Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar Bakı küçələrində gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş elektrikli skuterlər getdikcə daha çox narahatlığa səbəb olub. Xüsusilə də uşaqlar və yeniyetmələr arasında populyarlaşan bu nəqliyyat vasitəsi bir çox hallarda təhlükəli hadisələrlə nəticələnir. İlk baxışdan əyləncəli və rahat görünsə də, skuterlərin düzgün istifadə olunmaması ağır travmalara, hətta həyat üçün riskli vəziyyətlərə səbəb ola bilir.
Sürücülərin skuterlə şəhərin küçə və prospektlərində yüksək sürətlə hərəkət etməsi, xüsusən piyadalar üçün ciddi təhlükə yaradır. Bakı Bulvarında şahidi olduğum son hadisə buna bir misal ola bilər. Belə ki, bir yeniyetmə sürətini saxlaya bilməyərək uşaqla toqquşub və hər ikisi ağır travma alıb. Bu, təəssüf ki, tək hadisə deyil. Son aylar mediada skuterlərlə bağlı bir neçə yol-nəqliyyat hadisəsi barədə məlumat yayılıb.
Məsələn, iyun ayında metronun “İçərişəhər” metrostansiyasının yaxınlığında maşınla skuter toqquşmuşdu. Şahidlərin sözlərinə görə, skuter sürən yeniyetmə hadisə yerində ölüb. Qeyd edilir ki, qəza törədən maşın taksi fəaliyyəti göstərirmiş. İyun ayında baş verən digər hadisə isə Bakının Parlament prospektində baş verib. Qəza zamanı yeniyetmə sürücünün idarə etdiyi skuter ilə minik avtomobili toqquşub.
Hadisə ilə bağlı məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmi “Facebook” səhifəsində yayıb.
Musavat.com-un əməkdaşı olaraq Nizami rayonunda bir neçə skuter icarəyə verilən məkanda müşahidələr apardıq, vəziyyəti yaxından öyrənməyə çalışdıq.
Küçələrdə düzülmüş elektrikli skuterləri hər kəs – yaşından asılı olmayaraq – mobil tətbiq vasitəsilə asanlıqla icarəyə götürə bilir. Əlbəttə, ən pisi odur ki, bu nəqliyyat vasitələrindən istifadə edənlərin böyük bir hissəsi azyaşlılar və yeniyetmələrdir. Onlar nə qoruyucu vasitələrdən istifadə edir, nə də yol hərəkəti qaydalarına riayət edirlər.
Adının çəkilməsini istəməyən skuter şirkətinin əməkdaşı bizimlə söhbətdə bildirdi ki, bu məsələdə tam nəzarət mümkün deyil:
“Mən çalışıram ki, skuteri uşaqlara verməyim. Amma bir də görürsən valideyn özü alır, uşağına verir. Mən buna görə məsuliyyət daşımıram”.
Paytaxt sakini Elmira Əliyeva isə bizimlə söhbətdə təhlükənin miqyasına diqqət çəkdi:
“Bir neçə dəfə şahid olmuşam ki, 10-12 yaşlı uşaqlar skuterlə yüksək sürətlə yola çıxır. Nə dəbilqə var, nə müşayiətçi. Bu, çox təhlükəlidir. Onlar həm özləri üçün, həm də qarşıdan gələn adamlar üçün təhlükəlidirlər”.
Hazırda ölkə qanunvericiliyində elektrikli skuterlərlə bağlı konkret yaş məhdudiyyəti, texniki şərtlər və mütləq qoruyucu vasitələrdən istifadə barədə normativlər mövcud deyil. Bu isə istənilən yaşda şəxsin skuterlərdən sərbəst şəkildə istifadə etməsinə şərait yaradır.
Müqayisə üçün, bir sıra Avropa ölkələrində elektrikli skuterlər üçün minimum yaş həddi (adətən 14 və ya 16 yaş) müəyyən edilib, dəbilqə taxmaq isə məcburidir. Bu qaydalar həm sürücünün, həm də ətrafdakıların təhlükəsizliyini təmin etməyə xidmət edir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycanda elektrikli skuterlər hazırda qanunvericilikdə “kiçik elektrik nəqliyyat vasitəsi” kimi tanınır.
Onlar üçün ayrıca yol zolaqları tələb olunmur və hazırkı şərtlərə görə, velosiped zolaqları bu tip vasitələrin hərəkəti üçün də keçərlidir.
Ekspertin sözlərinə əsasən, bu vasitələr artıq əyləncə obyekti yox, rəsmi nəqliyyat vasitəsi statusu alıb:
“Təəssüf ki, əsas istifadəçi qrupu olan gənclər skuterlərə əyləncə vasitəsi kimi yanaşır. Yol hərəkəti qaydalarını ya bilmirlər, ya da görməməzlikdən gəlirlər. Halbuki, bu vasitələrlə qayda pozulduqda cərimələr tətbiq olunur. Məsələn, skuter sürücüsü qaydanı pozarsa 40 manat, əgər bu pozuntu nəticəsində kiməsə və ya avtomobilə zərər dəyərsə, 150 manat cərimə nəzərdə tutulur. Bu, onu göstərir ki, məsuliyyət təkcə avtomobil sürücülərinin deyil, bütün yol istifadəçilərinin üzərindədir”.
Nəticə etibarilə paytaxtda və yaxın ərazilərdə skuterlərin gündəlik həyatın bir hissəsinə çevrildiyi danılmazdır. Lakin bu inkişaf paralel olaraq təhlükəsizlik və tənzimləmə məsələlərinin də diqqət mərkəzində olmasını zəruri edir. Aidiyyəti qurumların yaş məhdudiyyəti, mütləq qoruyucu vasitələrdən istifadə, istifadə qaydaları və ictimai maarifləndirmə istiqamətində ciddi addımlar atması zərurəti getdikcə daha da aktuallaşır. Əks halda, elektrikli skuterlər şəhər sakinləri üçün rahatlıqdan çox, təhlükə mənbəyinə çevrilməkdə davam edəcək.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ