İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdə “arzuolunmaz”, Şərqdə hörmətli rəis – İndi ondan Moskva da narazıdır

Rusiyada açıq şəkil alan və kükrəyən millətçilik-dövlətçilik dalğası milli-federal subyektlərə nəzarətin gücləndirilməsi ilə müşayiət olunur. Hətta kənar müşahidəçilərdə də belə bir təəssürat yaranır ki, Rusiya artıq federal dövlət deyil, unitar dövlətdir və bunu var gücü ilə qorumaq əzmindədir.

Belə olmasaydı, ötən ay Xantı-Mansı muxtar dairəsi parlamentinin deputat Xalid Tağızadənin parlamentdə çıxışı zamanı adi bir tarixə ekskursu bu qədər ağrılı qarşılanmaz və onun deputat səlahiyyətlərinin dondurulmasına səbəb olmazdı.

Xatırladaq ki, X.Tağızadə parlamentin plenar iclasında miqrant problemi barədə danışarkən, özbəklərin bu diyara öz tarixi vətənlərinə gəlirmiş kimi axışdıqlarını qeyd etmiş və bildirmişdi ki, bu ərazilər vaxtilə Şeybaniləri dövlətinin nəzarətində olub, özbək əsilli Küçüm xan tərəfindən idarə edilib. Adamı buna görə az qala linç edəcəkdilər.

Hazırda Tatarıstan Respublikasının rəisi (prezidenti) Rüstəm Minnixanov da hədəfə götürülüb. Düzdür, Tatarıstan boyda bir ölkənin rəhbəri olan Minnixanov diyar parlamentinin 100 üzvündən biri olan deputat qədər asan “vurulası” hədəf deyil, amma o, hər halda neo-nasistlərin qəzəbinə səbəb olacaq davranışlar edib.

Adından da bəlli olduğu kimi, müvafiq materiallar yayan kompromat.ru nəşri bu günlərdə onun haqqında belə yazıb: “Tatarıstanın rəisi Rüstəm Minnixanov Moskvanın təzyiqi altındadır... Kreml Tatarıstanın federal gündəliyi nəzərə almadan xarici əlaqələr yaratmasından, beynəlxalq forumlarda iştirak etməsindən və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr qurmasından narazıdır”.

“Xarici əlaqələr yaratmaq” deyilərkən, Minnixanovun bu yaxınlarda Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca görüş keçirdiyi nəzərdə tutulur.

Ona görə də bildirilir ki, səfər müvafiq federal strukturların iştirakı və ya koordinasiyası olmadan həyata keçirilib və bu, Tatarıstanın paralel xarici siyasət kursu formalaşdırdığına dair şübhələri artırıb. Mərkəz bunu birbaşa təhlükə kimi qəbul edib.

Mərkəz, yəni Moskva gerçəkdən də Minnixanovun Türkiyə ilə isti münasibətlər qurmasından əndişələnirsə, bu, onu göstərir ki, Kremldəkilər reallıq hissini itirəcək qədər xofludurlar.

Son 33 ilin hadisələri, Rusiyada və onun ətrafında gedən milli-siyasi-iqtisadi-hərbi proseslər dəfələrə sübut edib ki, Tatarıstan Rusiya Federasiyasının ən sabit, sanballı, müxtəlif avantüralara uymayan, məntiqıi siyasət yeridən respublikasıdır.

888809.jpg (39 KB)

Tatarıstanın yerli əhalisi nə qədər assimilyasiyaya və rusifikasiya siyasətinə məruz qalsa da, əhali arasında patriarxal qaydalar, bir liderin ətrafında birləşmək ənənəsi güclüdür. Təsadüfi deyil ki, son 34 ildə Tatarıstanın cəmi iki rəhbəri olub: Mintimer Şaymiyev və indiki Rüstəm Minnixanov. Üstəlik, Minnixanov məhz Şaymiyevin siyasi varisidir, bu vəzifəni onun tövsiyəsi əsasında tutub.

R.Minnixanov 1957-ci ildə Tatar Muxtar Sovet Sosialist Respublikasının Rıbno-Slobodski rayonunun Novıy Arış kəndində anadan olub. Onun atasının adı Nurqali, anasının adı Vəsilədir.

Minnixanov 1978-ci ildə Kazan Kənd Təsərrüfatı İnstitutununu bitirib, mühəndis-mexanik ixtisasına yiyələnib, 1978-1983-cü illərdə müxtəlif müəssisələrdə diaqnostik mühəndis, baş energetik işləyib.
1986-cı ildə o, “əmtəəşünaslıq və ərzaq məhsulları ticarətinin təşkili” ixtisası üzrə ikinci ali təhsil alıb. 1995-ci ildə iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.

1983-ci ildən başlayaraq Minnixanovun vəzifə pillələrində yüksəlişi başlayıb. O, müxtəlif rayonlarda İstehlak cəmiyyətlərinin idarə heyətinin rəhbərliyində olub, 1990-1992-ci illərdə - Arsk Rayon İcraiyyə Komitəsinin sədri, 1992-1993-cü illərdə - Arsk rayon İH başçısının birinci müavini, 1993-1996-cı illərdə - Vısokoqorski rayon administrasiyasının rəhbəri vəzifələrində çalışıb. .

1996-1998-ci illərdə Rüstəm Minnixanov bir az da irəli çəkilib, Tatarıstan Respublikasının maliyyə naziri təyin edilib. 1998-ci ildə Tatarıstan Respublikasının prezidenti Mintimer Şaymiyev ona etimad göstərib, muxtar respublikanın baş naziri təyin edib. 2010-cu ilin martından etibarən Minnixanov Tatarıstanın rəhbəridir.

put-minn.jpg (89 KB)

O, federasiyanın ən aktiv regional liderlərindən biri sayılır və xüsusda ilk üçlüyə daxildir. Bununla belə, zaman-zaman Minnixanova qarşı tənqidi mülahizələr də səslənib. Belə iddialardan biri odur ki, Minnixanov iş səfərləri üçün 3 milyard rubl dəyərində olan “Falcon 8X” biznes-jetindən istifadə edir və bu təyyarəyə texniki qulluq ildə 175 milyon rubl təşkil edir.

2021-ci ilin oktyabrında Minnixanovun Cenevrəyə 14 uçuş həyata keçirdiyi, Krımda istirahət etdiyi və Avropadakı qohumlarına baş çəkdiyi barədə materiallar dərc olunub.

Ancaq bu “ifşaedici materiallar” Tatarıstanda ictimai ajiotaja səbəb olmayıb, çünki əhali respublika rəhbərinin təyyarəyə və müəyyən imkanlara sahib olmasını, eləcə də onun ailə üzvlərinin biznes fəaliyyətini normal sayır.

26 yanvar 2023-cü ildə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Minnixanov Rusiya ordusu üçün strateji bombardmançı təyyarələr istehsal edən “Tupolev” şirkətinin idarə heyətinin sədri olduğu üçün ABŞ tərəfindən sanksiyaya məruz qalıb.

2023-cü il aprelin 11-də Minnixanov və həyat yoldaşı Kanadanın “Putin müharibəsində iştirak edən maliyyə elitaları” sanksiya siyahısına daxil edilib. O, Moldovada da “arzuolunmaz şəxs” elan edilib, 2023-cü il aprelin 17-də Minnixanova Kişinyov hava limanında endikdən sonra təyyarəni tərk etməsinə icazə verilməyib və ona ölkəyə girişinin yasaqlandığı haqda sənəd verilib.

a7bac959d4c651e297678102aac600d8.jpg (91 KB)

Ancaq türk dövlətlərində Minnixanova münasibət ABŞ və Avropa ölkələrində olduğundan fərqlidir. Bu məkanda Minnixanovu “arzuolunan şəxs” kimi qəbul edirlər. O, Bakıda olub, siyasi görüşlər keçirib, Ankarada olarkən Rəcəb Tayyib Ərdoğan tərəfindən görüşə dəvət edilib.

Minnixanov başçılıq etdiyi muxtar respublikanın geosiyasi vəziyyətini, gücünü, imkanlarını yaxşı bilir və onun hər hansı bir separatçı niyyətlərə düşməsin güman etməyə heç bir əsas yoxdur. Onun "xarici siyasi əlaqələr yaratması"nın Rusiyaya bir ziyanı olmaz.

Hazırkı situasiyada Minnixanova qarşı təzyiqlər ciddi səciyyə alsa, bu, bir şəkildə sabit regionda “arı yuvasına çubuq uzadılması” demək olacaq. Ancaq onu da söyləməkdə yarar var ki, Rusiyada yaşayan tatarlar son dərəcə praqmatikdirlər və ziyanın yarısından qayıtmağı bacarır, yersiz üsyanlara qalxaraq öz vəziyyətlərini qəlizləşdirmirlər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR