Onlayn ictimai-siyasi qəzet
Ləman Süleymanova: “Gündə bir dəfə yemək orqanizm üçün təhlükəlidir”
“Dünyada insanların öz bədənlərinə qarşı etdiyi ən böyük haqsızlıq ac olmaya-olmaya qida qəbul etməkdir”.
“Yeni Müsavat” Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri həkim-diyetoloq Fuad Məcidov bildirib.
“Dünyanın geridə qalmış, axmaq hərəkətini gündə 3 dəfə yemək yeyənlər edir. Mən səhər yeməyi yemişəm, günorta heç nə yemirəm, çünki ac deyiləm, istəmirəm. Qulağınızda sırğa edin, ac deyilsənsə, bədən siqnal vermirsə, yemək yemə. Gündə 2 dəfə yemək, hətta bir dəfə yemək lazımdır. Onda sağlam, təravətli olacaq, bütün bədənin bayram edəcək. Onurğandan tutmuş saçına kimi hər şey sağlam olacaq. Həkimləri gəzmək istəmirsizsə, gündə 1 dəfə yeyin”, - F.Məcidov qeyd edib.
Bəs digər diyetoloqlar bu mövqeyi bölüşürmü? Sağlam və gümrah olmaq üçün gündə neçə dəfə yemək lazımdır? Gümrahlıq üçün qida nə dərəcədə şərtdir?
Qeyd edək ki, ənənəvi tibbi yanaşmaya əsasən, gündə 3 əsas və 1-2 ara yemək qəbulu bədən metabolizmasının tarazlığı üçün faydalı sayılır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, orqanizmə müəyyən aralıqlarla enerji daxil olması qanda şəkərin stabil qalmasına, əzələ kütləsinin qorunmasına, hormon balansının tənzimlənməsinə kömək edir.
Lakin son illərdə intermitten fasting (vaxta bağlı aclıq) və OMAD (One Meal A Day - gündə 1 dəfə yemək) kimi qidalanma sistemləri geniş populyarlıq qazanıb. Bu sistemlər insulin müqavimətinin azaldılması, çəki itirilməsi, iltihabi proseslərin zəiflədilməsi kimi bir sıra müsbət təsirlərlə əlaqələndirilir.
Harvard Tibb Məktəbi və Johns Hopkins Universiteti kimi nüfuzlu qurumların bəzi alimləri də qeyd edirlər ki, vaxta bağlı aclıq müəyyən yaş və bədən tipi üçün faydalı ola bilər. Lakin bu rejimlər hər kəs üçün uyğun deyil və fərdi yanaşma tələb olunur.
Bir sıra həkim-diyetoloqlar bildirir ki, əgər insan fiziki olaraq az hərəkət edir, artıq çəkidən əziyyət çəkirsə və metabolizması yavaşlayıbsa, gün ərzində bir və ya iki dəfə yeməklə bədənə yüklənmədən enerji qəbulunu təmin edə bilər. Lakin bu, hamıya aid deyil. Uşaqlar, yaşlılar, hamilə qadınlar, aktiv idmançılar və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər üçün bu cür qidalanma fəsadlı ola bilər.
Həmçinin bədən ac olmasa belə, sağlam, balanslı və az miqdarda yeməyin orqanizmin ehtiyaclarını ödəmək üçün vacib olduğu vurğulanır. Çünki aclıq hissi hər zaman orqanizmin ehtiyaclarını düzgün əks etdirməyə bilər. Bəzi hallarda aclıq hormonlarının pozulması nəticəsində doyma siqnalı zəifləyə və ya ləngiyə bilər.
Beləliklə, bu qənaətə gəlmək olur ki, gündə bir dəfə yemək bəzi insanlarda enerjini artırır, arıqlamağa kömək edir və sağlamlıq göstəricilərini yaxşılaşdırırsa da, digərlərində əks-təsir göstərə bilər. Ən vacibi isə odur ki, bədənin ehtiyaclarını dinləməyi öyrənmək, qida keyfiyyətinə və tərkibinə diqqət yetirmək, rejimi həyat tərzinə uyğunlaşdırmaq lazımdır. Bu baxımdan hər hansı bir qidalanma sisteminə keçməzdən öncə isə peşəkar həkim və diyetoloqla məsləhətləşmək tövsiyə olunur.
Ləman Süleymanova
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan həkim-diyetoloq Ləman Süleymanova bildirib ki, qidalanma insanın ümumi sağlamlığı və həyat keyfiyyəti üçün mühüm rol oynayır: “Ümumiyyətlə, düzgün qidalanma insan sağlamlığının əsasıdır. Qidalanma təkcə bədən çəkisinə deyil, eyni zamanda daxili orqanların funksiyasına, hormonların balansına və ümumilikdə orqanizmin fəaliyyətinə birbaşa təsir göstərir. İnsan ömrü boyu qidalanmasına diqqət yetirməlidir”.
L.Süleymanova həmkarı həkim-diyetoloq Fuad Məcidovun gündə bir dəfə yemək barədə səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib: "Hesab edirəm ki, həmkarım bu məsələdə bir qədər ifrata varıb. "Dünyanın ən axmaq hərəkətini insanlar edir" deməsi isə doğru yanaşma deyil və bu ifadə ictimaiyyətə qarşı sayğısızlıq kimi qəbul oluna bilər. Həkimlər daha ehtiyatlı və etik şəkildə fikir bildirməlidir".
Mütəxəssisin fikrincə, gün ərzində əsasən üç dəfə - səhər, günorta və axşam yeməkləri vacibdir. Lakin bu yeməklərin keyfiyyəti, porsiyası və kalori yükü diqqətlə seçilməlidir: “Səhər, günorta və axşam ağır, kalorili yeməklər qəbul etmək olmaz. Bu, həzm prosesini pozur, metabolizmanı zəiflədir və qidaların orqanizm tərəfindən gec həzm olunmasına səbəb olur. Optimal variant budur ki, səhər və günorta normal porsiyada qidalanmaq, axşam isə daha yüngül menyuya üstünlük vermək lazımdır. Eyni zamanda bəzi şəxslər səhər yüngül yeyib, günorta normal, axşam isə çox yüngül şəkildə qidalanmağı da seçə bilərlər. Amma gün ərzində, ümumiyyətlə, qidalanmadan imtina etmək, xüsusilə gündə yalnız bir dəfə yemək doğru deyil və bu, sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara bilər”.
Həkim-diyetoloq qeyd edir ki, səhər yeməyi insanın günə enerjili başlaması üçün əsasdır: “Səhər yeməyi beyin fəaliyyətinin aktivləşməsi, bədənin enerji ilə təmin olunması baxımından vacibdir. Səhər qidasını qəbul etməyən insanlarda halsızlıq, diqqətsizlik, yorğunluq və maddələr mübadiləsinin ləngiməsi halları müşahidə olunur. Üstəlik, səhər yeməyindən imtina edən insanlarda günorta və axşam "vəhşicəsinə" aclıq hissi yaranır. Bu da normadan artıq yeməyə, nəticədə isə piylənməyə səbəb olur.
Gündə yalnız bir dəfə qidalanmaq mədə-bağırsaq sistemində problemlər yarada, arterial təzyiqin yüksəlməsinə, şəkərin səviyyəsinin pozulmasına və maddələr mübadiləsinin ciddi şəkildə zəifləməsinə səbəb ola bilər.
İnsanlar belə yanlış tövsiyələri dinləyib gündə bir dəfə yeməyə keçdikdə, orqanizmdə stress vəziyyəti yaranır. Yorğun düşən orqanizm aldığı yüksək kalorili və ağır yeməkləri çətinliklə həzm edir. Bu isə mədə-bağırsaq xəstəliklərinin, yüksək təzyiqin, şəkər balansının pozulmasının, həmçinin piylənmənin əsas səbəblərindən birinə çevrilə bilər. Maddələr mübadiləsi zəifləyir, immun sistemində çökmə baş verir və uzun müddət bu rejimdə yaşamaq orqanizmin enerjisini tükəndirə bilər".
Ləman Süleymanova əlavə edir ki, səhər yüngül də olsa yemək mütləqdir: “Səhər və günorta normal yemək qəbul edib, axşam meyvə və ya yüngül salat yemək yay aylarında daha məqsədəuyğundur. Ancaq ümumilikdə gündə yalnız bir dəfə yemək heç bir halda tövsiyə edilmir. Bəzən gündə iki dəfə yemək rejimi bəzi insanlarda xoş təsir göstərə bilər, lakin bu da mütləq şəkildə həkim nəzarəti və fərdi yanaşma əsasında tətbiq edilməlidir. Xüsusilə işləyən, fiziki və zehni yükü olan şəxslər üçün balanslı və fasiləli qidalanma vacibdir. Əks halda, orqanizm bu rejimə tab gətirməyə bilər”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ