Onlayn ictimai-siyasi qəzet
“Rusiya miqrantlar olmadan işçi qüvvəsi çatışmazlığı problemini həll edə bilməyəcək”.
Bu barədə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib.
O əmindir ki, miqrantlar olmasa, Rusiya iqtisadiyyatı çökəcək. Bunun baş verməməsi üçün Şoxin onların ölkəyə gətirilməsinə indidən başlamağı təklif edir. O bu barədə deyib: “İş vaxtı fondunun mümkün genişləndirilməsi də daxil olmaqla, əmək məhsuldarlığını artırmaq və ya digər mənbələrdən istifadə etməklə, çətin ki, 2030-cu ilə qədər bu problemi həll edə bilək”.
Şoxin nə dərəcədə haqlıdır? Elədirsə, Rusiya əmək miqrantları ilə bağlı qanunvericiliyini niyə sərtləşdirir?
Azər Badamov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a açıqlamasında şimal qonşumuzun miqrantlardan asılı olduğunu qeyd edir və miqrantlar əvəz olunarsa, bunun Rusiya üçün təhlükələrə yol aça biləcəyini vurğulayır: “Rusiyanın rəsmi statistikasına görə, əhalinin 71%-i ruslar, kazaklar, qalan hissəsi isə qeyri-rus millətlərdir. O cümlədən Rusiyada 13 milyondan çox əmək miqrantı yaşayır və bu da ümumi əhalisinin 8%-ni təşkil edir. BMT-nin hesabatına görə, Rusiya əmək miqrantlarının sayına görə dünyada 4-cü yerdədir. Əmək miqrantlarının ÜDM-dəki payı 8%-dən çoxdur. Rəsmi və qeyri-rəsmi əmək miqrantları işləyən əhalinin 10%-ni təşkil edir. Bu, onu deməyə imkan verir ki, Rusiyanın iqtisadiyyatında miqrantlar aparıcı qüvvədir. Rusiya dünyada ən böyük ərazilyə mailk ölkədir. Bu ölkənin ərazisində insan ayağı dəyməmiş torpaqlar çoxdur. Yəni Rusiyanın ərazisində kifayət qədər çox insan yaşamalı və işləməlidir. İşçi qüvvəsinin çoxalması istehsal proseslərin genişlənməsi və Ümumi Daxili Məhsulun artması deməkdir. Rusiyada miqrantlar əsasən ağır əmək tələb edən sahələrdə işləyirlər. Son vaxtlar Rusiyada qanunlar sərtləşdirilir və miqrantlara qarşı sanki bir müharibə elan olunub. Həm də miqrantların bu ölkədən milyardlarla dollar vəsaitin çıxarıldığı deyilir. Amma miqrantlar hesabına Rusiyanın nə qədər pul qazandığı ilə bağlı hər hansı bir statistika açıqlanmır. Çünki miqrantlar ağır sahələrdə çalışdığından bu sahələrdə yaradılan dəyərin məbləği də çoxdur. Amma çox təəssüf ki, Rusiya dövləti son vaxtlar miqrantlara qarşı nifrət hissi yaymağa çalışır. Sanki Rusiyada baş verən bütün cinayətlər miqrantlar tərəfindən törədilir. Rusiyanın bəzi siyasətçiləri tərəfindən MDB ölkələrindən olan miqrantların tez bir zamanda qovulmalı və Hindistandan yeni miqrantlar gətirilərək onların əvəz edilməli olduğu kimi fikirlər yürüdülür. Təbii ki, bu çox səhv siyasətdir. Çünki MDB ölkələrindən olan miqrantlar Rusiyanın təzyiqli siyasətinə adaptasiya olunublar və dil bilgiləri də digərlərinə nisbətən kifayət qədər yaxşıdır. Dil bilgilərinin olması əmək prosesləri üçün çox vacib məsələdir. Əgər deyildiyi kimi, MDB ölkələrinin miqrantları Hindistandan gətirilən miqrantlarla əvəz olunarsa, onların Rusiya mühitinə adaptasiya olunması üçün azı 70 il vaxt lazım olacaq. İkincisi isə onların Rusiya iqtisadiyyatına verə biləcək dəyər də sual altındadır. Bu baxımdan Rusiyada antipatiyanın nə qədər artmasından asılı olmayaraq bu ölkənin iqtisadiyyatının yaşaması üçün miqrantlara ehtiyac həmişə olacaq. Əks halda Rusiyada miqrantlar olmadan bir çox sahələrdə fəaliyyətlər, demək olar ki, dayanacaq. Ona görə də elm adamları siyasətçilərdən fərqli olaraq miqrantları dəyərləndirir və 2030-cu ilə qədər Rusiyaya əlavə miqrantların gətirilməsini vacib hesab edirlər”.
Günay Hüseynova
İqtisadçı ekspert Günay Hüseynova isə qeyd edir ki, Aleksandr Şoxinin fikri nə qədər təşviş doğurucu olsa da, bir o qədər də reallıqdan uzaqdır: “Rusiya müxtəlif illərdə bir sıra dövlətlərlə istər real müharibə, istərsə də ticari müharibə şəraitində olub. Ümumilikdə ticari müharibənin fəsadları iqtisadi müharibədən həmin ölkə üçün daha ağırdır. Çünki sənaye və istehsalatdakı işçi qüvvəsinin böyük əksəriyyətini miqrantlar təşkil edir. Milli valyutanın xarici valyuta qarşısında dəyər itirməsi, inflyasiyanın sürətinin artması miqrantları öz ölkələrinə və ya digər ölkələrə getməyə məcbur edən səbəblər arasındadır. Hazırda Rusiya iqtisadiyyatı sanksiyalara, müəyyən iqtisadi təzyiqlərə məruz qalır. Bundan əlavə də ticari tərəfdaşlarını itirməsi ixrac potensialında azalmaya səbəb olub. Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti miqrantların ölkələrindəki vəziyyətdən yüksəkdir. Miqrantlarla bağlı qanunun sərtləşdirilməsi paradoks təşkil edir. Əslində məsələnin görünməyən tərəfləri də var. Məlumdur ki, Rusiyada yaşlı nəslin xüsusi çəkisi daha artıqdır. Gənc nəsilə və işçi qüvvəsinə ehtiyac var. Ən ağır və çətin işlərdə miqrantlar işlədilir.
Rusiya iqtisadiyyatında miqrantların sıxışdırılması, sadəcə, yerli vətəndaşların rəğbətini qazanma xarakteri daşıyır. Lakin hökumət də bilir ki, uzun müddət üçün iqtisadiyyatı dirçəltmək miqrantlar olmadan mümkün deyil".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ