Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onu doğum günü münasibətilə təbrik edib. Bu məlumatı Musavat TV-nin canlı efirində aparıcı Sevinc Telmanqızından eşidən tanınmış iqtisadçı-professor, sabiq nazir Fikrət Yusifov hadisəyə diqqətçəkən şərh verib.
Professorun fikrincə, bu zəng iki ölkə arasında son aylarda müşahidə olunan “soyuq müharibə” ab-havasının yumşalmasına təkan verə bilər:
“Münasibətlərin normallaşması istiqamətində ilk addımı, əslində, Vladimir Putin atıb. O, Çində keçirilən görüşlər zamanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban Əliyeva ilə təmas qurdu. Həmin görüşün özü, eləcə də Putinin ona verdiyi müsbət qiymət, bu prosesin başlanğıc nöqtəsi oldu. İlham Əliyevin bugünkü zəngi həmin jestə cavab xarakteri daşıyır.”
Fikrət Yusifov onu da qeyd edib ki, bu cür təbriklər MDB məkanında liderlər arasında illərdir formalaşmış diplomatik ənənədir və Moskva ilə Bakı arasında rabitə kanallarının açıq saxlanması baxımından önəmlidir:
“Vladimir Putin daha əvvəl də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etmişdi. Bu cür qarşılıqlı jestlər münasibətlərin tonunu müəyyən edir və gərginlik fonunda müsbət siqnaldır.”
Ekspertin proqnozuna görə, iki ölkə münasibətlərində dekabrın 25-nə qədər, yəni Azərbaycan mülki təyyarəsinin Rusiya ərazisində vurulmasının ildönümünə qədər daha nəzərəçarpacaq yumşalma müşahidə oluna bilər:
“Bu tarixə qədər tərəflər arasında emosional fonun daha sakitləşəcəyini və qarşılıqlı hörmətin bərpa istiqamətində addımların atılacağını görəcəyik.”
Musavat.com həmin anlara aid video görüntüləri təqdim edir.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ