Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 6-dan etibarən Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) növbəti 12-ci rəsmi Zirvə Toplantısına ev sahibliyi edir. İki gün davam edəcək bu möhtəşəm tədbir Qəbələdə keçirilir. Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin liderlərinin iştirakı nəzərdə tutulub.
Onların sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban (müşahidəçi dövlətin lideri), Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev yer alır. Artıq oktyabrın 6-da bir sıra yüksək qonaqlar - Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələyə səfər ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Kubanıçbek Ömüralıyevi və Binəli Yıldırımı qəbul edib, onlarla təkbətək görüşlər keçirib. Görüşlər zamanı Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün tarixi əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi, bu sammit də yüksək səviyyədə təşkil olunub və Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a qeyd edib ki, TDT-nin Zirvə görüşünün Qəbələdə keçirilməsi tarixi hadisədir: “Bu, yalnız dövlət başçılarının iştirakı ilə keçirilən bir sammit deyil, eyni zamanda bir ailənin üzvləri olan dövlət başçılarının görüşüdür. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatını və bütövlükdə Türk dünyasını bir ailə kimi dəyərləndirib. Bu sadə cümlənin arxasında çox dərin bir məna dayanır. Əgər Türk dünyasını ailəmiz kimi qəbul ediriksə, deməli, türk dünyasının iqtisadi inkişafı, rifahı, təhlükəsizliyi və beynəlxalq münasibətlərdə nüfuzu da bizim ailə maraqlarımız qədər strateji əhəmiyyət daşıyır. Çünki dövlət anlayışı ailədən başlayır. Mənə elə gəlir ki, aparılan müzakirələr və zirvə görüşündə qəbul ediləcək qərarlar da bu təşkilatın gələcəkdə tarixən bizə məxsus olan geniş türk coğrafiyasında daha səmərəli fəaliyyət göstərməsinə, həmin böyük tarixi məkanda sülhün və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edəcək”.
Hikmət Babaoğlu
Hikmət Babaoğlu vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin vətəndaşları arasında sərbəst gediş-gəlişin təmin olunması, ticarət mübadiləsinin artması, mədəni birliyin daha da güclənməsi bu təşkilatın sosial “sementi”, yəni mənəvi dayağıdır: “Bu baxımdan, Şengen vizasına bənzər vahid viza sisteminin tətbiqi mühüm addım olardı. Əlbəttə, burada müəyyən fərqli qütblər mövcuddur. Məsələn, Macarıstan Avropa İttifaqının üzvüdür, Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusundadır və sairə. Lakin bütün bunlara baxmayaraq, ortaq maraqlara əsaslanan bir qərarın qəbul edilməsi tam mümkündür”.
Deputat həmçinin qeyd edib ki, Zirvə görüşünün məhz Qəbələdə keçirilməsinin həm siyasi, həm də simvolik mənası var: “Türklərin mifoloji dünyagörüşündə "Qaf dağı" obrazı mühüm yer tutur. Türk xalqlarının ölməzlik simvolu sayılan “Uşundray quşu”nun (bəzi mənbələrdə “Uçan Turan quşu”, “Simurq”, “Uçmag quşu” və ya “Uçandıray quşu” kimi də adlandırılır) yuvası da məhz bu dağın zirvəsində yerləşir. Türk mifoloji düşüncəsinə görə, Uşundray quşunun yuvası Qaf dağındadır. Bu dağ həm Tanrıların məkanı, həm də dünyanın mərkəzi sayılır. “Həyat ağacı” da məhz Qaf dağının ətəyində bitir və Uşundray quşu onun budaqları arasında yuva salır. Bu baxımdan, bu toplantının bütün türk xalqlarının mifologiyasında böyük Qaf, yəni Baş qafa dağının ətəyində yerləşən, Azərbaycanın tarixi paytaxtı olmuş qədim Qəbələdə keçirilməsinin bu cür mistik və mifoloji əhəmiyyəti var. Bu məkan Türk birliyinin həm tarixi, həm də mifik rəmzi kimi dəyərləndirilə bilər".
Azər Həsrət
Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a açıqlamasında deyib: “Çox istərdik ki, ortaq əlifba məsələsi ilə bağlı üzv dövlətlərin liderləri konkret bir qərara gəlsinlər, vaxt və qrafik təyin etsinlər ki, bu məsələ tam olaraq nə vaxt həllini tapacaq. Digər tərəfdən, çox arzulayardıq ki, Türk Dövlətləri Təşkilatının bayrağı artıq dövlət bayraqları ilə yanaşı rəsmən dalğalansın. Məsələn, Avropa Birliyində olduğu kimi, üzv ölkələrin bayraqları ilə bərabər birlik bayrağı da bütün rəsmi tədbirlərdə və dövlət qurumlarının binalarında ucaldılır. Biz də təşkilatın üzvü olaraq, ən azı beş əsas üzv dövlət - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bayraqları ilə yanaşı Türk Dövlətləri Təşkilatının ortaq bayrağının da dalğalanmasının vaxtı çatdığını düşünürük. Bu, həm birlik duyğularımızı daha da gücləndirəcək, həm də inteqrasiyanı davamlı edəcək”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ