Onlayn ictimai-siyasi qəzet
Rusiya NATO ilə potensial müharibəyə hazırlığın ilkin mərhələsinə - “Faza 0” adlanan mərhələyə keçib.
Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) 6 oktyabr tarixli hesabatında bildirib.
ISW-nin məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bu dəfə Böyük Britaniyanı ittiham edərək, guya “Ukraynapərəst ruslardan ibarət qrupun” yaradıldığını və həmin qrupun Avropa limanlarından birində Ukrayna hərbi gəmilərinə və ya mülki gəmilərə hücum planlaşdırdığını iddia edib. SVR həmçinin bildirib ki, London bu təxribatı Çini ittiham etmək məqsədilə, guya “Çin mənşəli avadanlıqlarla” həyata keçirməyi planlaşdırır.
ISW qeyd edir ki, bu cür dezinformasiya kampaniyaları Rusiyanın kəşfiyyat strukturları tərəfindən əvvəllər də Polşa, Moldova və Serbiyaya qarşı istifadə edilib və son aylarda bu təbliğat sistemli xarakter alıb.
Analitiklərin fikrincə, Moskva həm fiziki, həm də psixoloji müharibə hazırlıqlarını intensivləşdirib: diversiya aktları, kiberhücumlar, yanğınlar, GPS siqnallarının pozulması və NATO ölkələrinin hava məkanına dronların daxil olması kimi fəaliyyətlər bunun göstəricisidir. Bu cür fəaliyyətlərin 2025-ci ilin payızından etibarən daha da artdığı qeyd olunur.
ISW ekspertləri hesab edirlər ki, bütün bunlar Rusiyanın artıq aktiv hazırlıq mərhələsinə keçdiyini göstərir. Növbəti addım isə, görünür, daha genişmiqyaslı qarşıdurmaya - Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskinə doğru istiqamətlənir.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ