Onlayn ictimai-siyasi qəzet
Elxan Şahinoğlu: “Rusiyanın heç bir rəsmisi Duqinin təxribatçı açıqlamasını tənqid etmirsə, deməli, Kremldə oturanlar da belə düşünür”
Rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə bilər.
Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib.
Politoloq bildirib ki, əgər hər hansı bir miqrant rus vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır.
Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir:
“Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və rus xalqının bir hissəsinə çevrilir”.
Duqin əlavə edib ki, burada söhbət irqi mənsubiyyətdən deyil, mədəni və mənəvi inteqrasiyadan gedir:
“Bizim dəyərlərimizi bölüşən və onlarla yaşamağa hazır olan hər kəs Rusiya cəmiyyətinə qəbul oluna bilər”.
Bəs rusiyalı politoloqun miqrantlarla bağlı açıqlamaları nə məqsəd güdür? Onun azərbaycanlıları və digər Orta Asiya xalqlarını “ən çox toksik” qruplar kimi təqdim etməsi nəyə xidmət edir? Rusiya dövləti niyə bu fikirlərə susqun yanaşır? Kremlin Azərbaycan diasporasına yanaşması hansı dəyişikliklərə səbəb olur? Diaspora üzərindən aparılan siyasət miqrantların hüquqlarını və mənsubiyyətini necə hədəfə alır? Pravoslavlığı qəbul etməyən milyonlarla müsəlman miqrant bu şərtlərlə necə yaşayacaq? Rusiya ilə Azərbaycan arasında mövcud olan siyasi gərginlik bu yanaşmalarla daha da dərinləşirmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a cavab verib.
O qeyd edib ki, Kreml Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporuna rəhbərlik edən şəxsləri bir neçə məqsədlə dəyişməyə başlayıb:
“Birincisi, yəni diaspor rəhbərləri ana vətənlərinə bağlı olmamalı, Kremlin təlimatları əsasında fəaliyyət göstərməlidirlər. Misal üçün, hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik var. Kreml diaspora rəhbərlərinin bu gərginlikdə Rusiyanın mövqeyinin müdafiəsini tələb edəcək. Kremli Azərbaycan diasporalarının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməsi, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi maraqlandırmır. Kremlin əsas məqsədi Rusiya hakimiyyətinə loyallıq və diaspora rəhbərlərinə verilən tapşırıqların yerinə yetirilməsini təmin etməkdir. Kreml bu tələbləri yerinə yetirməyəcək diaspora rəhbərlərini başqaları ilə əvəz edəcək. Kreml bu yolla soydaşlarımızı ana vətəndən qoparmağa və Rusiyada soydaşlarımız arasında Azərbaycanın siyasətinin tənqidçilərini artırmağa çalışacaq”.
Politoloq bildirib ki, Kremlin ikinci məqsədi soydaşlarımızın ana vətəndəki ailələrinə pul köçürmələrinə nəzarəti gücləndirmək olacaq:
“Kremlin hələ ki, Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur, əksinə, media ruporları vasitəsilə hədələyici açıqlamalarının sayını artırmaqla məşğuldur. Rusiyanın dövlət televiziya kanalının aparıcısı Solovyovun Azərbaycana qarşı artan təxribatçı açıqlamaları bunun sübutudur. Kreml rus filosof və politoloq Aleksandr Duqini “hərəkətə” gətirib. Onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlar, o cümlədən soydaşlarımız Rusiya cəmiyyəti üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir. Nədir bu mədəni “kod?” Duqin Kremlin mirqantlardan loyallıq və Rusiyanın müdafiəsində iştirak tələbinə birinə də əlavə edib: “Pravoslavlığı qəbul edin”. Görəsən, Duqinin tələbi Rusiyada yaşayan 20 milyon müsəlmana da aiddirmi? Rusiyanın heç bir rəsmisi Duqinin təxribatçı açıqlamasını tənqid etmirsə, bunun xalqlar arasında nifaqa səbəb olacağını söyləmirsə, deməli, elə Kremldə oturanlar da belə düşünür”.
Afaq Mirayiq,
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ