Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağından verilən təcili məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələri şəhərin şərq məhəllələrinə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. Yerli mənbələr artan partlayış səsləri və dağıntılardan xəbər verir.
Musavat.com xəbər verir ki, hücumlar xüsusilə Qəzza şəhərinin şərq hissələrində – Şucaiyyə, Zeytun və Turukman məhəllələrində cəmləşib. Mülki əhalinin ciddi zərər gördüyü, çoxsaylı dağıntıların baş verdiyi bildirilir. Hələlik ölən və yaralananların dəqiq sayı barədə məlumat yoxdur, lakin bölgədən gələn görüntülər və şahid ifadələri hücumların intensiv və ardıcıl olduğunu göstərir.
İsrail ordusu hələlik bu hava zərbələrinə dair rəsmi açıqlama verməyib. Lakin son günlərdə HƏMAS-ın yenidən sərhəd zonasında fəallaşması və dron hücumları fonunda, Tel-Əvivin cavab tədbirlərini gücləndirdiyi müşahidə olunurdu.
Qeyd edək ki, bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır. Şəhərin enerji və rabitə infrastrukturu ciddi zədələnib, xilasedici xidmətlər hadisə yerlərinə çətinliklə çatır. Beynəlxalq təşkilatlar isə təcili atəşkəs və yardım çağırışlarını yeniləyiblər.
Musavat.com məsələni izləyir. Əlavə məlumatlar daxil olduqca təqdim olunacaq.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ