Onlayn ictimai-siyasi qəzet
Polşanın baş naziri Donald Tusk sensasion açıqlama verib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, NATO rəhbərliyi Polşa hökumətinə rəsmi xəbərdarlıq edib: Rusiya 2027-ci ilə qədər Avropa İttifaqı (Aİ) ilə silahlı qarşıdurmaya hazırlaşır.
Tuskun bu bəyanatı Avropa siyasi dairələrində yeni gərginlik dalğası yaradıb.
Onun sözlərinə görə, NATO-nun bu xəbərdarlığına ciddi əsaslar var və bu, sıradan bir ehtimal deyil. Alyans Rusiya Federasiyasının 2027-ci ilədək Avropaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa hazırlıq apardığını düşünür.
Donald Tuskun çıxışı fonunda Avropada onsuz da getdikcə dərinləşən “Rusiya qorxusu” daha da güclənib. Təkcə Polşa deyil, yaxın coğrafiyada yerləşən Rumıniya, Finlandiya, Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva, eləcə də Almaniya artıq bir neçə aydır ki, müdafiə planlarını genişləndirir, ordularını yenidən qurur, müdafiə büdcələrini artırır.
Britaniya Kəşfiyyatı və Almaniya Müdafiə Nazirliyi də daha əvvəl xəbərdarlıq etmişdi ki, Rusiya 2025-ci ildən başlayaraq, Ukraynadan sonra Baltikyanı ölkələr və Polşa istiqamətində hərbi ssenariləri işə sala bilər.
Avropa hökumətlərində yayılan məlumata əsasən, Moskva təkcə Ukrayna ilə kifayətlənməyəcək. Aİ və NATO-nun “qeyri-dost ölkələri” siyahısında olan dövlətlərə qarşı daha sərt və aqressiv kurs seçiləcəyi bildirilir. Təbii ki, bu təhlükə qarşısında Avropada səfərbərlik, silahlanma və ictimai hazırlıq da artırılır.
Finlandiya 2023-cü ilin sonlarında orduya çağırış yaşını aşağı salıb, mülki əhalini hərbi manevrlərə cəlb edib. Almaniya və Polşada isə yeni səfərbərlik planları hazırlanır.
Hazırda NATO-nun Şərq Cinahında 40 mindən çox əsgəri qüvvəsi mövcuddur. Tuskun açıqlamasından sonra NATO-nun Ali Komandanlığının bu qüvvələrin sayını artıracağı, yeni hərbi baza planlarının işə salınacağı gözlənilir. Xüsusən Baltik və Qara dəniz regionları ətrafında təhlükəsizlik planlarının prioritetə çevrildiyi bildirilir.
Musavat.com xəbər verir ki, Avropanın Rusiya ilə müharibəyə hazırlaşması yalnız siyasi ritorika ilə məhdudlaşmır – hərbi sahədə konkret tədbirlər və ictimai mobilizasiya artıq başlayıb. Rusiya isə bu hazırlıqları “qərb isteriyası” kimi təqdim etsə də, öz ordusunda yeni hərbi hissələr yaratmağa, müdafiə sənayesini sürətlə genişləndirməyə davam edir.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ