Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına etdiyi hücum artıq təsadüfi hesab olunmur. Xüsusilə, hücumun Vaşinqtonda ABŞ lideri ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən üçtərəfli görüşdən saatlar öncə baş verməsi bir çox versiyaları önə çıxarmaqdadır.
Bütün bunlarla bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Rusiyanın Ukraynada Azərbaycanın mülkiyyətində olan SOCAR-a məxsus neft çənlərini vurması, bundan əvvəl Azərbaycan qazını qəbul edən qaz kompressor stansiyasına hücumu, həmçinin Azərbaycan səfirliyinin yaxınlığına raket atışı birbaşa Azərbaycana qarşı planlı həyata keçirilən hərbi təzyiqlərdir:
“Göründüyü kimi, Rusiya Azərbaycana qarşı bütün istiqamətlərdə hücum edir. Azərbaycanın Ermənistanla sülh əldə etməsi, ikitərəfli əlaqələrin normallaşması istiqamətində atdığı addımlar, həmçinin müstəqil siyasəti Kremli narahat etməkdədir.
Rusiya Azərbaycanla əlaqələri geridönüşü olmayan bir böhrana sürükləyir. Hesab edirlər ki, bu təzyiqlərlə Azərbaycanın mülkiyyətində olan infrastruktur obyektlərə zərbələr endirməklə Bakını öz iradəsinə tabe etdirəcəklər.
Rusiyanın Xəzər dənizində Azərbaycanın neft-qaz infrastrukturlarına qarşı təxribatlar həyata keçirməsi istisna deyil. Çünki müxtəlif vaxtlarda Rusiyadan Azərbaycanın Xəzər dənizində neft və qaz infrastrukturunun vurulması ilə bağlı açıqlamalar eşitmişik. Azərbaycanın ABŞ-la ikitərəfli memorandum imzalaması, burada terrorizmə qarşı birgə mübarizə məhz Azərbaycana mümkün təxribatların qarşını almaq üçün Vaşinqtonun yardımını nəzərdə tutur. Çünki Azərbaycan Rusiyanın hədəfindədir. Ukraynada Azərbaycan mülkiyyətinə qarşı Rusiyanın hücumları intensivləşərsə, Azərbaycan Ukraynaya silah embarqosunu qaldıra bilər. Amma proseslər Rusiyanın davranışlarından asılı olaraq dəyişəcək.
Regionda dəyişən geosiyasi proseslər, Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi Kremli istənilən təxribatlara əl atmağa sövq edir. Ona görə də Azərbaycan mümkün təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Xüsusilə, Xəzər dənizində neft-qaz yataqlarının və infrastrukturun təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır”.
Cavanşir ABBASLI
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ