Onlayn ictimai-siyasi qəzet
Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsi beynəlxalq müstəvidə geniş müzakirə olunur. Bu təşəbbüsün müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyi, lakin eyni zamanda ciddi siyasi və hərbi mülahizələrə səbəb olduğu görünür.
Xatrıladaq ki, Ukrayna hökuməti, xüsusilə 2023-cü ilin sentyabrından etibarən, BMT-dən Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyini təmin etmək məqsədilə sülhməramlı qüvvələrin göndərilməsini tələb edib. Bu təşəbbüs, ölkənin müharibə şəraitində olan ərazilərində beynəlxalq nəzarətin təmin edilməsi məqsədini güdür.
Bir sıra ölkələr Ukraynaya sülhməramlı qüvvələr göndərməyi müzakirə edir. Məsələn, Böyük Britaniya, Fransa, Almaniya və Polşa ABŞ-nin maddi-texniki dəstəyi ilə öz sülhməramlılarını Ukraynaya göndərə biləcək ölkələr arasında göstərilir . Bundan əlavə, Asiya və Cənubi Amerika ölkələrindən də (məsələn, Hindistan, Braziliya, İndoneziya və Səudiyyə Ərəbistanı) sülhməramlı qüvvələrin göndərilməsi müzakirə olunur.
Qeyd edək ki, Rusiya, Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsini qəti şəkildə rədd edir. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna ərazisindəki sülhməramlılar mahiyyət etibarilə "işğal qoşunları"dır və Rusiya hərbçiləri üçün qanuni hədəf olacaqlar.
Bəs sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsi, münaqişənin həlli istiqamətində mühüm addım, yoxsa, ciddi siyasi və hərbi gərginliklərə səbəb ola bilər?
Onu da qeyd edək ki, BMT-nin sülhməramlı qüvvələrinin əsas prinsipləri arasında qərəzsizlik, müharibə edən tərəflərin razılığı və özünümüdafiə istisna olmaqla gücdən istifadə etməmək yer alır. Bu prinsiplərə əməl olunması, sülhməramlıların effektivliyini təmin etmək üçün vacibdir.
Politoloq Məhəmməd Əsədullazadə mövzu ilə bağlı Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, hazırda Rusiya və Ukrayna müharibəsində yeni mərhələ başlayır:
"Xüsusilə ABŞ Prezidenti Donald Tramp Avropa maliyyə dəstəyi ilə Ukraynaya silah yardımı paketini təsdiqlədi. Təxminən 1 milyard dollara yaxın silah var. Yəni müharibənin artıq sülhməramlıların müstəvisində deyil, daha dağıdıcı mərhələyə keçdiyini görürük. Çünki sülhməramlılar onda ola bilərdi ki, konkret olaraq müəyyən atəşkəs əldə olunsun və əgər danışıqlar baş tutardısa. Amma artıq ABŞ-la Rusiya arasında bütün danışıqlar Ukrayna mövzusunda dayanıb. Tramp Putini təcavüzkar adlandırdı. Təbii ki, sülhməramlıların göndərilməsi Böyük Britaniya, Almaniya və Fransanın gündəmindədir, amma bu, atəşkəs və sülh müqaviləsindən sonra mümkündür. İndiki mərhələdə sülhməramlı gələrsə, onlar bir yerdə yerləşəcəklər və əgər Rusiya hücum edərsə, təbii ki, bunlar onun qarşısını ala bilər. Əlbəttə, hazırda da yerləşdirilə bilərlər. Onlar daha çox Xersonun işğal olunmamış ərazilərində və Ukraynanın şərq hissəsində yerləşdirilə bilərlər və Rusiyanın genişmiqyaslı hücumuna qarşı dayanmağa yönəlmiş olarlar".
Politoloqun fikrincə, əgər belə yerləşdirilmə baş versə, Rusiya buna qarşı çıxacaq, onları sülhməramlı kimi yox, NATO qüvvələri kimi qəbul edəcək və onlara silah tətbiq edə bilər:
"Bu isə yeni bir müharibənin başlaması demək olar. Artıq burada Qərb ilə Rusiya üz-üzə qalacaq; yəni proses bundan ibarətdir.
Düşünürəm ki, Qərb ölkələri hələ buna getməyəcək. Hazırda yalnız silah partiyaları göndərilir və Ukraynanın qüvvələrinin öldürücü silahlarla gücləndirilməsi istiqamətində addımlar artırılır. Təbii ki, sülhməramlı məsələsində müəyyən ssenarilər hazırlanır, amma indiki mərhələdə bu mümkün görünmür. Əgər sülhməramlılar göndərilsə, dediyimiz kimi, bu, Rusiya ilə Qərb arasında yeni siyasi və hərbi böhrana gətirib çıxara bilər".
Xalidə Gəray
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ