Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Azərbaycana qarşı hazırkı aqressiv və təxribatçı hərəkətləri fonunda Tatarıstan dövlətinin rəhbəri Rüstəm Minnixanovun Türkiyəyə səfər etməsi və Rəcəb Tayyib Ərdoğanla görüşü təsadüfi görünmür.
Rusiyanın pərdəarxası tələblərinin reallaşmamasından sonra bütün ölkə boyu azərbaycanlı vətəndaşlara və miqrant soydaşlarımıza qarşı hüquq-mühafizə orqanları vasitəsilə terrora başlaması daha təhlükəli təhdidlərin qapıda olduğunu göstərir.
Ancaq bu, yenilik deyil. Biz müstəqilliyimizi bərpa etdiyimiz ötən 34 il ərzində çoxsaylı qeyri-dost geosiyasi konfiqurasiyalara və təhlükələrə qarşı dirəniş göstərmişik. Açıq və gizli planda böyük itkilər, qurbanlar vermişik.
Azərbaycan dünyada dondurulmuş münaqişələr tarixində presedent yaradaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan yeganə dövlətdir. Eyni zamanda ölkəmiz quzeydən və güneydən, həmçinin batıdan gələn bütün təzyiq və təhdidlərə sinə gərərək regional aktor kimi enerji və nəqliyyat dəhlizlərində də açar rola sahib olub. Avrasiyanın kəsişmə nöqtəsində son dərəcə strateji coğrafi və siyasi mövqedə yerləşən Azərbaycan Respublikası olmadan istər Orta Dəhliz, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması mümkünsüz görünür.
Azərbaycan hər nə qədər karbohidrogen ehtiyatları ilə zəngin olsa da, onların dünya bazarına çıxarılması üçün “Əsrin müqaviləsi”ndən etibarən strateji planda mühüm uğurlar qazansa da, eyni zamanda yaşıl enerjiyə keçidlə bağlı da ən effektiv konsepsiyaya uyğun fəaliyyət planını gerçəkləşdirməyə başlayıb.
Azərbaycan, Türkiyə və Pakistan formatında ticarət, nəqliyyat, enerji, müdafiə sənayesi kimi sahələrdə birgə inkişafa nail olmaq üçün davamlı olaraq üçtərəfli görüşlər keçirilir və bu iş birliyi hazırda institusionallaşdırılmağa doğru yön alıb. Müdafiə sahəsindəki əməkdaşlığın dərinləşdirilməsinə Azərbaycan milli təhlükəsizliyinin təminatı baxımından xüsusi önəm verir.
Türk Dövlətləri Təşkilatının gücləndirilməsi isə Azərbaycan dövlətinin əsas və dəyişməz siyasi prioritetləri sırasındadır.
Rusiya isə hər zaman tələb edir. Özü də qeyri-adekvat formada və qarşılıqsız. Azərbaycanlılara qarşı bu günlərdə Rusiyada törədilən vəhşi hadisələr əslində heç də təəccüb doğurmur. Çünki Rusiya ənənəvi metodlarla — siyasi xəttindən narazı qaldığı dövlətin onun ərazisində yaşayan və işləyən vətəndaşlarını təzyiq altında saxlamaq, həmin ölkədən gələn məhsullarda “sağlamlıq üçün təhlükəli viruslar taparaq” sərhəddən geri qaytarmaq və bir çox hallarda həmin xalqların nümayəndələrinə qarşı kütləvi həbslər, işgəncələr tətbiq etməklə varlığını ifadə edir. Bu dəfə isə acıqlarını daha vandal formada — insanları qətlə yetirməklə çıxarıblar. Bu, insanlığa qarşı cinayət faktıdır. Çoxmillətli ölkənin avantürist siyasi yanaşma ilə terrorçu funksiyasını üzərinə götürməsi qonşuluq münasibətləri baxımından heç bir tərəfə yaxşı heç nə vəd etmir.
Azərbaycan dövləti isə xarici siyasətini İkinci Qarabağ savaşında qazandığı böyük qələbənin yaratdığı yeni siyasi şəraitin çağırışlarına uyğun qurur. Rəsmi Bakı indi daha güclü, müttəfiqləri ilə birlikdə dünyada yeni geosiyasi konfiqurasiyaların yaradıcısı rolunda çıxış etməyə başlayıb. İndi yalnız oyunun iştirakçısı deyil, həm də oyun quran Azərbaycan var.
Bu isə imperiyanı bərk qəzəbləndirir. Doğrudur, bu, ərazi və əhali statistikası baxımından dünyanın böyük dövləti olmayan ölkəmiz üçün ciddi təhlükə yaradır. Ancaq biz ən çətin, mürəkkəb dövrlərdə belə imperiyanı seçməmişik… Hətta müstəqilliyimizi təhdid edən güclərin ölkəmizə qarşı həlledici təsirə malik olduğu zamanlarda belə.
Əgər rəsmi Moskva indiki güclü Azərbaycanı imperiyaya xidmətçi rolunda görürsə, deməli, Kreml həqiqətən də başını itirib. Biz müstəqil və sağlam, mərkəzində türk faktorunun dayandığı gələcəyi, davamlı inkişafı seçmişik. İmperiya yırtıcıdır, aqressivdir. Amma nə rəqibsizdir, nə də əbədi qalib və diktə edən. Biz bunu bir neçə dəfə praktik olaraq sübut etmişik. İnanıram ki, imperiya yenə və daha fərqli məzmun, fərqli formada buna şahidlik etməyə məcbur olacaq.
Azərbaycan uğrunda on minlərlə türk və müsəlmanın canından keçdiyi müstəqil və qüdrətli dövlətdir. Bu mərhələni də alnıaçıq şəkildə aşıb keçəcəyik. Hamımız dəmir yumruq kimiyik və dövlətimizləyik!
Elməddin Behbud
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ