İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada “çay” yükü altında gizlənən narkotiklər aşkarlandı – Narkoşəbəkələrin yeni marşrutlarının izi ilə

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə olan 105 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb.

Musavat.com xəbər verir ki, İrandan Rusiyaya “çay” yükü adı altında göndərilən vaqonun “Cənub Astara” gömrük postunda saxlanılması və əsaslı yoxlanması nəticəsində gizlədilən 20 bağlamada bu qədər marixuana aşkar olunub.

WhatsApp Image 2025-10-07 at 13.54.19.jpeg (51 KB)

WhatsApp Image 2025-10-07 at 13.54.20.jpeg (58 KB)

Faktla bağlı hazırda araşdırma aparılır.

WhatsApp Image 2025-10-07 at 13.05.50.jpeg (107 KB)

Bu hadisə bir daha göstərir ki, Azərbaycan üzərindən keçən tranzit marşrutlar beynəlxalq narkotrafik şəbəkələrinin diqqət mərkəzindədir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər vasitəsilə narkoqaçaqçılıq üçün açıq olan 130 kilometrlik zona bağlandıqdan sonra bu cinayətkar şəbəkələr alternativ yollar axtarmağa məcbur olublar.

ARZU SON.jpg (42 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a açıqlamasında bildirib ki, hazırda narkotrafik marşrutlarında ciddi dəyişikliklər müşahidə olunur:

“44 günlük müharibədə qələbəmizdən sonra Azərbaycan üzərindən keçən narkotrafik zənciri demək olar ki, qırıldı. İranla sərhəddə uzun illər nəzarətsiz qalmış sahələr bağlandıqdan sonra beynəlxalq narkoşəbəkələr Xəzər dənizi, hava və quru yolları vasitəsilə yeni istiqamətlər axtarmağa başladılar. Son əməliyyat da bunun göstəricisidir – artıq narkoqaçaqçılar çay, turşu, kofe kimi məhsulların arasında gizlədərək yüklərini daşımağa çalışırlar. Bu məhsulların içində narkotik yükünün olması təsadüfi deyil. Belə ki, sərhəd-keçid məntəqələrindəki xidməti itlər çay, turşu, kofe kimi məhsulların arasında olan narkotikin iyini hiss edə bilmir. Bunu narkoqaçaqçılar da bilir və öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar.

Unudurlar ki, Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır, xüsusi vasitələrlə narkotik yükünün harada gizlədilməsindən asılı olmayaraq müəyyən etmək iqtidarındadırlar”.

WhatsApp Image 2025-10-07 at 13.05.16.jpeg (50 KB)

Deputat qeyd edib ki, Əfqanıstanda sentyabr–oktyabr aylarında narkotik tədarükünün ən qızğın dövrü başlayır. Əfqanıstan tiryəkinin sulfat turşusu ilə yenidən işlənməsi nəticəsində daha güclü heroin alınır və bu maddə əsasən İran üzərindən region ölkələrinə daşınır:

“Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstan–İran–Azərbaycan–Gürcüstan–Ukrayna–Moldova marşrutudur. Azərbaycan coğrafi baxımdan bu zəncirin bir hissəsidir. Türkmənistandan Xəzər vasitəsilə gətirilən narkotiklər isə daha çox Rusiya istiqamətinə yönəlir. Son Astara əməliyyatı da göstərir ki, narkoşəbəkələr artıq yeni marşrutlar axtarışındadırlar”.

Arzu Nağıyev əlavə edib ki, Azərbaycan hüquq-mühafizə orqanları bu sahədə regional və beynəlxalq səviyyədə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. O, Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) işini xüsusi qeyd edib:

“BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin təşəbbüsü ilə yaradılan bu mərkəz Qazaxıstanın Almatı şəhərində yerləşir. Azərbaycan da daxil olmaqla 6 ölkə - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bu qurum vasitəsilə narkotik ticarəti ilə bağlı məlumat mübadiləsi aparır, birgə əməliyyatlar həyata keçirir. Bu, beynəlxalq səviyyədə çox ciddi koordinasiyalı mexanizmdir”.

WhatsApp Image 2025-10-07 at 13.05.16 (1).jpeg (135 KB)

Deputatın fikrincə, Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, birgə əməliyyatların və informasiya mübadiləsinin genişləndirilməsi regionun sabitliyinə ciddi töhfə verəcək:

“Narkotiklə mübarizə təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizlik məsələsidir. Qonşu ölkələrlə əməkdaşlıq, xüsusilə İranla qarşılıqlı etimad və birgə əməliyyatlar bu mübarizəni daha da gücləndirə bilər. Astara, bundan öncə Xaçmazda keçirilən antinarkotik əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan hüquq-mühafizə orqanları beynəlxalq narkotrafik şəbəkələrinə qarşı mübarizədə həm taktiki, həm də strateji baxımdan yeni mərhələyə qədəm qoyublar”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR