İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazprom Türkiyədə qaz habı yaratmaq layihəsini dayandırıb – Bloomberg

Rusiyanın “Qazprom” şirkəti Türkiyədə qaz habı layihəsini dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Agentlik qeyd edir ki, Türkiyənin özünün ixrac gücü yoxdur, Avropa İttifaqı isə Rusiyadan qaz tədarükünü qadağan etməyi planlaşdırır.

Bloomberg yazır ki, “Qazprom” Rusiya prezidenti Vladimir Putinin açıq şəkildə təriflədiyi Türkiyədə yeni qazpaylayıcı qovşaq tikmək planlarını sakitcə dayandırıb və beləliklə, Ukraynada müharibənin başlamasından sonra itirilən Avropa bazarlarında mövqelərini bərpa etmək üçün potensial fürsəti bağlayıb. Bildirilir ki, Almaniyanın “Şimal axını” boru kəməri işlək vəziyyətdə olmadığı və Ukrayna ərazisindən qaz tranzitinin 2024-cü ildə dayandırılacağı bir vaxtda “Qazprom” əvvəllər ən böyük ixrac bazarı olan Avropaya geri dönmək üçün Rusiyanın iki əsas boru kəmərinə qoşulmuş Türkiyəni araşdırırdı. Ancaq aylarla olan variantları nəzərdən keçirdikdən sonra "şirkət bunun qeyri-mümkün olduğu qənaətinə gəldi və əsasən fəaliyyətini dayandırdı".
Nəticədə “Qazprom” Avropaya əvvəllər ayda 8 milyard dollar gəlir gətirən qaz tədarükünün ən azı bir hissəsini bərpa etmək imkanını itirib.

Müəlliflər iddia edirlər ki, şirkət daxilindəki bəziləri türk planının işə yarayacağına əvvəldən şübhə ilə yanaşıblar. Belə ki, Türkiyənin özündə Cənubi Avropaya ixrac boru kəmərləri üçün ehtiyat güc yoxdur və Ankara Qazprom-a qazın birgə satışına icazə vermək istəmirdi ki, bu da Rusiyanın qovşaq üzərində təsir imkanlarını məhdudlaşdıracaqdı.

Avropa Birliyi həmçinin 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalına qadağa qoyulması təklifini irəli sürür. 2022-ci ilin oktyabrında, müəmmalı “Şimal axını” partlayışından bir neçə həftə sonra Putin ilk dəfə Türkiyədə qaz paylama mərkəzi ideyasını irəli sürüb. O, Türkiyəyə zədələnmiş “Şimal axını” boru kəmərinin gücünə bərabər – ildə təxminən 55 milyard kubmetr axın verəcək planı açıqlayıb. Agentliyin mənbələrinə görə, bu təklif “Qazprom”dan deyil, Kremlə yaxın siyasi dairələrdən qaynaqlanıb.

Bir mənbəyə görə, şirkət rəhbərləri əvvəlcə Putinin bu konsepsiyanı açıq şəkildə irəli sürdüyünü eşidəndə təəccübləniblər. Bununla belə, qaz nəhənginin ixrac strukturu planı fəal şəkildə həyata keçirməyə başlayıb. Bir mənbə bildirib ki, Rusiyanın dövlət qaz nəhəngində bəziləri, xüsusən də “Qazprom”un ixrac və ticarət bölməsində çalışanlar üçün Türkiyə mərkəzi ideyası şirkət bu qədər beynəlxalq bazar payını itirdikdən sonra yeni bir başlanğıc kimi qiymətləndirilib.

Təklif öz qiymət indeksi ilə regional qaz ticarət mərkəzi olmaq istəyən Türkiyədə də dəstək qazanıb. Bloomberg yazır ki, Ankaranın marağına və Moskvanın 2022 və 2023-cü illərdə danışıqların cəmi bir neçə ay çəkəcəyinə dair zəmanətinə baxmayaraq, layihə irəli getməyib. İndi isə Aİ-nin Rusiya qazına qadağa qoymağa hazırlaşması onu iqtisadi baxımdan tam səmərəsiz hala gətirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR