İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya neftinin “ölüm hökmü”nü oxudu: Bazar və alıcılar çıxış yolu axtarır!

ABŞ prezidenti Donald Tramp enerji bazarının Rusiyaya qarşı mümkün sanksiyaların tətbiqinə reaksiyasından narahat olmadığını bildirib. Musavat.com xəbər verir ki. bu barədə o, öz təyyarəsində jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Rusiya və onun tərəfdaşlarına qarşı rüsumların tətbiqi qlobal enerji bazarında fasilələrə səbəb olarsa, ABŞ neft hasilatını artıracaq: "Mən bundan narahat deyiləm. Bizdə o qədər neft var ki... Rusiya və onun ticarət tərəfdaşlarına qarşı rüsumların tətbiqi qlobal enerji sektorunda fasilələrə səbəb olarsa, ABŞ neft hasilatını artıracaq".

Reuters agentliyinin məlumatına görə, Vaşinqtonda Rusiya neftinin idxalçılarına, ilk növbədə Hindistan və Çinə idxalı dayandırmayacaqları təqdirdə 100 faiz rüsumun tətbiqi müzakirə edilir. Bu tədbirlər 50 gün sonra qüvvəyə minməli idi, lakin Tramp müddəti kəskin şəkildə azaldıb. Təhlükənin miqyası investorları geosiyasi riski nəzərə almağa məcbur edir və neft qiymətləri artıq artıb - bazar ertəsi demək olar ki, 3 faiz.

ABŞ-ın bu addımı faktiki olaraq Rusiya neftinə embarqoya bərabərdir. Gündə təxminən 4,7 milyon barel xam neft və 2,5 milyon barel neft məhsullarının tədarükü təhlükə altındadır. Bu, qlobal tələbatın təxminən 4,5 faizidir. Rusiya üçün neft və qaz ixracı valyuta gəlirlərinin əsas mənbələrindən biridir və büdcənin 50 faizə qədərini təşkil edir. İkinci dərəcəli sanksiyalar bazardakı vəziyyəti ciddi şəkildə dəyişə bilər.

ABŞ qadağasından əsas zərbə, əlbəttə, Rusiyaya dəyəcək. Çünki onun neftinin əsas alıcısı olan Hindistan bu vəziyyətdə ən həssas həlqədir. İyun ayında dəniz yolu ilə Rusiya neftinin ən böyük alıcısı olub - gündə təxminən 1,5 milyon barel. Bu, ötən ilkindən 30 faizdən çox aşağı göstəricidir. İndi Yeni Dehli Vaşinqtonla çətin ticarət danışıqları aparır və yəqin ki, münasibətləri gərginləşdirmək istəməyəcək. Bu, Rusiyadan alışdan imtinanı çox real ssenariyə çevirir.

Bənzər idxal həcmlərinə baxmayaraq (gündə 2 milyon barelə qədər), Pekinin tədarükləri azaltmaq ehtimalı azdır. Çünki Çin çoxdan ABŞ-ın tariflərini norma kimi qəbul edir. Üstəlik, rəqiblər bazarı tərk edərsə, Çin vəziyyətdən istifadə edib Rusiyadan əlavə endirim tələb etmək imkanı qazanacaq. Ortada İran təcrübəsi var: Pekin ABŞ sanksiyalarına rəğmən Tehrandan nefti dəyərindən 60 faiz ucuz alır. Bu təcrübənin Rusiyaya tətbiqi Moskvanın bu ölkəyə neft ixracından gəlirini kəskin azaldacaq.

Rusiyadan neft alan Türkiyə və digər ölkələrin isə ABŞ-a qarşı getmək şansı yox dərəcəsindədir.

Rusiya neft və neft məhsulları bazardan çıxarsa, yeri necə doldurula bilər? Burada ABŞ, Qayana, Braziliya, Kanada kimi OPEK üzvü olmayan ölkələr, həmçinin OPEK üzvü olan ərəb ölkələrinin potensialı yetərincədir. Təkcə Səudiyyə Ərəbistanının qısa müddətdə bazara gündəlik 2 milyon bareldən çox neft çıxarmaq imkanı var. Hazırda neft bazarında təklifin tələbdən yüksək olduğunu nəzərə alsaq, Rusiya neftinin bazardan çıxmasının qiymətlərə kəskin təsirinin qısamüddətli olacağını söyləyə bilərik.

Prosesin Azərbaycana təsirinə gəlincə, səbəbindən asılı olmayaraq, bazarda qiymətlərin yüksəlməsi ölkəmizin neft ixracından gəlirlərini artıran amildir... 

 

Dünya,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR