İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya parçalanır, Yaxın Şərq yenidən xəritəyə çəkilir

 

Suriyanın Sveyda vilayətində baş verən qanlı qarşıdurmalar və onun ardınca əldə olunan atəşkəs razılaşması bölgənin siyasi xəritəsində ciddi dəyişikliklərin siqnalı kimi qiymətləndirilir.

 Rəsmi məlumata görə, təxminən bir həftə davam edən döyüşlərdə yüzlərlə insan həyatını itirib, minlərlə insan evlərini tərk etməyə məcbur olub. Druz döyüşçüləri ilə bədəvi qəbilələri arasında baş verən silahlı toqquşmaların ardınca, Suriya Daxili İşlər Nazirliyi atəşkəsin başladığını elan etdi. Bu qərarla eyni vaxtda tibbi, humanitar və ərzaq yardım karvanı Sveyda vilayətinə daxil oldu. Lakin rəsmi hökumət nümayəndələrinin bu karvanla bölgəyə daxil olmasına icazə verilmədi. Yardım yalnız Suriya Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının müşayiəti ilə yerinə yetirildi.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, bu hadisələr lokal qəbilə qarşıdurmasından daha çox, Suriya ərazisində etnik və dini əsaslarla parçalanma planının yeni mərhələsidir. Onun fikrincə, bölgədə baş verənlər, o cümlədən Druz lideri Hikmət Əl-Hicrinin rəsmi nümayəndələrin girişinə icazə verməməsi, Dəməşq hakimiyyətinin real nəzarət imkanlarının zəiflədiyini göstərir:

“İlk baxışdan qəbilələrarası münaqişə təsiri bağışlasa da, bu, əslində regional güclərin maraqlarının toqquşduğu məkandır. Druzlar Suriyada kompakt yaşayan dini-etnik azlıqdır və onların ətrafında formalaşdırılan qarşıdurmalar müxtəlif xarici güclərin, xüsusilə də İsrailin məqsədli planlarını işə salmaq üçündür. İsrailin bu icmaya yönəlik “qardaşlıq” bəyanatları və müdafiə çağırışları heç də humanitar niyyət daşımır. Bu, Suriyanın daxilində tampon zona yaradaraq, öz geosiyasi nəzarət dairəsini genişləndirmək üçün həyata keçirilən sistematik strategiyadır”.

Siyasi şərhçi deyib ki, İsrail baş naziri Benyamin Netanyahunun İsraildəki druzlarla tarixi bağlar haqda bəyanatını da ikiüzlü siyasətin nümunəsi kimi qiymətləndirir. Onun sözlərinə görə, əgər İsrail druzların müdafiəsini məqsəd qoysaydı, işğal altındakı Qolan təpələrində yaşayan druzların İsrail vətəndaşlığını qəbul etməməsinə də hörmətlə yanaşardı. Lakin real mənzərə tam fərqlidir:

“Bu bəyanatlar insan haqları pərdəsi altında Suriya ərazisində nəzarət sahələrinin yaradılmasına yönəlib. İsrailin bu bölgədəki məqsədi tam aydındır. Orada özünə loyal yerli struktur yaratmaq istəyirlər”.

Siyasi şərhçinin sözlərinə görə, atəşkəsin ABŞ, Türkiyə, İordaniya və İsrailin vasitəçiliyi ilə əldə olunması da onu göstərir ki, burada qlobal maraqlar toqquşur və bu, sadə iç savaş deyil. O əlavə edir ki, yardım karvanının hökumət təmsilçiləri olmadan bölgəyə daxil olması, faktiki olaraq, Sveydanın mərkəzi hakimiyyətdən muxtarlaşmağa başladığını göstərir. Və bu proses təkcə Suriya ilə məhdudlaşmır:

“İraqda kürdlərə verilən avtonomiya necə ki, de-fakto dövlətə çevrilmək planına doğru gedirsə, Suriyada da druzlar, kürdlər, ələvilər kimi müxtəlif icmalar üçün belə planlar cızılır. Bu, yalnız Suriyanın deyil, bütövlükdə regionun sabitliyi üçün təhlükədir. Bu fonda Suriyanın keçid prezidenti Əhməd əş-Şaraanın İsraili Suriyanı parçalamaqda ittiham etməsi tamamilə əsaslıdır”.

Siyasi şərhçi deyib ki, druzlarla bədəvi qəbilələri arasında baş verən bu tip qarşıdurmalar gələcəkdə etnik təmizlik və ya zorla köçürmələrə zəmin yarada bilər:

“Sveyda qəbilələrinin “bütün köçkünlərin istisnasız və şərtsiz şəkildə evlərinə qayıtmasına” çağırışı da bölgədə bu təhlükənin hiss olunduğunu göstərir. Beynəlxalq vasitəçilik, humanitar yardım və azlıqların müdafiəsi adı altında aparılan bu cür siyasətlər əslində regionun süni şəkildə etnik, dini və siyasi xətt üzrə parçalanmasına xidmət edir. Bu isə təkcə Suriya üçün yox, bütün Yaxın Şərq üçün yeni xaos mərhələsinin başlanğıcı ola bilər”.

Siyasi şərhçi Yaxın Şərqdə nələrin baş verə biləcəyi haqda da fikirlərini bölüşüb. Deyib ki, hazırda Yaxın Şərqdə baş verən bu proseslər daha böyük transformasiyanın təməlini qoyur. İsrailin Suriyada, Livanda və İraqda etnik və dini xətt üzrə sərhədlər çəkməyə çalışması, ABŞ-ın bölgədəki müttəfiqləri ilə “lokal avtonom subyektlər” üzərində işləməsi, eyni zamanda Türkiyə və İranın nüfuz uğrunda rəqabəti – bütün bunlar yaxın gələcəkdə yeni toqquşmaların və ittifaqların yaranacağını göstərir. Yaxın illərdə Suriyada faktiki federativ model tətbiq oluna bilər. Bu model mərkəzə tabe olmayan, beynəlxalq aktorların qoruyuculuğunda olan yerli hakimiyyətlər vasitəsilə ayaqda saxlanıla bilər. İsrail-Suriya sərhədində tampon zolaqlar və druzlar üçün "qoruma zonası" adı ilə yeni reallıqlar formalaşacaq. İranın dəstəklədiyi şiə silahlı qrupları ilə İsrail arasında qarşıdurmalar artacaq, bu isə Livanı da münaqişəyə cəlb edə bilər. Türkiyə-Suriya sərhədindəki kürd qüvvələri məsələsi Ankaranın daha sərt mövqe tutmasına səbəb olacaq. Ərəb dövlətləri arasında fikir ayrılığı, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər üçbucağında artacaq və bu, regional koordinasiyanın zəifləməsinə yol açacaq.  Bu mənzərə fonunda Yaxın Şərqin 2025–2026-cı illərdə daha da xaotik və idarəolunmaz hala gəlməsi, milli dövlətlərin suverenliyinin zəiflədilməsi və yeni “protektorat” zonalarının yaradılması ehtimalı güclənir. Suriya bu planların test meydanıdır və druz-bədəvi qarşıdurması isə bu prosesin birinci aktı kimi tarixə düşür”.

 

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR