Onlayn ictimai-siyasi qəzet
“Qəbul imtahanlarının – xüsusən də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən imtahanların – tələbələrin universitetdəki gələcək akademik uğurlarını proqnozlaşdırmaq bacarığı ilə bağlı müasir təhsil elminin gəldiyi nəticə budur ki, təkcə standartlaşdırılmış test nəticələri tələbənin akademik performansını tam şəkildə izah edə bilməz”.
Musavat.com xəbər verir ki, bunu təhsil mütəxəssisi Kamran Əsədov öz sosial media hesabında bildirib.
O qeyd edib ki, beynəlxalq təcrübədə qəbul imtahanlarının proqnostik dəyəri (predictive validity) təhsil psixologiyası və ölçmə sahəsində əsas tədqiqat obyektidir:
“Misal üçün, “Cambridge Assessment” təşkilatının araşdırmalarında qeyd edilir ki, qəbul imtahanları “moderate predictors” – yəni orta səviyyədə proqnostik vasitələrdir və onların proqnozlaşdırıcı dəyəri digər faktorlarla birgə nəzərdən keçirilməlidir (Richardson, Abraham & Bond, 2012).
Məhz buna görə də inkişaf etmiş ölkələrin əksəriyyəti qəbul zamanı yalnız test nəticələrini deyil, məktəb qiymətlərini, tövsiyə məktublarını, layihə işlərini və şagirdin şəxsi motivasiyasını da nəzərə alır.
Məktəb qiymətləri ilə bağlı çoxsaylı elmi tədqiqatlar göstərir ki, uzunmüddətli müşahidəyə əsaslanan göstəricilər – məsələn orta məktəbdə 3 il ərzində formalaşan qiymətlər – tələbənin universitetdəki performansını daha yüksək doğruluqla proqnozlaşdırır.
ABŞ-da “National Association for College Admission Counseling” (NACAC) tərəfindən yayımlanmış 2019-cu il hesabatında məktəb GPA-sının qəbul imtahanlarından daha güclü proqnostik göstərici olduğu vurğulanır.
Eyni zamanda, “Geiser & Santelices” (2007) tərəfindən aparılmış genişmiqyaslı araşdırmada göstərilir ki, “High school GPA is consistently the best predictor of college grades – better than SAT scores””.
Kamran Əsədov bildirib ki, Azərbaycanda təəssüf ki, qəbul sistemində məktəb qiymətləri praktik olaraq nəzərə alınmır:
“Halbuki müxtəlif sosial təbəqələrdən olan məktəblərdəki təhsil səviyyəsinin qeyri-bərabərliyi və repetitorluq kimi amillər qəbul imtahanlarının sosial ədalətlilik prinsipini sual altına alır. Bu da tələbənin gerçək potensialını ölçməkdə DİM nəticələrinin bəzən qeyri-dəqiq rol oynamasına gətirib çıxarır. Bu səbəbdən bu 4 göstərici əsasında təhlil aparılması xüsusilə vacibdir:
* Orta məktəb qiymətləri (GPA)
* DİM imtahan nəticələri
* Məktəbin demoqrafik xüsusiyyətləri (region, status, dövlət/özəl, tədris dili və s.)
* Universitetdə ilk kurs üzrə GPA
Belə təhlillər üçün educational data mining (EDM) və learning analytics metodologiyaları effektiv tətbiq vasitələridir. EDM vasitəsilə müxtəlif məlumat bazaları üzərində klaster analiz, korrelyasiya matrisi, çoxölçülü regresiya və təsadüfi meşə modelləri tətbiq edilməklə, hər bir amilin (DiM balı, məktəb qiyməti və s.) universitet nəticələrinə təsir gücü ölçülə bilər. Belə yanaşmalara dair nüfuzlu tədqiqatçılardan Ryan S. Baker, George Siemens və Carolyn Penstein Rosé təhsildə data mədənçiliyinin tətbiqini geniş şəkildə izah etmişdir (Baker & Inventado, 2014; Siemens & Long, 2011).
Məsələn, Finlandiya və Niderlandda qəbul imtahanı sistemi demək olar ki, yoxdur və universitetlər məktəb qiymətlərinə, şagirdin layihə işlərinə və sosial bacarıqlarına əsaslanır. Bu ölkələr PISA nəticələrində uzun illərdir liderdirlər. ABŞ-da isə SAT balı ilə universitet GPA arasında r=0.35–0.45 arası korrelyasiya tapılıb ki, bu da orta güclü əlaqə hesab olunur. Bu isə o deməkdir ki, yalnız qəbul imtahanına əsaslanan qərar qəbul edilməsi tələbənin real akademik potensialını lazımi səviyyədə proqnozlaşdırmır.
Deməyim odur ki, DİM-in imtahan nəticələri təkbaşına tələbənin universitetdəki uğurunu tam proqnozlaşdırmır. Bu nəticələrin doğruluğu, etibarlılığı və ədalətliliyi yalnız çoxfaktorlu təhlillərlə ölçülə bilər. Azərbaycan təhsil sistemi ədalətli və elmi əsaslı qəbul modelinə keçid etməlidir.
Məktəb qiymətləri ilə birlikdə sosial və demoqrafik amilləri, abituriyentin təlim motivasiyasını, tənqidi düşüncə və kommunikasiya bacarıqlarını qiymətləndirən çoxölçülü qiymətləndirmə modeli yaradılmalıdır. Əks halda universitet auditoriyalarında DİM imtahanında yüksək bal toplamış, lakin davamiyyət problemi olan, layihə hazırlamaq bacarığı zəif, tənqidi düşüncəsi formalaşmamış tələbələrlə qarşılaşmağa davam edəcəyik.
Qəbul sistemində yeganə ölçü vasitəsi kimi testin qalması isə nə ədalətli, nə də effektivdir. Bu, artıq sadəcə bir pedaqoji problem deyil, təhsil siyasətinin transformasiyasına çağırışdır”.
Afaq,
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ