Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresində “Qafqazda eskalasiyanın qarşısının alınması və əməkdaşlığın təşviqi haqqında” (“PEACE Act”) qanun layihəsi təqdim edilib.
Musavat.com xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvləri Darrell İssa və Qas Bilirakis tərəfindən təqdim olunan “PEACE Act” adlı qanun layihəsi guya Cənubi Qafqazda sabitliyi və sülh prosesini dəstəkləmək niyyəti güdür.
Lakin qanun layihəsində “Azərbaycanın Ermənistanla münasibətlərdə yeni hərbi eskalasiyaya yol verməsinin qarşısını almağı hədəfləmək” kimi olduqca şər və böhtan dolu ədalətsiz ifadə yer alıb.
Layihəyə əsasən, 8 avqust 2025-ci ildə Ermənistan və Azərbaycan arasında imzalanmış Birgə Bəyannamənin icrası zamanı əgər ABŞ dövlət katibi hər hansı şəxsin sülh sazişinin uğurla bağlanmasına qəsdən maneə törətdiyini müəyyən etsə, prezident həmin şəxsə qarşı bir və ya bir neçə sanksiya tədbiri tətbiq edə bilər.
Layihə artıq xarici əlaqələr komitəsinə, həmçinin məhkəmə sistemi və maliyyə xidmətləri üzrə komitələrə göndərilib.
Maraqlıdır ki, layihə müəllifləri bu sənədi “sülh təşəbbüsü” kimi təqdim etsələr də, onun məzmununda balans və neytrallıqdan əsər-əlamət yoxdur.
Nə hikmətdirsə, ABŞ Konqresinə təqdim olunan bütün bu tipli layihələrdə “potensial təcavüzkar” kimi yalnız Azərbaycan göstərilir. Bu, qərəzli və riyakar mövqedir – Cənubi Qafqazda sülhə deyil, gərginliyin dərinləşməsinə xidmət edir.
Qeyd edək ki, respublikaçı konqresmen Darrell İssa Kaliforniya ştatını təmsil edir, Qus Bilirakis isə Florida ştatını təmsil edir, yunan əsillidir.
Bu kontekstdə Kaliforniya faktoru da mühümdür: İssa məhz Kaliforniya ştatını təmsil edir, hansı ki, ABŞ-da erməni diasporunun ən sıx məskunlaşdığı və siyasi təsirinin ən güclü olduğu regiondur. Məhz buna görə də bu təşəbbüsün “sülh aktı” deyil, ermənipərəst maraqların növbəti siyasi aləti kimi ortaya çıxması təəccüblü deyil.
ABŞ Konqresində “erməni məsələsi” üzrə lobbinin ən fəal simalarından biri sayılan Qus Bilirakis uzun illərdir Türkiyəyə və Azərbaycana qarşı yönəlmiş təşəbbüslərdə aktiv iştirak edir.
Bu, təkcə son günlər təqdim edilən “PEACE Act” kimi qanun layihələrində deyil, həm də ABŞ-ın Türkiyəyə F-16 qırıcı təyyarələrinin satılmasına qarşı təşkil olunan kampaniyalarda da özünü göstərir. Həmin təşəbbüslərdən birində - Erməni məsələləri üzrə Konqres Qrupunun (Congressional Armenian Caucus) həmsədri kimi Bilirakis demokrat Frank Pallone Jr. (Nyu-Cersi) ilə birlikdə ABŞ müdafiə naziri Lloyd Austin və dövlət katibi Entoni Blinkenə məktub göndərərək Türkiyənin F-16 təyyarələri almasına rəsmi etirazını bildirmişdi.
Bu fakt özü göstərir ki, Bilirakis sistemli şəkildə Türkiyəyə və Azərbaycana qarşı çıxan, erməni diasporunun maraqlarını təmsil edən siyasətçidir. O, illərdir Vaşinqtondakı erməni lobbisinin əsas siyasi dayaqlarından biri kimi çıxış edir və bölgədəki proseslərə qərəzli, birtərəfli baxış tərzini Konqres müstəvisinə daşıyır.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ