Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması siyasi dairələrdə ciddi rezonansa səbəb olub. Məlumata görə, Rusiya tərəfi bu qərarı guya, deputatın “anti-Rusiya və rusofob xarakterli fikirlər” səsləndirməsi ilə əsaslandırıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyinə danışan mənbənin sözlərinə görə, Azər Badamova Rusiya Federasiyasına giriş və çıxış qaydaları haqqında Federal Qanunun 26 və 27-ci maddələrinə əsasən qadağa qoyulub:" Qadağanın səbəbi onun dəfələrlə səsləndirdiyi anti-Rusiya və rusofob yönlü açıqlamalardır,” – deyə mənbə bildirib.
Qeyd olunub ki, bu qərar fərdi xarakter daşıyır və Rusiyanın Azərbaycanla münasibətlərindəki strateji tərəfdaşlıq və müttəfiqlik kursuna təsir göstərmir.
Rusiya tərəfi, eyni zamanda, bəyan edib ki, dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Mənbə bildirib ki, Azərbaycan bundan əvvəl bir neçə rusiyalı deputatın ölkəyə girişinə qadağa qoymuşdu. Sonuncu belə hal Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub.
Moskva bu kimi məsələlərin diplomatik kanallar vasitəsilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb və mediada qarşılıqlı iddialarla vəziyyətin gərginləşdirilməsinin düzgün olmadığını bildirib.
Qeyd edək ki, deputatın Rusiyaya girişinə icazə verilməməsi onun rusiyalı həmkarı Nikolay Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verməsinə görə atıldığı ehtimal olunur.
Şahanə Rəhimli
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ