Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtonda keçirilmiş İrəvan–Bakı danışıqlarının nəticələri ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya məlumat verib.
Rəsmi məlumata görə, tərəflər arasında telefon danışığı baş tutub. Qriqoryan ABŞ administrasiyasının vasitəçiliyi ilə imzalanan ilkin sülh müqaviləsinin paraflanması və “sülh memorandumu” haqqında ətraflı məlumatı Moskva ilə bölüşüb.
O da bildirilir ki, Sergey Şoyqu da öz növbəsində Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında Alyaskada keçirilmiş görüşün nəticələri ilə bağlı detalları Qriqoryana çatdırıb. Hansı ki, Alyaska görüşünün Qriqoryana və Ermənistana heç dəxli yoxdur.
Musavat.com-un əldə etdiyi bilgilərə görə, Moskva Vaşinqton formatında əldə olunan razılaşmalardan ciddi şəkildə narahatdır. Kreml hesab edir ki, ABŞ-ın təşəbbüsü ilə imzalanan sənədlər Rusiyanın bölgədəki vasitəçilik rolunu kölgədə qoyur. Bu səbəbdən də Rusiya hakimiyyətinin müxtəlif strukturları, o cümlədən Putinə yaxın çevrələr israrla Ermənistan rəhbərliyindən və xüsusən də Paşinyanın yaxın ətrafından hesabat tələb edirlər.
Hər bir institut – Təhlükəsizlik Şurası, XİN, Müdafiə Nazirliyi və digər dairələr – öz kanalları ilə danışıqlar barədə məlumat toplayır, təhlillər aparır və nəticədə yekun müzakirələrin Kremlin ən yüksək səviyyəsində keçirilməsi ehtimal olunur.
Ekspertlərin fikrincə, bu proses Moskvanın Ermənistan hökumətinə təzyiqlərinin artacağına və Vaşinqtonda başlanan sülh prosesinin ləngidilməsinə səbəb ola bilər.
Musavat.com
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ