Onlayn ictimai-siyasi qəzet
"Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı ölkəsinə növbəti dəfə səfərə dəvət edib. “Financial Times” dərgisində yayımlanan məqalədə Ağ Evin bu dəvətə hələ cavab vermədiyi yazılıb".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq xatırladıb ki, bundan əvvəl Si Cinpin Donald Trampı sentyabrın əvvəlində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi tədbirinə dəvət etmişdi. Tramp tədbirə qatılmaq əvəzinə Si Cinpini və tədbirdə iştirak edən Rusiya və Şimali Koreya liderlərini sərt tənqid edən paylaşım yaymışdı. Tramp paylaşımında “Si və əzəmətli Çin xalqının bayram günü mənim ən səmimi salamlarımı Vladimir Putinə və Kim Çen In’a çatdırın, ABŞ-a qarşı sövdələşmələriniz zamanı bunu unutmayın” kimi kinayəli cümlə işlətmişdi.
Bəs Trampın Çinə səfər niyə reallaşmır?
Trampa Pekindəki tədbirlə bağlı təsir edən amillərdən biri də Çinin İkinci Dünya müharibəsində qələbəsi üçün ABŞ-ın dəstəyinin qeyd edilməməsi və ölən amerikalı hərbçilərin xatirələrinin yad edilməməsiydi.
Buna baxmayaraq, Si Cinpin Donald Trampı Çinə dəvətlərini təkrarlamaqda davam edir. Donald Tramp hər dəfəsində Si Cinpindən dəvət aldığını təsdiqləsə də, Çinə nə zaman səfər edəcəyinə qərar verməyə tələsmir. İki ölkə arasında müxtəlif məsələlərə dərin fikir ayrılıqları ortadan qaldırılmayıb. Donald Trampın müşavirləri bu vəziyyətdə Si Cinpinlə görüşün nəticə verməyəcəyi qənaətindədirlər. Nəticəsiz qalan görüş Donald Trampın reytinqinə mənfi təsir edəcək. Məsələn, Donald Tramp avqust ayında Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdü. Ağ Ev sahibi hesab edirdi ki, bu görüşdən sonra Rusiya ilə Ukrayna arasında danışıqlar başlanacaq, atəşkəs elan olunacaq. Ancaq bunların heç biri baş vermədi, əksinə Rusiya Ukraynaya qarşı işğalçı müharibəni genişləndirdi".
Elxan Şahinoğlu qeyd edir ki, Trampın müşavirləri hesab edirlər ki, Si Cinpinlə görüş də nəticə verməyəcək:
"Tramp əvvəlkitək Çin-ABŞ ticarətinin mövcud vəziyyətindən narazıdır. Çin ABŞ-dan aldığından çox ABŞ-a məhsul satır. Tramp Çinin fentanil kimyəvi maddəsinin istehsalını və yayılmasını dayandırmamasından da narazılığını gizlətmir. ABŞ-ın Çin mallarına qarşı tətbiq etdiyi tariflər həm də iki ölkə arasında fentanil böhranı ilə əlaqədardır. Tramp bir neçə ay əvvəlki çıxışında fentanil maddələrini ABŞ-a gizli şəkildə keçirənlərə qarşı ölüm hökmünün tətbiqini tələb etmişdi.
Trampın Pekinin ünvanına səsləndirdiyi digər tələb Çinin Rusiyadann neft və qaz alışını dayandırması və Rusiyanın hərbi texnika istehsalı üçün bu ölkəyə texnologiyaların satışını dayandırmasıdır. Pekin Trampın bu tələbini də yerinə yetirməyəcək. Ona görə də iki liderin görüşü hər dəfə təxirə salınır".
Xalidə Gəray
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ