İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanma mədəniyyəti çatışmazlığı - əbədi problem, yoxsa...

Məhkəmələrə ərizələrin təxminən 70 faizi qadınlar tərəfindən verilir - sosioloq səbəbləri açıqladı

Azərbaycanda ailə-məişət zorakılığı mövzusu artıq uzun illərdir ki, sosial, hüquqi və psixoloji müstəvilərdə ciddi müzakirə mövzusuna çevrilib. Təəssüf ki, bu problemin kəskinliyi azalmır, əksinə, bəzi hallarda daha faciəvi nəticələrlə gündəmə gəlir. Sonuncu hadisə də bunun bariz nümunəsidir: Gəncədə baş verən hadisədə ər arvadını bıçaqlayıb. Şəhər sakini, 1987-ci il təvəllüdlü İ.Məmmədova baş nahiyəsindən kəsilmiş yara ilə xəstəxanaya yerləşdirilib. Həkimlər qadına dərhal tibbi yardım göstəriblər, hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə qadının ərindən boşanmaq istəyi səbəb olub. Qadının ailə həyatını davam etdirmək istəməməsi və ayrılmaq qərarı qarşı tərəfin aqressiv reaksiyasına səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əslində bu, tək bir ailənin faciəsi deyil. Bu, cəmiyyətimizdə ailədaxili münasibətlərin və xüsusilə boşanma mədəniyyətinin nə qədər problemli olduğunu göstərən sosial göstəricidir. Son illərdə Azərbaycanda boşanma halları artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il 15-20 min arası ailə rəsmi şəkildə ayrılır. Lakin boşanmanın hüquqi tərəfi ilə yanaşı, onun emosional və mədəni tərəfi çox zaman lazımi səviyyədə idarə olunmur.

Cəmiyyətdə hələ də “boşanmış qadın” anlayışına qarşı mənfi stereotiplər mövcuddur. Bir çox hallarda qadın boşanmaq istədiyi üçün ailəsi, cəmiyyəti, hətta bəzən hüquq-mühafizə orqanları tərəfindən təzyiq və qınaqla üzləşir. Bu da onu risk altına salır. Bəzi kişilər isə boşanmanı öz “kişilik ləyaqətinə” toxunma kimi qəbul edərək zorakılığa əl atırlar. Belə hallarda zorakılıq təkcə fiziki deyil, həm də psixoloji və iqtisadi formada təzahür edir.

Bəs ölkədə boşanma mədəniyyətinin səviyyəsi niyə aşağıdır? Bu, sırf mentalitetlə bağlıdır, yoxsa? Əbədi problemdirmi? Bəlkə maariflənmə işi zəifdir? Hansısa səbəbdən ərindən ayrılmaq istəyən qadın nə etməli, özünü necə qorumalıdır?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloqun fikrincə, bütün bu hadisələrin kökündə dayanan əsas səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycan uzun müddət kişi mərkəzli, patriarxal dəyərlər üzərində formalaşmış bir cəmiyyət olub: “Tarixən ailə münasibətlərində kişilərin rolu üstün sayılıb, ailə institutu isə fərddən daha vacib hesab edilib. Cəmiyyət ailə modelinə yüksək önəm verdiyi üçün boşanmış qadınlara və kişilərə münasibət çox zaman qınaq və təəssüf doğuran prizmadan qiymətləndirilib. Xüsusilə də qadın boşanarsa, bu, sanki onun ”səhvi" kimi qəbul edilib, onun sosial mühitdəki mövqeyi zəifləyib.

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev

Ənənəvi düşüncə tərzinin hökm sürdüyü Azərbaycan kimi cəmiyyətlərdə kişi üçün “ailə” anlayışı xüsusi simvolik məna daşıyır. Ailə kişiliyin, statusun və sosial hörmətin bir göstəricisi hesab olunur. Elə buna görə də bir çox kişilər üçün boşanma hadisəsi yalnız ailə itkisi deyil, həm də özünə, mənliyinə zərbə kimi qəbul edilir. Təcrübələr göstərir ki, boşanma prosesi həm qadın, həm də kişi üçün asan olmur, hər iki tərəf bunu psixoloji, sosial və emosional baxımdan çox çətin yaşayır, bəzən isə bu çətinlik faciə ilə nəticələnir".

Üzeyir Şəfiyev qeyd edib ki, qadınların boşanmaya daha çox meyilli olması da müasir sosial reallıqların nəticəsidir: “Statistika göstərir ki, boşanma ərizələrinin təxminən 70 faizi qadınlar tərəfindən verilir. Bunun əsas səbəblərindən biri qadınların artıq evdar qadın statusundan çıxaraq iqtisadi cəhətdən müstəqil, işləyən, öz gəlirinə sahib fərdlərə çevrilməsidir. Qadınlar kişidən asılılıqdan çıxıb, öz ayaqları üzərində dayanmağı öyrəniblər. Nəticədə, köhnə ailə modeli, yəni qadının itaət edən, kişinin hökmran olduğu sistem artıq bir çox qadınlar üçün qəbuledilməz olub.

Bununla yanaşı, qloballaşma, sosial şəbəkələr, xarici seriallar və filmlər, eləcə də xarici ölkələrə səfərlər insanların dünyagörüşünə ciddi təsir göstərib. Cəmiyyətin düşüncə tərzində bir növ “deformasiya” baş verib, qadınlar daha çox müstəqil, azad və bəzən də eqoist qərarlar qəbul etməyə meyllidirlər. Bu, əslində mənfi hal deyil; sadəcə, dəyişən sosial reallıqlara uyğun yeni düşüncə formasıdır. Boşanma ərizələrinin sayındakı artım da məhz bu psixoloji və sosial dəyişimin nəticəsidir.

Amma təəssüf ki, hər iki tərəf - həm kişi, həm də qadın boşanmanı bəzən ağıl və mədəniyyət çərçivəsində deyil, emosional və aqressiv formada yaşayır. Bəzən qadın, bəzən də kişi bu qərarı tolerant şəkildə qarşılaya bilmir. Ayrılığı qəbul etməmək, reallıqla barışmamaq nəticəsində məişət zorakılığı, bıçaqlanma, hətta qətl hadisələri baş verir. Bu isə artıq şəxsi problem deyil, ciddi ictimai təhlükədir".

Sosioloq qeyd edir ki, cəmiyyətimizdə köhnə ənənəvi stereotiplər hələ də insanlarımızın şüurunda dərin kök salıb. İnsanlar boşanmanı hələ də faciə kimi dəyərləndirirlər, ona görə də bəzən bu vəziyyətə aqressiv reaksiya verirlər: “Halbuki həm kişi, həm də qadın unutmamalıdır ki, boşanma zorakı davranışa, hüquqazidd hərəkətlərə və ya intiqam hissinə əsaslanmamalıdır. Belə davranışlar nə problemi həll edir, nə də insanı azad edir, əksinə, həm öz həyatını, həm də qarşı tərəfin həyatını məhvə aparır.

Boşanma prosesi rasional, sakit və sivil qaydada tənzimlənməlidir. Əgər ailə münasibəti artıq davam etdirilə bilmirsə, bu məsələ ağıl və hüquq çərçivəsində həll edilməlidir. Belə olan halda nə uşaqlar travma alar, nə də tərəflər hüquqi məsuliyyət daşıyacaq hərəkətlərə yol verərlər. Əksinə, ailə münasibətlərini sivil formada bitirmək həm sosial, həm də mənəvi baxımdan daha doğru yoldur.

Cəmiyyətin bu mövzuda maarifləndirilməsi, böhranlı ailələrlə psixoloji iş aparılması çox vacibdir. Müvafiq dövlət və ictimai qurumlar belə ailələri qeydiyyata almalı, onlarla mütəmadi olaraq psixoloq və sosial işçilər vasitəsilə iş aparmalıdır. Əgər böhran aradan qalxmırsa, o zaman tərəflər boşanma prosesinə psixoloji hazırlıqla və qarşılıqlı hörmət prinsipi ilə daxil olmalıdırlar.

Ümumiyyətlə, hər kəs anlamalıdır ki, boşanmaq kimininsə günahı deyil, bu, bir seçimdir. Əgər qadın və ya kişi ayrılmaq qərarına gəlibsə, bu, onun şəxsi haqqıdır. Qarşı tərəf bu seçimi hörmət və anlayışla qəbul etməlidir. Təəssüf ki, bəzi hallarda insanlar tolerantlıq göstərmir, aqressiya ilə reaksiya verirlər. Halbuki bunun üçün dövlətin, hüquq-mühafizə orqanlarının və sosial xidmətlərin rolu böyükdür. Bu qurumlar hadisələri vaxtında qiymətləndirib vəziyyəti sivil qaydada tənzimləməyə kömək etməlidirlər.

Boşanma mədəniyyəti təkcə ailə məsələsi deyil, həm də insan mədəniyyətinin göstəricisidir. Kiminsə qərarına hörmətlə yanaşmaq, zorakılıqdan uzaq durmaq və hüquqi çərçivədə davranmaq cəmiyyətin sağlamlığının, mənəvi səviyyəsinin və dəyərlərinin ölçüsüdür".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR