində təqsirləndirilən şəxslər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç və digərlərinin rəhbərliyi və iştirakı ilə işğal olunmuş ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus yeraltı və yerüstü təbii sərvətlər talan edilib.
Dövlət ittihamçısı Fuad Musayevin iştirakı ilə tədqiq edilən sənədlərə əsasən, talan nəticəsində əldə edilmiş gəlir və ya digər maddi sərvətlər Ermənistan ordusu, cinayətkar birlik tərəfindən formalaşdırılmış silahlı dəstələrin, xarici ölkələrdən gətirilən muzdluların maliyyələşdirilməsinə, onların müxtəlif növ silah, geyim, ərzaq və digər zəruri ehtiyaclarının təmin olunmasına, cinayətkar birliklərə daxil olan silahlı birləşmələrin döyüş qabiliyyətinin artırılmasına yönəldilib. Bununla da cinayətkar fəaliyyətin daha da möhkəmləndirilməsi üçün maliyyə mənbələrinin artırılması, Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi ilə əlaqəli şəkildə cinayətkar planların hazırlanması təmin edilib.
Daha sonra qeyd edilən filiz, xammal və digər təbii ehtiyatların cinayətkar birliyin üzvləri tərəfindən təşkil edilmiş və idarə olunmuş şirkətlər və müəssisələr vasitəsilə istismarı ilə bağlı mövcud məlumatlar təqdim olunub.
Vurğulanıb ki, qeyd olunan ərazilərdəki müvafiq təbii və xammal-filiz ehtiyatları, bəhs edilən cinayətkar birliyin rəhbər üzvlərinin birbaşa rəhbərliyi və nəzarəti altında istismar edilib.
Məhkəmədə işğal dövründə Azərbaycan ərazilərində su elektrik stansiyalarının (SES) qanunsuz tikintisi və istismarı ilə bağlı sənədlər də tədqiq olunub.
Daha sonra məhkəmədə Azərbaycanın vaxtilə işğalda olan ərazilərində - Xankəndi şəhərində 2012-ci ilin may ayında keçirilmiş “hərbi parad”ın ermənilər tərəfindən çəkilmiş videokadrları nümayiş etdirilib. Levon Mnatsakanyan tribunaya dəvət edilib və ona Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov suallar ünvanlayıb.
Ermənistan silahı qüvvələrində yüksək vəzifələr tutmuş, o cümlədən baş qərargah rəisinin müavini olmuş, habelə qondarma rejimdə “müdafiə naziri” olmuş Levon Mnatsakanyan dindirmə zamanı əvvəlcə “parad”la bağlı sualları cavablandırıb. O deyib: “Biz “parad”ları keçirərkən keçmiş SSRİ-nin təcrübəsinə əsaslanmışıq. Adətən “parad”ların keçirilməsi üçün əsas illik hazırlıq planı təşkil edilirdi. Həmçinin yubileylər - 5, 10, 15, 20, 25 illik - bu “parad”ların keçirilməsi üçün əsas olub. Əgər “parad”larla bağlı əlaqəmi soruşursunuzsa, mən 2012-ci ildə “müdafiə ordusu”nun qərargah rəisi olmuşam. Həmin “parad”ın hazırlanmasına cavabdeh şəxs olmuşam. “Parad” zamanı şəxsi heyəti “ordu komandanı”na təqdim etmişəm, o isə, öz növbəsində, “ölkə rəhbəri”nə raport verib.
Bundan başqa, Ermənistan Respublikasındakı iki, yaxud üç paradda da iştirak etmişəm”.
O, “parad”ın qondarma rejimin “ordusu”nun 20 illiyinə həsr edildiyini bildirib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ