Onlayn ictimai-siyasi qəzet
28 May Müstəqillik günü – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümündə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar jurnalist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rais Rəsulzadə Musavat.com-un suallarını cavablandırdıb.
Saytımıza açıqlamasında Rais bəy öncə bütün xalqımızı Müstəqillik günü münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı. Bu xoş günü harada qeyd elədiyi barədə suala cavabında bildirdi ki, səhhəti ilə əlaqədar çox yerlərə gedə bilmir. Amma Məhəmməd Əmin Rəsulzadənin abidəsini, digər əzizlərinin məzarlarını ziyarət etmək üçün ötən gün Novxanıya gedib. Bildirdi ki, ayaq üstə çox dura bilmədiyinə görə, digər ziyarətçilərlə birgə getmək çətin olur.
R.Rəsulzadə Müstəqillik günündə Laçında qurulan büsata baxıb, qürurlandığını da söylədi.
Bildirdi ki, Pakistanın Baş naziri Məhəmməd Navaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçına səfər etmələri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri, Laçın Beynəlxalq Hava Limanının açılışının olması 28 May Müstəqillik günümüzdə çox mühüm və tarixi hadisələrdir.
R.Rəsulzadə qeyd etdi ki, Azərbaycan-Pakistan-Türkiyə birliyi sülhü və təhlükəsizliyi təcəssüm etdirən birlikdir və olduqca mühüm platformadır.
R.Rəsulzadə azad Qarabağın yenidən qurulması, sakinlərin yurdlarına dönüşü il bağlı kadrları efirdən, mediadan izlədiyini, ancaq hələlik o torpaqlara səfər edə bilmədiyini söylədi. “Məni Qarabağa dəvət edən olmayıb. Sonuncu dəfə 1986-cı ildə Şuşada olmuşam, 10 gün qalmışam”, deyən Rais bəy fürsət düşsə, azad torpaqlarda olmaq istəyini bildirdi.
Onu da qeyd etdi ki, yeni əsərlər yaradır, emalatxanaya gedir: “İşləyirəm, yaradıcılıqla məşğulam. Çünki adamı həyatda, ayaqda saxlayan işdir”.
Qeyd etdi ki, səhhəti imkan versə, yenidən ölkənin müxtəlif gəzməli-görməli yerlərindən şəkillər çəkmək istəyir, o cümlədən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər bölgələrimizdən.
Dəyərli Rais bəyə Allahdan şəfalar diləyir və böyük nəslin nümayəndəsini bir daha bayram münasibətilə təbrik edirik.
Elşad Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ