Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının kritik mərhələyə daxil olduğu bir vaxtda, Moskvanın regionda fəallaşması diqqət çəkir. Kreml həm Bakıya, həm də İrəvana siyasi və hərbi təzyiqlər göstərməklə, prosesin nəticəsini öz maraqları çərçivəsində dəyişdirməyə çalışır.
Siyasi müşahidəçilərə görə, Rusiya Qarabağdan köçən ermənilərin Ermənistanda “Artsax” adı altında fəaliyyətini legitimləşdirmək üçün Paşinyana təzyiq edir, sülh müqaviləsinin imzalanması üçün “vaxtın yetişmədiyi” mövqeyini qabardır və eyni zamanda Gümrüdə yerləşən 102-ci hərbi bazanı silahlandırmaqla bölgədə yeni hərbi qarşıdurma riski yaradır.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında qeyd edib ki, Rusiya rəhbərliyi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları qəbul etmir və regionda sülhün əldə olunmasına mane olmağa çalışır:
"Rusiya Ermənistanda hərbi qüvvələr yığmaqla sülh prosesini pozmağı planlaşdırır. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməməsi üçün Nikol Paşinyana təzyiqlər etməyə çalışır. Həmçinin Azərbaycana qarşı siyasi təzyiqlər davam etdirir. Rusiya Qarabağdan köçən ermənilərin Ermənistanda "Artsax" adı ilə fəaliyyət göstərməsini Nikol Paşinyandan tələb edir. Həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının "vaxtı deyil" kimi mövqe ortaya qoyur".
Siyasi şərhçi deyib ki, Rusiya Ermənistanda Gümrüdəki 102-ci hərbi bazasına silahlar daşıması, əsasən sülh prosesini və regional siyasəti pozmaqdan ibarətdir:
"Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanı hərbi yolla cəzalandırması istisna deyil. Əsas məqsəd öz adamını hakimiyyətə gətirib, sülh prosesini pozaraq Azərbaycana qarşı yeni hərbi əməliyyatlara başlatmaqdır. Təbii ki, Rusiyanın bu avantüralara getməsi mümkündür. Çünki Kreml rəhbərliyi yeni geosiyasi reallıqları qəbul etmir. Ona görə də Azərbaycana qarşı sərnişin təyyarəsini vurdu, azərbaycanlı miqrantlara qarşı şovinist siyasəti davam etdirir. Xəzər dənizində hərbi təlimlər keçirir. Eyni zamanda, Rusiyanın AZAL təyyarəsini vurması, siyasi hakimiyyətə yönəlmiş siyasi təzyiq – terror aktıdır. Məhz Azərbaycandan üzr istənilmir və təzyiqlər davam etdirilir. Təbii ki, Azərbaycan Rusiyanın siyasi tələblərini qəbul etməyəcək".
Siyasi ekspert qeyd edir ki, Ermənistanda vəziyyət Azərbaycandan fərqlidir:
"Baş nazir Nikol Paşinyan seçki öncəsi çətin dilemma qarşısında qalıb. Rusiyanın arxasında durduğu kilsə və müxalifətlə qarşıdurma yaşayır. Bir tərəfdən də Rusiya hərbi qüvvələrini Ermənistana yığır. Ermənistan siyasi hakimiyyətinə Türkiyə və ABŞ-ın siyasi dəstəyi labüd görünür.
Hər iki ölkə Nikol Paşinyanı dəstəkləməsə, Rusiya onu devirə bilər. Təbii ki, proseslər Rusiya–Ukrayna müharibəsinin gedişatından çox asılıdır. Göründüyü qədəri ilə Rusiya Cənubi Qafqaz siyasətini aktivləşdirir".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ