İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyqırımdan dirçəlişə - Xocalıdan Fotolar, Video

İşğaldan azad olunmuş Xocalıda həyat yenidən canlanır. 30 ilə yaxın dağıntılar içində qalmış bu şəhər bu gün dirçəlişin, ədalətin və qayıdışın simvoluna çevrilib.

Musavat.com xəbər verir ki, Azərbaycan hökuməti Xocalının bərpasını Qarabağın ümumi yenidənqurma strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Artıq şəhərin Baş planı hazırlanıb və ilkin infrastruktur layihələrinin icrasına start verilib.

Yeni Xocalı şəhəri “ağıllı şəhər” prinsipləri əsasında formalaşacaq. Şəhərin enerji təminatında “yaşıl texnologiyalar”, ekoloji baxımdan təmiz və müasir həllər tətbiq olunacaq. Su, kanalizasiya və elektrik xətləri çəkilir, yollar salınır, yaşayış və sosial binaların tikintisinə başlanılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən Xocalıda yalnız infrastruktur deyil, həm də şəhid şəhərin simvolik ruhu yenidən qurulur. Xocalı soyqırımının qurbanlarının xatirəsini əbədiləşdirən memorial kompleks layihəsi hazırlanır. Bu kompleks həm xatirə məkanı, həm də gələcək nəsillər üçün tarix dərsi olacaq.

Şəhərdə həmçinin müasir məktəblər, xəstəxana, mədəniyyət mərkəzi, parklar və yaşayış binaları inşa olunur. Qayıdışa hazırlıq məqsədilə ətraf kəndlərdə də tikinti və abadlıq işləri genişlənir.

Xocalı sakinlərinin doğma torpaqlarına qayıdışı təkcə fiziki bir dönüş deyil, həm də mənəvi qələbədir. 1992-ci ilin fevralında baş verən soyqırımın ağrısı hələ də unudulmayıb, lakin bu torpaqlarda yenidən qurulan həyat Azərbaycan xalqının yenilməzliyini, dövlətinin gücünü və ədalətin bərpasını təcəssüm etdirir.

Bu gün Xocalı torpağı yalnız matəmin deyil, həm də dirçəlişin, qürurun və ədalətin simvoludur. İllər öncə qana boyanmış bu şəhər indi nurla, ümidlə dolur.

 

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR