İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbirdə yatırdı, indi milyonlar qazanır - Dünyaca məşhur futbolçunun həyat hekayəsi

Futbol dünyasında elə adlar var ki, onların uğuru təsadüf yox, ağrının, yoxsulluğun və iradənin nəticəsidir. Məşhur futbolçuların çox az qismi varlı ailədə böyüyüb. Futbola son ümid kimi baxan minlərlə uşaqdan biri futbolçu olur və gələcəyini qurur.

Nigeriyalı Viktor Osimhen də bu adlardan biridir.

Çörək pullarını zibillikdən çıxaran uşaq bu gün Avropanın ən güclü və ən bahalı hücumçularından biri sayılır. Onun həyat hekayəsi Hollivud filminə bənzəyir. Başlayaq…

Viktor Osimhen 1998-ci ildə Nigeriyanın paytaxtı Laqosda, yoxsul bir ailədə doğulub. Anasını erkən yaşda itirən Osimhen və ailəsi küçədə yaşamağa məcbur olub. Hətta bəzən yataq otaqları qəbiristanlığın kənarı olub. Osimhen yaşamaq üçün zibil yığır, küçədə su və şirniyyat sataraq ailəsinə kömək edirdi.

Uşaqlıqdan bir topu vardı – o da təkcə oynamaq üçün yox, ruhən sağ qalmaq üçün... Hər gün Laqosun tozlu küçə və meydançalarında saatlarla futbol oynayırdı.

Osimhenin istedadı diqqətdən qaçmır və tezliklə Nigeriya U-17 millisində çıxış etmək imkanı qazanır.

2015-ci ildə Çilidə keçirilən U-17 Dünya Kubokunda Osimhen 10 qolla bombardir olur və Qızıl buts qazanır. Bu, onun həyatını dəyişən məqam olur. Onu bir anda Avropanın bir çox klubu radarına alır və izləməyə başlayır.

Karyerasına “Wolfsburg” klubunda başlayan Osimhen üçün ilk illər asan keçmir. İqlim fərqi, dil problemi və zədələr onu geri salır. Amma o, geri çəkilmir. Daha sonra Belçikanın “Charleroi” klubuna icarəyə verilir və orada özünü sübut edir. Həyatı mübarizələrlə dolu olan Osimhen üçün sıfır son yox, başlanğıc idi.

2019-cu ildə “Lille” klubuna keçən Osimhen burada parlaq mövsüm keçirir. Bu da onu İtaliyaya aparır. Vaxtı ilə bəlkə də ayda 7 avro qazana bilməyən balaca Osimhen indi 70 milyon avroya Napoliyə gedirdi…

Osimhen İtaliyada adını tarixə yazdırmağı bacarır. “Napoli” 33 ildən sonra çempionu olur. Osimhen Maradonadan sonra şəhərin ən çox sevilən futbolçusu olur. Üz sümüyündən zədələndikdən sonra qara qoruyucu maska taxmağa başlayır. Bu maska onun simvoluna çevrilir.

Klubun ulduzu və 100 milyon avro transferi üçün minimal limit qoyulan oyunçunun qardaş Türkiyəyə keçidi…

2023-cü ilin sentyabr ayında Napoli klubunun rəsmi TikTok hesabında iki video yayımlandı. Birinci videoda Osimhenin şəkli ilə birlikdə "I'm not a boy, I'm not a girl, I'm a coconut" (Mən nə oğlanam, nə də qız, mən kokosam) mahnısı səsləndirilirdi. İkinci videoda isə Osimhenin penalti zərbəsini qaçırdığı an göstərilir və səsləndirilmiş "gimme penalty please" (mənə penalti verin, zəhmət olmasa) ifadəsi ilə lağ edilirdi. Bu, Osimhenin klubla olan bağlarının qopmasının başlanğıcı oldu.

Transfer müddətində də uyğunsuzluqlar yaşandı və Türkiyənin ən böyük klubu “Galatasaray” fürsətdən istifadə edərək Osimheni icarə əsasında transfer etdi. Həyatı mübarizələrlə keçən Osimhen burada da uğur qazandı, rekord qırdı, çempion oldu və azarkeşlərin sevgisini qazandı.

“Bu çempionluq mənim şəxsi məsələmdir” - deyən zaman Osimhen əslində necə mübariz biri olduğunu bir daha xatırlatmışdı.

Osimhen mediada çox görünmür, qalmaqallardan uzaqdır. Amma meydanda danışdığı dil təkdir: qol vurmaq. Nigeriya yığmasının da aparıcı simasıdır. Hər dəfə meydana çıxanda ailəsinin, keçmişinin və ölkəsinin yükünü daşıyır.

Viktor Osimhenin həyatı bir çox insan üçün dərsdir. O göstərdi ki, yoxsulluq, çətinlik və ağrı bir uşaqdan dünya səviyyəli ulduz yarada bilər. Evin qəbiristanlıq da olsa, arzuların səni stadionların zirvəsinə aparacaq.

Məhəmməd Türkmən
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR