Onlayn ictimai-siyasi qəzet
Dünyanın çox qəribə işləri var, siyasət dünyasının da həmçinin.
Təsəvvür edin, 2024-cü ilin mart ayının 22-də Moskva ətrafında yerləşən və azərbaycanlı sahibkarlar Araz Ağalarova məxsus olan “Krokus siti holl” konsert zalında terror aktı törədən taciklərə görə Rusiyada başladılan ksenofobiya və nasizm dalğasının zərərçəkənləri hazırda əsasən özbəklər, qırğızlar, azərbaycanlılardır.
Moskva isə sentyabrın 9-da Tacikistan Respublikasının dövlət müstəqilliyinin 34-cü ildönümünü qeyd edəcək, bu şərəfə çoxmərtəbəli binaların, Vnukovo və Domodedovo hava limanlarının fasadları Tacikistanın dövlət bayrağının rənglərini ilə (qızıl tac və yeddi ulduz) daşıyan qırmızı-göy-yaşıl pankartlarla bəzədiləcək.
Bu, onu göstərir ki, Kreml “Krokus teraktı”na görə ilk başda “düşmən” elan edilən, kütləvi şəkildə deportasiya olunan, həbs olunan, döyülən, söyülən taciklərin könlünü bu yolla alır. Çünki Tacikistan Moskvaya lazımdır. Tacikistana göstərilən bu hörmət digər Türküstan ölkələrinə - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana mesajdır.
Onlar Tacikistan kimi etmirlər, şərti adı “Turan” olan Türk Dövlətləri Təşkilatına qoşulur, hazırda siyasi-iqtisadi-mədəni ittifaq olan, gələcəkdə hərbi bloka çevrilməsi gözlənilən birliyin sammitlərində və digər tədbirlərində fəal iştirak edirlər.
Bu ölkələrin siyasətində Rusiyanı qəzəbləndirən başqa məqamlar da var: daha əvvəlki kimi rus dilini çox işlətmirlər, dövlət idarələrində öz dillərinin işləkliyini təmin edirlər, uzun illər rus müstəmləkəsi olmalarından açıq danışırlar, dünyanın digər ölkələri ilə geniş istisadi-siyasi əlaqələr yaradırlar, “rus qayğısı” olmadan inkişaf edirlər və s.
Bu, Rusiyaya xoş gəlmir. Onlar bu gedişlə Rusiyanın öz yanından müəyyənləşdirdiyi orbitdən çıxa, gerçək bir müstəqil dövlət ola, Moskvanın direktivlərini tamam saya salmaya bilərlər (indilikdə bu, yarı-yarıyadır).
Yəqin ki, məhz buna görə Kreml avqustun 30-da Azərbaycanın, 31-də isə Özbəkistan və Qırğızıstanın müstəqilliyinin 34-cü ildönümü münasibətilə heç bir hərəkət etmədi. Bu, ondan xəbər verir ki, Moskva Azərbaycanı və Türküstan ölkələrini daha “doğma, əziz qardaş” saymır, onlarla açıq və gizli intriqalar aparır.
Taciklər isə başqadır, postsovet məkanında onların etnik qohumu yoxdur. Taciklərin yalnız İranı idarə edən farslarla qohumluqları var, ancaq ortada din-məzhəb fərqi olduğundan Tacikistanın İranla ittifaqa girməsi çətindir. İran farsları şiədir, taciklərin böyük əksəriyyəti isə İslam dininin hənəfi sünni məzhəbinə etiqad edir.
Bu baxımdan dünyəvi dövlət olan və məzhəb fərqliliyinə rəsmən önəm verməyən Tacikistan bir yanadır, dünyaya şiə məzhəbçiliyi prizmasından yanaşan və Fələstin əhalisindən başqa bütün sünni təriqətlərə etiqad edən müsəlmanları xor görən İran o biri yana. Bu iki dövlətin etnik qohumluğa baxmayaraq, sadiq dost-qardaş və hərtərəfli müttəfiq olmaları mümkün görünmür – xüsusilə də təriqətçiliyin şiddətləndiyi müasir dövrdə.
Ona görə də bölgəsinin “yetim”i olan taciklərin Rusiyadan başqa güvənəsi yerləri yoxdur.
Elə Rusiya da Tacikstanın öz cənub-şərq bastionu olaraq qalmasında maraqlıdır. 38 gündən sonra, oktyabrın 10-da Rusiya lideri Vladimir Putinin Düşənbəyə səfər edəcək və ölkə prezidenti Emoməli Rahmonla görüşəcək. Həmin görüşdə Rahmon Tacikistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasını elan edəcək.
Bu, iki ölkə arasında münasibətlərdə və regional inteqrasiyada yeni mərhələ olacaq. Daha Rusiya ərazisində yaşayan tacikləri incitməyəcək, deportasiya etməyəcək, qandallayıb hərbi komissarlıqlara aparmayacaq, Ukrayna müharibəsinə göndərməyəcəklər.
Belə anlaşılır ki, Moskvanın Azərbaycanla intriqası çoxşaxəli, çoxsəbəblidir. Burada vurulan təyyarəmizə görə təzminat tələbi də var, Ermənistanla sülhə “separat şəkildə” (yəni Kremlin başı üstündən) nail olmağa çalışmaq “günah”ı da, Qarabağ münaqişəsinin həllindən sonra Rusiyaya əbədi minnətdar və “tam sözəbaxan” olmamaq tövrü də, TDT-də fəallıq etmək, Ukraynaya humanitar yardım göstərmək hərəkətləri də.
Hər bür müstəqil dövlətin yeridəcəyi müstəqil xarici və daxili siyasətin tərkib komponentləri olan bu hərəkətlər Kremli hiddətləndirir.
Beləcə, Rusiyada son 20 ildə ən böyük terror aktını törədən tacik terrorçulara görə başlanmış nasizmin zərərçəkənləri durumunda biz qalırıq. Həmvətənimizin milyardlıq obyekti məhv oldu, bərpa etməyə də qoymadılar, özləri isə təzədən Rahmongillə qardaş oldular.
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ