Onlayn ictimai-siyasi qəzet
Qarabağ münaqişəsinə əhəmiyyətli dərəcədə son qoyan, 30 il ərzində işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə başa çatan müharibənin 5-ci ildönümünə günlər qalır.
Bu gündən baxanda o günlərin proses və hadisələrinə baxış bucağımız dəyişməyib. Bu bir qəhrəmanlıq səlnaməsidir. Tarixi ədalətin bərpası prosesidir. Sadəcə, indi bu xüsusda bəzi korrektə edilməli detallar var.
Məsələn, o dövrün beynəlxalq siyasi konyunkturasına görə biz deyirdik ki, 27 sentyabr hərbi əməliyyatı Ermənistanın Qarabağa yerləşmiş hərbi kontingentinin təxribatından sonra başlandı və Azərbaycan ordusu əks-hücuma keçdi.
Artıq bu arqumenti qatlayıb qırağa qoymağın vaxtıdır. Çünki o cür ibarələrə ehtiyac yoxdur. Elə çıxır ki, 2020-ci ilin sentyabr ayının 27-də erməni hərbçilər təmas xəttində hansısa bir təxribat törətməsəydilər, biz sakit oturub gözləyəcəkdik.
Elə deyil. Müharibə günbəgün, saatbasaat yetişirdi. Ermənilər bundan əvvəl artıq böyük bir təxribar törətmişdilər: iyulun ortasında Tovuz rayonunda atəşkəsi pozmuşdular və Qarabağa dəxli olmayan rayonda Azərbaycan ərazisini artilleriya atəşinə tutaraq, general və polkovniklər də daxil olmaqla bir qrup hərbçimizi həlak etmişdilər.
Bunun özü müharibə səbəbi idi. Bir ölkənin ərazisinə atəş açaraq, onun generalını şəhid etməyin cavabl və cəzası mütləq olmalıydı.
1994-cü ildən bəri davam edən şərti (gündə 100 dəfə pozulurdu) atəşkəs sazişi və uyğun rejim kobudcasına və bərpası mümkünsüzləşmiş halda pozulmuş, müharibə qaçıqlmaz olmuşdu.
Artıq hər iki ölkədə müharibəyə hazırlıq prosesi gedirdi. Sadəcə, ermənilər həmişəki kimi, Moskvaya güvənir, hərbi əməliyyatların başlanacağı təqdirdə Kremlin 3-4 günə onu bitirəcəyini, Azərbaycan ordusundakı xain qrupun yenə nəsə bir sabotaj törədərək hərbçilərimizin müzəffər yürüşünü əngəlləyəcəyini düşünürdülər.
Amma bu dəfə elə olmadı. Xainlər kənara qoyuldu, hərbi əməliyyata rəhbərliy dövlət başçısı İlham Əliyev birbaşa öz üzərinə götürdü. Ali Baş Komandan olaraq vəzifəsini icra edən İlham Əliyev bütün beynəlxalq təzyiqlərə baxmayaraq, səlahiyyətlərini tam icra etdi və 44 günün içində işğal edilmiş torpaqlarımızın böyük hissəsi düşmən tapdağından xilas edildi.
200 ilə yaxın bir müddət ərzində rus hərbçilərinin birbaşa və həlledici köməyi ilə İrəvan qalasının işğal edən ermənilərin iki əsr davam edən Qarabağ torpağının qurtardığı Mil düzünə qədər böyük bir mahalı götürə-götürə irəliləməsi birdəfəlik dayandırıldı və onları geri oturdulma prosesi vüsət götürdü.
Təəssüf ki, müasir beynəlxalq konyunktura tarixi ədaləti tam bərpa etməyə, Azərbaycanın bütün əzəli torpaqlarını, konkret olaraq, İrəvan, Göyçə, Vedi, Qərbi Zəngəzur mahallarını geri qaytarmağa imkan vermir, yoxsa, erməniləri daha məhdud bir ərazidə məskunlaşma təhlükəsi qarşısında qalardılar.
44 günlük müharibə təkcə aran Qarabağa aid rayonları düşmən işğalından qurtarmadı, həm də Azərbaycan ordusunun toplarının Şuşadan Xankəndiyə tuşlanması imkanının yaranmasına yol açdı. Bundan sonra Qarabağın dağlıq hissəsində oyuncaq “dövlət-hökumət” qurmuş, amma İrəvandan idarə olunan marionet qurumun Azərbaycana təslim olması texniki məsələ halına gəlmişdi. Onlar vəziyyətdən çıxmağa, toparlanmağa, beynəlxalq himayədarların köməyindən yararlanaraq, rəsmi Bakının yurisdiksiyasına daxil olmaqdan yayınmağa çalışsalar da, xeyri yox idi. Onlar təslim olmalıydılar və bu, 3 ildən sonra baş verdi.
44 günlük müharibə həm də mürtəce Daşnaksütun partiyasında birləşmiş qatı millətçilərin utopik “Böyük Ermənistan” ideyasını heç-puç etdi. “Yerablur” panteonunun yeni məzarlara dolub-daşmasından sonra erməni xalqının mühüm bir kəsimi anladı ki, “Böyük Ermənistan” ideyasını gerçəklişdirmək üçün çoxlu bu cür məzarlıqlar inşa etmək lazım gələcək, hələ bu da təminat vermir ki, o utopik ideya həyata keçəcək, ya yox.
Beləcə Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasının sonucu o oldu ki, ermənilər Qarabağda, eləcə də Laçın və Kəlbəcərdə malik olduqları kiçik gölləri də itirdilər, Göyçə gölünün əllərində qalmasına sevinəsi oldular.
5 ildən sonra həmin tarixi zəfərə baxanda hər şey çox adama asan görünə bilər. Ancaq 1994-cü ilin mayından (Bişkekdə imzalanan atəşkəs sazişindən) ta 2020-ci ilin 27 sentyabrına qədər uzanan dövrdə Azərbaycan xalqı nə iztirablar, mərhumiyyətlər yaşamışdı, məğlubiyyət acısı ilə qəhr olmuşdu, onu bir Allah bilir. Yuvarlaq desək, sayı 1 milyon civarında olan qaçqın-köçkünlər, eləcə də millətin vətənpərvər və duyarlı kəsimi məhz hansısa 27 sentyabrı gözləyir, I Qarabağ müharibəsində əliyalınlığın və ermənilərə qahmar çıxanların əl-qolumuzu tutmalarının hesabına düçar olduğumuz məğlubiyyətin qisas gününün yetişməsini istəyirdilər.
Ona görə də 27 sentyabr təkcə Anım günü deyil, həm də Dönüş günüdür. Həmin gün ermənilərin dövranı döndü, azərbaycanlı əsgərlər öz yurdlarına döndülər, Moskva İrəvandan döndü, nəhayət, Fortunanın üzü bizə döndü.
27 sentyabrda düşmən üstünə gedən övladlarımıza eşq olsun. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Araz Altaylı, Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ