Onlayn ictimai-siyasi qəzet
Əgər Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahavk” raketləri vermək qərarına gəlsə, bu, Rusiya ordusuna ciddi zərbə vura bilər.
Musavat.com xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesablamalarına görə, Ukrayna bu raketlərlə Rusiya Silahlı Qüvvələrinin təxminən 2 min hərbi obyektini vurmaq imkanı əldə edəcək.
Raketlərin iki növü mövcuddur – biri 2500 km, digəri isə 1600 km uçuş məsafəsinə malikdir. Əgər birinci variant Ukraynaya verilsə, 1945, ikinci halda isə 1655 Rusiya hərbi obyekti zərbə radiusuna düşəcək.
Ekspertlərin fikrincə, bu raketlər Ukraynaya Rusiya ordusunun cəbhə arxasındakı təchizat bazalarını və hərbi infrastrukturunu sıradan çıxarmağa imkan verəcək. Zərbə altına düşə biləcək obyektlər arasında Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonasında yerləşən “Shahed” pilotsuz aparatlarının istehsal zavodu da var.
Hazırda həmin zavod Rusiya üçün yüzlərlə İran mənşəli “Shahed” dronlarının kütləvi istehsalını həyata keçirir. Bu istehsal sayəsində Rusiya eyni vaxtda 500-dən çox dronu Ukrayna şəhərlərinə buraxmaq gücünə sahib olub.
Beləliklə, əgər Tramp “Tomahavk” raketlərinin Ukraynaya verilməsinə razılıq versə, bu, Rusiyanın hərbi təchizat sisteminə və strateji infrastrukturuna ciddi zərbə vura bilər.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ