Onlayn ictimai-siyasi qəzet
Tayvan adasında "Raqasa" super tayfunu 14 nəfərin həyatına son qoyub, 120-dən çox insan itkin düşüb.
Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, fırtına materik Çin sahillərinə yaxınlaşır.
Qeyd olunur ki, fırtına Tayvanı dünən vurub. Adanın az məskunlaşmış şərq bölgəsində əvvəlki leysan yağışlarından sonra torpaq sürüşmələri nəticəsində yaranan göl sahillərini aşaraq, Quanqfu kəndini ağuşuna alıb. Kənddə su çayın üzərindən keçən böyük avtomobil körpüsünü aparıb. Təxminən 1000 nəfər əhalisi olan Dama kəndi su altında qalıb, bir çox sakinlər isə tələdə qalıb.
Hualien dairəsi hökumətinin sözçüsü Li Kuan-tinq bildirib ki, çərşənbə günü səhər saat 7-yə olan məlumata görə, 14 nəfərin öldüyü və 18 nəfərin yaralandığı təsdiqlənib: “Milli Yanğın İdarəsi dünən gecə 30 nəfərin itkin düşdüyünü bildirib və komandalarımız hələ də axtarışlarını davam etdirir".
Tayvanın Hualien qraflığında 124 nəfər itkin düşüb.
Minlərlə insanın məktəblərə və təxliyyə mərkəzlərinə sığındığı Filippinin şimalında fırtına ağacları aşırıb, binaların damlarını uçurub və ən azı iki nəfərin ölümünə səbəb olub.
“Raqasa” super tayfunu bazar ertəsindən bəri Tayvanı vurur, lakin onun trayektoriyası Çinin cənub sahillərinə doğru dəyişir. Honq Konq Meteorologiya Xidməti supertayfunun Cənubi Çin dənizi üzərindən qərbə doğru hərəkət edərkən mərkəzinə yaxın maksimum 195 km/saat (120 mph) davamlı küləklər yaratdığını bildirib.
Raqasa güclü külək və leysan yağışı ilə Honq-Konq və Çinin cənubunun bəzi hissələrinə yaxınlaşır. Çin hakimiyyəti ən azı 10 şəhərdə məktəbləri və müəssisələri bağlamağa məcbur olub.
Honq Konqda dünən və bu gün üçün birjanın fəaliyyəti dayandırılıb. Hava limanının internet saytında verilən məlumata görə, dünən axşam saat 18:00-dan sonra Honq-Konqdan heç bir uçuş olmayıb, 500-dən çox reys ləğv edilib.
Bəzi ərazilərdə suyun səviyyəsinin normadan 4-5 metr yuxarı qalxması ehtimalı ilə yüksək dalğalar və tufan dalğası ilə bağlı da xəbərdarlıq edilib.
Raqasa-nın (Filippin dilində “sürətli hərəkət” mənasını verir-red.) 24 saat ərzində mərkəzi və qərbi Quanqdonq əyalətində quruya çıxacağı gözlənilir.
Çinin Şençjen şəhərində 400 min insanın təxliyəsi əmri verilib. Oxşar tədbirlər Çinin cənubundakı Quangdong əyalətində, xüsusən Çaozhou, Çjuhay, Dongguan və Foşan şəhərlərində həyata keçirilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ