Onlayn ictimai-siyasi qəzet
Kim güman edərdi ki, vaxt gələcək Azərbaycan Prezidenti Ermənistan baş naziri ilə daha tez-tez görüşəcək, nəinki Rusiya prezidenti ilə. Həm də bu görüşlər kifayət qədər məhsuldar olmaqla bölgədə uzunmüddətli sülhə mühüm töhfələr verəcək.
İlham Əliyev və Nikol Paşinyan Ağ Evdəki təmasların və orda imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabu görüşündən isə iki ay keçməmiş bu dəfə Çində bir araya gəldilər. “Saat əqrəbləri” indi də bu dövlətdə tutuşduruldu. Rusiya isə yenə “ofsaytda” saxlanıldı...
Əlbəttə, üçüncü şəxsin qatılmadığı belə te-a-tet söhbətlər zamanı Azərbaycan və Ermənistan liderlərinin konkret nədən danışdığı yalnız özlərinə bəllidir. İstisna deyil ki, bəzi həssas məsələlər üzrə prinsipial razılıqlar, yaxud perspektivlə bağlı “yol xəritəsi”nin konturları məhz bu cür qeyri-formal görüşlərdə müzakirə olunaraq uzlaşdırılır.
Zərrəcə şübhə yox ki, Əliyevlə Paşinyanın, Ərdoğanla Paşinyanın Çin danışıqları ümumi işin xeyrinə olacaq, sülh prosesinə əlavə stimul verəcək. Bu kimi təmaslar, o sırada Azərbaycanın və Ermənistanın 1-ci xanımların ilk dəfə görüşərək birgə şəkil çəkdirməsi iki xalq arasında nə qədər çətin də olsa, etimad mühitinin yaranmasına və düşmənçilik səhifəsinin daha tez qapanmasına, barışığın əldə olunmasına yardımçı ola bilər...
Biz qonşuyuq. Nə onlar, nə də biz yerimizi Marsa dəyişəsi deyilik. Odur ki, qapıbir qonşular nə qədər tez dil tapıb mehribanlıq şəraitində yaşamağı tərcih eləsə, bir o qədər uduşda olar. Xüsusən də indiyədək yarım-təcrid vəziyyətində yaşayan Ermənistan və onun əhalisi. Yəni onların Azərbaycana və Türkiyəyə qat-qat çox ehtiyacı var, nəinki əksinə.
Nə yaxşı ki, böyük sülhə doğru yolda iki ən ciddi əngəldən biri artıq aradan qalxıb. Dünən ATƏT-in Minsk Qrupu nəhayət, “morq”dan çıxarılaraq “torpağa” tapşırılıb – separatçı-revanşistlərin sonuncu ümidi ilə birgə. Qalır Ermənistan Konstitusiyasına müvafiq düzəlişi edib paraflanmış sülh müqaviləsini imzalamaq, tərəflər arasında, o cümlədən Ankara və İrəvan arasında diplomatik münasibətlər qurmaq...
Sözsüz ki, anti-Türk çevrələrin və müharibə tərəfdarlarının, özəlliklə erməni lobbisinin və erməni kilsəsinin, həmçinin Ermənistanda Rusiyaya bağlı qüvvələrin və Kremlin özünün ən böyük müqaviməti məhz konstitusiya dəyişikliyinə qarşı olacaq. Ona görə ki, gündəmdə qalmaq, xalqların bədbəxtliyi üzərində varlanmaq və öz iyrənc maraqlarını təmin etmək üçün bu, onların axırıncı şansıdır.
Bunu “real Ermənistan” gündəmini irəli aparmağa çalışan Paşinyan və komandası da anlamamış deyil. Hər halda ən böyük təzyiq ona olacaq. “Yük” onun çiynində. Bu yükdən qurtulmaq üçün yəqin ki, həm Tramp hökuməti, həm də Bakı və Ankara mümkün dəstəyi verəcək ki, revanşistlərin hakimiyyətə qayıdış ehtimalı minimuma və ya sıfra ensin. Əldə olunmuş yazılı razılaşmalar risk altına düşməsin...
Bu arada Nikol Paşinyan Feysbuk hesabında maraqlı paylaşım edib. Bildirib ki, Ermənistan əvvəlki dövrlərdə digər dövlətlərin hesabına fəaliyyət göstərib. Sitat: “Keçmişdə Ermənistan Respublikası başqa dövlətlərin hesabına və onlar üçün mövcud olub. Bu gün isə Ermənistan öz hesabına, öz vətəndaşlarının hesabına və onlar üçün mövcuddur”.
Yəni digərlərinin əlində maşa olmaq məsələsi. Sirr deyil ki, erməni xalqının başına nə bəla gəlibsə, alət rolunda olmaqdan gəlib. Qonşulara yaşadılan iztirabların səbəbi də eyni. Dərs götürmək zamanı gəlmədimi?..
Z.SƏFƏROĞLU
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ