İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və BƏƏ arasında tarixi razılaşma: Təhdid yaradan vəziyyət olacağı təqdirdə…

 
16 sentyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə ciddi təkan verdi. Musavat.com bildirir ki, xüsusilə, səfərin işğaldan azad olunmuş ərazilərimizə həyata keçirilməsi böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir.

Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq münasibətləri, ilk növbədə, dövlət başçılarının yaxın təmaslarına və qarşılıqlı etimada əsaslanır. Məhz bu möhkəm təməl üzərində qurulmuş əməkdaşlıq bu gün çoxşaxəli, dinamik və məhsuldar şəkildə inkişaf edir.

BƏƏ Prezidentinin səfəri zamanı imzalanmış 14 sənəd bu strateji tərəfdaşlığın əyani sübutudur. Bu sənədlər içərisində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” xüsusi əhəmiyyətə malikdir.

Ötən ilin yanvar ayında BƏƏ Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun” imzalanmasından bir il sonra bu birgə bəyannamə ilə iki ölkə arasında əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əməkdaşlığın yüksək inkişaf tempinin göstəricisidir.

BƏƏ ilə Birgə Bəyannamədə digər vacib istiqamətlər ilə yanaşı milli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyət olacağı təqdirdə məsləhətləşmələrin aparılması barədə maddə ikitərəfli siyasi münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Təhdid şəraitində qarşılıqlı hərbi yardım barədə müddəanın əks olunduğu Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında 2021-ci il Şuşa Bəyannaməsindən sonra, Azərbaycan ilə Özbəkistan arasında Müttəfiqlik Müqaviləsində olduğu kimi, BƏƏ ilə Birgə Bəyannamədə hərbi təhdid zamanı məsləhətləşmə mexanizminin müəyyən edilməsi vacib əhəmiyyət kəsb edir.

Son dövrlərdə qarşılıqlı sərmayələrin artması, enerji və nəqliyyat sahələrindəki əməkdaşlığın dərinləşməsi xüsusilə diqqətəlayiqdir. Cari ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin BƏƏ-yə işgüzar səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər açır.

BƏƏ şirkətləri Azərbaycanda, xüsusilə bərpa olunan enerji sahəsində əsas tərəfdaşlar sırasındadır. Ölkədə istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyası məhz BƏƏ investisiyaları hesabına reallaşdırılmışdır ki, bu da qarşılıqlı etimad və strateji tərəfdaşlığın nümunəsidir.

Azərbaycan və BƏƏ beynəlxalq platformalarda da daim bir-birinin mövqeyini dəstəkləyir. BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində tərəflər arasında səmərəli əməkdaşlıq mövcuddur. Eyni zamanda, COP (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı) çərçivəsindəki sıx koordinasiya təqdirəlayiqdir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR