Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Cavidan Əhmədlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Musavat.com xəbər verir ki, ittihama görə, Cavidan Əhmədli 2024-cü ilin sentyabr ayında qeyri-rəsmi nikahda yaşadığı qadının Balaxanı qəsəbəsində yaşayan qohumunun mənzilinə silahlı basqın edib. O, əvvəl kuryer kimi fəaliyyət göstərib. Hadisə zamanı mənzilə qanunsuz daxil olan Əhmədli xeyli miqdarda əmlak ələ keçirib və bu zaman silah və ya silah qismində istifadə edilən əşyadan istifadə edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (silahlı quldurluq, mənzilə daxil olmaqla və əmlak ələ keçirməklə törədildikdə) ittiham irəli sürülüb.
Zərərçəkmiş şəxs Solmaz Mirzəyeva məhkəməyə vəsatət verərək, cinayətin təkcə Cavidan Əhmədli tərəfindən deyil, qeyri-rəsmi həyat yoldaşı Südabə Vəliyeva ilə birlikdə törədildiyini bildirib və istintaqın həmin şəxslə bağlı da yenidən araşdırılmasını, ibtidai istintaqa qaytarılmasını istəyib. Lakin dövlət ittihamçısı vəsatətə sübutların yetərli olmadığını əsas gətirərək etiraz edib. Məhkəmə müşavirədən sonra qərar qəbul edib və zərərçəkmişin vəsatəti təmin olunmayıb.
Prosesin növbəti mərhələsində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə Cavidan Əhmədliyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi onun hepatit C və digər ağır xəstəliklərindən əziyyət çəkdiyini, himayəsində 2 azyaşlı övladının olduğunu nəzərə alaraq, cəzanın yüngülləşdirilməsini xahiş edib. Son sözlə çıxış edən Cavidan Əhmədli də səhhətindəki problemləri əsas gətirərək, mümkün qədər yüngül hökm çıxarılmasını xahiş edib. O, həmçinin son dəfə anasının məzarını ziyarət etmək istəyini ifadə edib. Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, Cavidan Əhmədli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İnarə Hünbət,
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ