Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş iqtidar partiyası – (Ermənistan Respublika Partiyası (ERP)) Nikol Paşinyana qarşı impiçment prosesi çərçivəsində baş nazir vəzifəsinə partiya sədr müavini Armen Aşotyanın namizədliyini irəli sürmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ERP dünən parlamentdə təmsil olunan “Şərəfim var” fraksiyasına müraciət edərək Paşinyanın əleyhinə etimadsızlıq prosesinə başlamağı təklif edib. Müxalifət deputatlarının bu vaxta qədər baş nazir vəzifəsinə konkret namizəd irəli sürməməsi fonunda partiya ERP Şurasından bir üzvün – Armen Aşotyanın namizədliyini təqdim etməyə qərar verib. Yaxın günlərdə bu namizədlik rəsmi şəkildə açıqlanacaq.
Məlumata görə, əvvəllər bu post üçün Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, ERP ilə birlikdə “Şərəfim var” blokunu formalaşdırmış Artur Vanetsyanın adı hallanırdı. Lakin sonradan seçim Aşotyanın üzərində dayanıb.
Xatırladaq ki, “Şərəfim var” fraksiyası daha öncə “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyanın namizədliyini dəstəkləməkdən imtina etmişdi.
Ermənistan qanunvericiliyinə əsasən, impiçment prosesinə başlamaq üçün təşəbbüskarlar baş nazirliyə öz namizədlərini təqdim etməlidirlər. Baş nazirə etimadsızlığın qəbul olunması üçün 107 deputatdan azı 54-nün lehinə səs verməsi tələb olunur. Hazırda parlamentdəki iki müxalif fraksiyada – “Ermənistan” və “Şərəfim var” – cəmi 34 deputat var. Hakim “Vətəndaş sazişi” partiyası isə 69 mandatla parlamentə nəzarət edir. 4 deputat müstəqil statusa malikdir.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ