Onlayn ictimai-siyasi qəzet
Ukrayna xalqına xidmətlərinə görə “Qızıl Ulduz” və “İgidliyə görə” ordenləri ilə təltif edilən Nadejda Savçenkonun ikinci dəfə Rusiyaya əsir düşdüyü deyilir
Ukraynalı pilot, millətçi və keçmiş deputat Nadejda Savçenko Kupyansk yaxınlığında əsir götürülüb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Vsevolod Filimonenko Radanın keçmiş deputatı İqor Mosiyçukla söhbətində deyib.
Filimonenkonun Ukrayna Silahlı Qüvvələri komandanlığındakı mənbələrə istinadən verdiyi məlumata görə, Savçenko Sinkivka kəndi yaxınlığında 105-ci briqadanın tərkibində gecə döyüşündə geri çəkilmək istəyərkən Rusiya artilleriyasının güclü atəşinə məruz qalıb, bundan sonra onunla əlaqə kəsilib.
Mosiyçuk bu məlumatın təsdiqini gözləməyin lazım olduğunu vurğulayıb. Savçenko artıq Rusiyada hərbi əsir kimi məhkum edilib və Cenevrə Konvensiyasına görə, daha sonra hərbi əməliyyatlarda iştirak etməməli idi. “Əgər bu doğrudursa, Nadejdanın əsirlikdən qayıtması ilə bağlı problemlər yaranacaq” - keçmiş deputat əlavə edib.
Mosiyçuk qeyd edib ki, Savçenko personası ətrafında teatrallığa meyllidir. Yazın sonunda onun ölümü ilə bağlı şayiələr yayılmağa başlayanda o, dərhal onları inkar etmədi, uzun bir fasilə verdi. Ola bilsin ki, bu dəfə də eyni hal təkrar olsun.
Nadejda kimdir?
Nadejda İvanovna Savçenko 1981-ci ilin 11 mayında Kiyevdə doğulub. Uşaqlıqdan hərbi təyyarəçi olmaq arzusunda olub. Anası deyib ki, ilk dəfə təyyarəyə minəndə Nadejdanın 4 yaşı varmış: “O, Krıma təyyarə ilə uçanda daima həvəs və həsrətlə buludlara baxırdı”...
Nadejda da deyirdi ki, onun səmada uçmaq həvəsi uşaqlıqdan yaranıb, amma məhz 17 yaşında bu barədə qəti qərar verib. “Hündürlük və sürət həmişə xoşuma gəlib. Uşaqlıqdan məndə belə hiss vardı ki, mən səma üçün yaranmışam”.
Savçenko sonralar deyib ki, ona daxili güc anasından keçib: “Anam mənə hamilə olanda doğuşun son gününə kimi kolxozda işləyib - həm də ağır işlə - kələm yığmaqla məşğul olub. Ona hamilə olduğu üçün az işləmək məsləhət bilinsə də, o, yarızarafat deyirmiş: “Anam işləyir, atam işləyir, qoy bətnimdəki uşaq da işləsin”. Mənim anam qışda qarın altından ağac qırıqları toplayırmış ki, evimizin sobasını qızdırsın. Belə bir anam olduqdan sonra mən necə öz həyatımın ağır olmasından gileylənə bilərəm”, - Savçenko müsahibələrinin birində belə deyib.
Məktəbi bitirdikdən sonra modaçı-dizayner ixtisasına yiyələnib. Sonralar əsas hobbisindən danışarkən deyirmiş ki, əllə naxış salmağı, dekorativ dizaynerlik etməyi çox xoşlayır.
Savçenko ali təhsil almaq üçün Kiyevdəki Ukrayna Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Amma orada cəmi bircə il oxuyub, çünki səma onu özünə çəkirdi: “Uzun müddət axtarış kitabçasında təyyarəçi olmaq üçün hansı ali məktəbə gedəcəyimə qərar verə bilmirdim. Nəhayət, Xarkov Aviasiya Universitetinə sənəd verməyi qərarlaşdırdım. Universitetdə “böyük ulduzlu” bir zabit sənədləri qəbul edəndə “sənin bircə problemin var-qadınsan”, dedi. Zabitə “ayaqların arasında” nə olmasının yox, sağlam başın vacibliyini dedikdə qəzəbləndi və məni “bura sənin yerin deyil”, söyləyərək qovdu”. Savçenko Xarkov Aviasiya Universitetinə düz 4 il ayaq döyüb. Amma hər dəfə də eyni cavabı alıb: ”Aviasiyada qadına yer yoxdur”. Nəhayət, ona general səviyyəsində deyirlər ki, aviasiyada olmaq üçün əvvəl 1 il orduda xidmət etməlidir.
Bundan sonra o, Ukrayna dəmiryol ordusunda rabitəçi xidmətinə başlayıb. Jitomirdə ilk müqavilə əsasında aeromobil qoşunlarında xidmətə götürülüb: “İlk dörd ayda anladım ki, rabitəçi işi mənlik deyil. Otur, telefonlara cavab ver... Bu səbəbdən aviasiyaya yaxın olmaq üçün müqavilə əsasında desant batalyonuna yazılmaq istədim. Batolyon komandiri mənə baxıb “15 kiloqramlıq bel çantası və hər gün 15 kilometr poliqona qaçmaq istəyirsənsə, buyur...”, dedi. Bir həftə sonra artıq mən desantların sırasında idim..”
Savçenko 2004-2005-ci ildə Ukrayna sülhməramlılarının tərkibində İraqda altı ay xidmət keçib: “İraqda 6 ayda başa düşdüm ki, əsl əsgər olmaq üçün çəkilmiş siqaret qırıqları toplamaq və tualetdə naryada getmək lazım deyil”, - deyə, həmin günlərlə bağlı Nadejda xatirələrində söyləyib. İraqdan qayıtdıqdan sonra o, Ukraynanın o zamankı müdafiə naziri Anatoli Qriçenkonun şəxsi icazəsi ilə Xarkov Hava Qüvvələri Universitetinə qəbul olunub. İki dəfə onu “təyyarəçi kimi uçuşa yaramır” əmri ilə universitetdən kənarlaşdırıblar. O isə hər iki dəfə universitetə bərpa olunub və 2009-cu ildə "SU-24" bombardmançı şturmanı kimi təhsilini başa vurub. Amma ona "SU-24"-də yox, “Mİ-24” helikoptelində uçuş üçün icazə veriblər.
2014-cü ildə Ukraynanın şərqində Rusiya ilə hərbi konflikt başladıqdan sonra o, döyüşə getməyə icazə istəyib. İki dəfə “yox” cavabı aldığı üçün Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmaq üçün raport yazıb. Anası deyir ki, qızını hərbi əməliyyatlar gedən bölgəyə getməməsi üçün çox dilə tutub, amma Nadejda Ukrayna torpaqlarını qorumaq üçün könüllülərin “Aydar” batalyonuna yazılıb. 2014-cü ilin 18 iyunundan 19-na keçən gecə o, Rusiya ordusuna əsir düşür. Savçenko başına torba keçirilərək Ukrayna ərazisindən çıxarılıb və Rusiyaya gətirilib. Burada isə ona iki jurnalistin öldürülməsi ittihamı verilib.
Həmin ilin dekabrının 13-də o, təcridxanada tibbi xidmət göstərilməməsinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. Sonra isə azadlığa buraxılması tələbi irəli sürüb. Aclıq aksiyası düz 83 gün davam edib ki, bu müddətdə Nadejda 20 kiloqram arıqlayıb. Fevral ayında artıq onun müdafiəsi ilə bağlı ilk alibilər ortaya çıxıb. Məlum olub ki, jurnalistlərin öldürülməsi vaxtı Savçenko artıq əsir düşübmüş.
2014-cü ilin sentyabrında Ukrayna Radasına keçirilən seçkilərdə Savçenkonun adı “Batkivşina” seçki blokunun siyahısına birinci ad kimi daxil edilib. Radaya deputat seçildikdən sonra onun adı Avropa Şurasında Ukraynanı təmsil edən deputatlar siyahısına da salınıb. Bu müddətdə dünya birliyi Savçenkonun azadlığa buraxılması üçün Rusiyaya və prezident Vladimir Putinə ciddi təzyiq göstərib. Amma yarım il davam edən məhkəmə onu sonda günahkar bilib və 22 il müddətinə azadlıqdan məhrum edib. Putin 2018-ci ilin mayın 25-də onun əfvi üçün sərəncam verib.
Həbsdə olduğu müddətdə göstərdiyi iradəyə və Ukrayna xalqına xidmətlərinə görə “Qızıl Ulduz” və “İgidliyə görə” ordenləri ilə təltif edilib. Avropa Parlamenti ona Andrey Saxarov adına “Düşüncə azadlığı” mükafatı verib.
Musavat.com
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ