Onlayn ictimai-siyasi qəzet
Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, bu ölkədə daxili siyasi gərginlik artan xətt üzrə inkişaf edir. Xüsusilə də, Ermənistanda hazırda ABŞ və Qərblə Rusiya arasında ciddi qarşıdurmanın olduğu müşahidə olunur. Kremlin agentura şəbəkəsinə daxil olan siyasi düşərgə Paşinyan hakimiyyətini devirmək niyyətində kifayət qədər qərarlı görünürlər. Və bu, baş verərsə, Cənubi Qafqazda geopolitik situasiyanın yenidən hərbi-siyasi qarşıdurma mərhələsinə keçə biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryanın son açıqlamaları yalnız ölkə daxilində deyil, regionda da yeni hərbi-siyasi gərginliyin yaranma ehtimalını göstərir. O, Vaşinqtonda 8 avqustda Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanan sənədləri sərt şəkildə tənqid edib. Onun fikrincə, Ermənistan bu razılaşmalardan “heç nə qazanmayıb”, əksinə, ABŞ və Azərbaycan isə əsas geopolitik dividendlərə sahib olub. Və Robert Köçəryan hesab edir ki, ABŞ bu sazişlərlə həm gələcək Zəngəzur dəhlizinə, həm də Ermənistan–İran sərhədlərinə nəzarət imkanları qazanıb.
Maraqlıdır ki, Rusiyanın agentura şəbəkəsinin siyasi liderlərindən biri olan bu şəxsin açıqlamaları əslində, yalnız ölkədaxili əks-təbliğat ritorikası deyil. Çünki onun “iddiaları” həm də Kremlin informasiya-propoqanda tezislərinə tamamilə uyğun gəlir. Kremli Ağ Evin Cənubi Qafqazda artan aktivliyini strateji təhlükə kimi qiymətləndirir və xüsusilə də Zəngəzur dəhlizinin ABŞ nəzarətində fəaliyyət ehtimalını Rusiyanın regiondan sıxışdırılmasına yönəlik ciddi cəhd hesab edir. Bu baxımdan, Robert Köçəryanın ittiham ritorikasını Kremlin maraqlarına xidmət edən informasiya-propoqanda kampaniyasının tərkib hissəsi də hesab etmək mümkündür.
Məsələ ondadır ki, Ağ Evdə imzalanmış 8 avqust razılaşması ilə ABŞ faktiki olaraq, Ermənistanın ərazisindən keçəcək nəqliyyat-kommunikasiya marşrutu üzərində logistik və təhlükəsizlik nəzarətini əldə edəcək. Bu, yalnız regional layihə olmaqla qalmayıb, həm də İranın şimal sərhədi boyunca Qərb-Türkiyə-Azərbaycan xəttinin yaranması anlamına gəlir. Bu reallıq Kreml üçün də ciddi geostrateji zərbə xarakteri daşıyır. Birincisi, Rusiya Ermənistan-İran əlaqələrinə nəzarəti itirəcək. İkincisi, Qərb bölgədə yeni nəqliyyat-kommunikasiya infrastrukturu vasitəsilə Rusiyanın iqtisadi-ticari və enerji təcridini dərinləşdirəcək. Üçüncüsü, ABŞ bu marşrut vasitəsilə Orta Asiya və Xəzər regionu ilə birbaşa inteqrasiya imkanları qazanacaq.
Məhz bu səbəbdən də Rusiya artıq Ermənistan daxilində öz agentura şəbəkəsini yenidən aktivləşdirməyə başlayıb. Robert Köçəryanın son açıqlamaları da Kremlin qurduğu planın informasiya-propoqanda mərhələsinə start verildiyini göstərir. Belə ki, Rusiyanın agenti olan Robert Köçəryan Paşinyan hakimiyyətinin Vaşinqtonda sülh sənədlərini “paraflamasını” tənqid edərək, bu prosesi mənasız və “texniki” addım adlandırıb. Ancaq burada əsas diqqətçəkən məqam Robert Köçəryanın “hüquqi-texniki arqumentlər”in arxasında geopolitik mesajlar gizlətməsidir. O, əslində, ABŞ-ın vasitəçiliyi ilə Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını legitimləşdirən istənilən sənədin məzmununu etibarsızlaşdırmağa çalışır.
Təbii ki, bu, Kremlin uzunmüddətli informasiya-propoqanda strategiyasına tamamilə uyğundur. Çünki Rusiya üçün önəmli məsələlərdən biri də məhz Ermənistan cəmiyyətinə Qərblə tərəfdaşlıq barədə “etimadsızlıq” yaradılması, Vaşinqton və Brüssel təşəbbüslərinin “erməni maraqlarına zidd” proseslər kimi təqdim olunmasıdır. Ona görə də, indi Kreml Rusiyanın agentira şəbəkəsinə daxil olan bütün qüvvələri – erməni kilsəsi, oliqarxiya və Köçəryan-Sarkisyan çütlüyünün liderlik etdiyi radikal-revanşist siyasi düşərgəni (erməni üçlüyü) hərəkətə gətirib. Və bu şəbəkəyə növbəti parlament seçkilərində Qərb yönümlü Paşinyan hakimiyyətini devirmək təlimatı verilib.
Robert Köçəryanın 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyəti də Kremlin revanş planının işə salındığını göstərir. O, açıq şəkildə bildirir ki, “komandası seçkilərdə iştirak edəcək” və hətta daha çox səs toplaya biləcək müxalif namizədin xeyrinə kənara çəkilməyə də hazırdır. Bu, klassik Rusiyameyilli bloklaşdırma modelidir, yəni, müxtəlif fraksiyalar formal şəkildə müstəqil çıxış etsələr də, son nəticədə Kremlin maraqlarını ifadə edən “vahid siyasi düşərgə” formalaşdırılır.
Maraqlıdır ki, Rusiya bu seçkiləri Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi üçün ən optimal siyasi mexanizm kimi görür. Kreml hərbi çevriliş ssenarisindən fərqli olaraq, seçki mexanizmini “legitimlik vitrini” kimi istifadə etmək niyyətindədir. Bu model Gürcüstanda “Rusiyameyilli” qüvvələrin yenidən fəallaşdırılaraq, hakimiyyətə gətirilməsi təcrübəsi ilə oxşardır. Robert Köçəryanın “Paşinyan Ağ Evdə alət rolunu oynayıb” ifadəsi təsadüfi deyil. Bu, ölkədaxili auditoriyaya ünvanlanmış simvolik mesajdır və baş nazir Nikol Paşinyanın ABŞ və Qərbin “dekorativ marioneti” olması barədə iddianı ifadə edir.
Elə Kremlin informasiya-propoqanda resursları da bu ritorikanı dolayısı ilə təkrarlayaraq, baş nazir Nikol Paşinyanı “erməni maraqlarını satan” lider kimi təqdim etməyə çalışırlar. Bu, həm Ermənistan cəmiyyətində Qərbə qarşı antipatiya yaratmaq, həm də Rusiya ilə “tarixi ittifaq” ideyasını yenidən diriltmək məqsədi daşıyır. Kremlin əsas hədəfi Cənubi Qafqazda regional sülh prosesini əngəlləmək və yeni qarşıdurma dövrünü başlatmaqdır.
Hazırda Rusiya üçün əsas geostrateji məqsəd Cənubi Qafqazda sülh və sabitlik deyil, əksinə, nəzarət mexanizmlərinin qorunması üçün Kreml tərəfindən idarə olunan regional gərginlikdir. Belə anlaşılır ki, Rusiya Cənubi Qafqazda “son dayaq” saydığı Ermənistanda mövqelərini itirməmək üçün hər vasitəyə, hətta regional sülh prosesini əngəlləməyə, Zəngəzur dəhlizi ilə bağlı sazişi pozmağa, rəsmi İrəvanın Qərbə inteqrasiyası kursunu iflasa uğradacaq səviyyədə daxili siyasi böhranı dərinləşdirməyə çalışacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ