İnsanlara hürriyət, millətlərə istiqlal!

Robot hakimlər, ağıllı məhkəmələr – Tanınmış vəkil “qaçılmazdır” deyir

Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) texnologiyası cəmiyyətin müxtəlif sahələrinə sürətlə nüfuz etdiyi kimi, ədalət mühakiməsi sahəsində də geniş imkanlar açır. Əhali sayının artması, hüquqi münasibətlərin mürəkkəbləşməsi və məhkəmə işlərinin həcmindəki kəskin artım fonunda ənənəvi məhkəmə sistemləri iş yükünün öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu kontekstdə süni intellektin ədalət mühakiməsində tətbiqi həm hüquqi, həm texnoloji, həm də etik baxımdan aktual və qaçılmaz məsələ kimi meydana çıxır.

Bəs ədalət mühakiməsində bunun tətbiqi nə dərəcədə realdır?

CAVAD SON.jpg (36 KB)

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, süni intellektin ədalət mühakiməsində tətbiqi nəinki mümkündür, artıq qaçılmazdır:

“Bununla bağlı milli qanunvericiliyin hələ də olmaması ciddi boşluqdur. Məhkəmə hakimlərinin iş yükünün azaldılması, prosessual səmərəliliyin artırılması və vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsi üçün süni intellektin tətbiqi zəruridir”.

C.Cavadov bildirib ki, 2017-ci ildən bəri Çində bir sıra “ağıllı məhkəmə” layihələri həyata keçirilir:

“Çində artıq “Süni intellekt əsaslı hakimlər” və “Smart məhkəmələr” mövcuddur. Hançjou İnternet Məhkəməsi artıq süni intellektlə təchiz olunmuş sistemlər vasitəsilə həyata keçirilir: sənəd yoxlaması və sübutların avtomatik sinxronizasiyası, təyin olunmuş vaxtda virtual məhkəmə iclasları, texniki məsələlər üzrə avtomatlaşdırılmış qərar layihələri kimi prosesləri yerinə yetirir. Hətta bəzi mülki işlərdə sistemin çıxardığı qərarlar hakimin yekun təsdiqindən sonra hüquqi qüvvəyə minir”.

Cavad Cavadov deyib ki, Avropa İttifaqının qabaqcıl rəqəmsal ölkələrindən olan Estoniya 2019-cu ildən bəri müəyyən məbləği aşmayan borc və mülki mübahisələr üzrə süni intellektin qərar çıxarması imkanlarını tətbiq edir:

“Bu sistem yalnız faktlara əsaslanan sadə mübahisələrə aiddir və apellyasiya imkanları saxlanılır. ABŞ-da süni intellekt əsaslı risk qiymətləndirmə alətləri, xüsusən COMPAS cəzaların təyini və təqsirləndirilən şəxsin yenidən cinayət törətmə riskinin qiymətləndirilməsində istifadə olunur. Lakin bu sistemin qərəzli nəticələr verdiyi (etnik mənsubiyyətə görə qeyri-mütənasib proqnozlar) iddiaları ciddi etik və hüquqi müzakirələrə səbəb olub. Avropa Şurası süni intellektin tətbiqi zamanı “fərdin insan kimi dəyərini və hüquqlarını əsas götürən” prinsiplərə riayət edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hələ ki, birbaşa işə baxmasa da, “ədalətli məhkəmə araşdırması hüququ” (Maddə 6) bu texnologiyanın istifadəsində əsas hüquqi ölçü kimi qalır”.

Bəs süni intellektin qərarına görə kim məsuliyyət daşıyacaq? Hakim, proqramçı, yoxsa sistemin özü?

Cavad Cavadovun sözlərinə görə, alqoritmlərin necə işlədiyi, qərarın necə formalaşdığı vətəndaş üçün anlaşılan olmalıdır. Alqoritmlərdə strukturlaşdırılmış və ya strukturlaşdırılmamış qərəzin qarşısı necə alınacaq sualı da açıqdır.

Prosessual hüquqlara gəldikdə isə avtomatlaşdırılmış qərarların mübahisələndirilməsi və apellyasiya mexanizmləri təmin edilməlidir:

“Azərbaycan Respublikasının qanunvericiliyində süni intellektin məhkəmə sistemində tətbiqi ilə bağlı xüsusi normativ aktlar mövcud deyil. Lakin informasiya texnologiyalarının dövlət idarəçiliyində və elektron məhkəmə sistemlərində tətbiqi sahəsində müəyyən irəliləyişlər var. Məsələn, “Elektron məhkəmə” portalı və məhkəmə bildirişləri elektronlaşdırılıb.

Bu əsasda aşağıdakı təkliflər aktuallaşır - normativ bazanın, o cümlədən müvafiq təlimatların  hazırlanması, pilot layihələr (məsələn, kiçik iddialar, icra işləri və ya müəyyən növ inzibati mübahisələr üzrə).

Süni intellektin ədalət mühakiməsində tətbiqi artıq texnoloji seçim deyil, strateji zərurətdir. Bununla bağlı milli qanunvericiliyin formalaşdırılması və xarici təcrübənin öyrənilməsi dövlətin hüquqi islahat gündəmində əsas yerlərdən birini tutmalıdır. Ədalət mühakiməsinin keyfiyyətini və əlçatanlığını artırmaq üçün texnologiya ilə hüququn tarazlaşdırılmış və şəffaf inteqrasiyası vacibdir.

İnam Kərimovun Ali Məhkəmənin sədri seçilməsindən sonra məhkəmə sisteminin, o cümlədən elektron məhkəmə infrastrukturunun Ədliyyə Nazirliyindən asılılığının aradan qaldırılması təqdirəlayiq addımdır və bu, bizim illərlə müzakirə etdiyimiz əsas mövzulardan biri olub. Bu dəyişiklik ədalət mühakiməsində yeni, innovativ metodların tətbiqini daha da asanlaşdırır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR