İnsanlara hürriyət, millətlərə istiqlal!

Tamahkarlığa qarşı əlacsızlıq – çölün quldurunun daha insaflı olduğu yer

Dünən saytların birində həmkarımız Aytən Səfərovanın özəl klinikalardakı soyğunla bağlı bir açıqlamasını gördüm. Açıqlamada bir cümlə daha çox xoşuma gəldi. Aytən deyir ki, həkimə “dişim ağrıyır” deyirsən, qan analizinə göndərir.

Aytəni 75 ildir tanıyıram. Zarafat eləmirəm, 1 günümüzün 3 günə bərabər olduğu illərin həmkarlarıyıq, “dişi ağrıyanın qan analizinə göndərilməsi” məsələsini məcazi mənada desə də, dedikləri yüzdəyüz həqiqətdir.

Bu həqiqəti ölkədə yaşı 7-dən 77-yə qədər olan hər kəs bilir. İmtahan üçün, çıxaq küçəyə, parka, gəliş-gedişli bir yerə və yol keçən ciddi adamlardan klinikalardakı soyğun mövzusunda sorğu keçirək, 100 adamın 95-i elə şeylər danışacaq ki, xanım həmkarımın dediyi sözlər kompliment kimi görünəcək.
Bəs yerdə qalan 5 adam nə deyəcək? Onlar demaqoqluq edəcək, pafosa basaraq, “ölkəmizdə səhiyyənin durumu bir sıra Avropa ölkələrində olduğundan daha yaxşıdır”, “çox razıyıq, sağlamlığımızın keşiyində duran təbiblərin şəfalı əlləri var olsun” deyəcəklər.

Var belə adamlar, ağızlarına tuşlanmış mikrofondan növbəti və nöqtə atışlı yaltaqlıq fürsəti kimi istifadə edirlər. Araşdırsaq, məlum olar ki, ya ailələrində soyğunçu klinikada yaxşı pul qazanan biri var, ya da dövlət işində işləyir, qorxur ki, həqiqəti desə, üzünə söz gələr.

Soyğun isə davam edir - ən acımasız şəkildə, ifrata varmış acgözlüklə.

Konkretləşdirək. Ötən ayın 27-də bir əzizimizi Nərimanov tərəflərdəki “Funda” hospitalına aparıblar. Həkim internet resurslarından tapılıbmış. Xəstə yaşı 90-ı haqlamış, qaraciyərində problem olan kişi olub.

Xəstənin övladlarından biri danışır: “Saat 9 idi, artıq qəbulda 10 nəfər vardı, həkim xəstələri qəbul etməyə başlayana qədər daha 10 xəstə gəldi. Hamısından 50 manat aldılar. Sonra Fərrux adlı həkim xəstələri qəbul etməyə başladı. Hərəsinə 2-3 dəqiqə vaxt sərf edirdi, 3-4 sual verir, analizə və “uzi”yə göndərirdi. Konveyer kimi. Mən xəzinədarlıq-qeydiyyat piştaxtasının yanında oturmuşdum, kassir qızla xəstə yiyələrinin söhbətini eşidirdim. Analiz və “uzi” müayinəsinə görə hamıdan ən azı 530 manat alırdılar. 580 ödəyənlər də olurdu. Mənim atam rayonda analiz verib gəlmişdi, “uzi”dən də keçmişdi, amma yenə də analizə və “uzi”yə göndərdilər, 50+530 manatımızı aldılar. Daha sonra dedilər ki, qan nümunəsini Türkiyəyə göndərəcəyik, 200 manat da ona verdik. Mən dedim ki, 90 yaşlı kişinin qan analizinin cavabı Türkiyədən fərqli gəlməyəcək, amma xəsislik etmək istəmədik. Bir müayinə bizə 780 manata başa gəldi”.

Hiss olunur ki, hələ yaxşı qurtarıblar. Əgər qardaşlardan biri təşəbbüs qaldırsa ki, başqa klinikaya, tanış həkimin yanına gedək, o zaman həmin klinikada yenə analizə və “uzi” müayinəsinə göndərəcəkdilər. Ertəsi gün başqa klinika və həkim yeni analiz və “uzi” müayinəsi tələb edəcəkdi. Beləcə, hər dəfə yeni analizlər və bir ətək pul vermək lazım gələcəkdi.

İndi bu soyğun deyil, bəs nədir? Parkın qaranlıq yerində adamın boğazına bıçaq dirəyib “cibində nəyin var, ver” deyən quldur daha insaflıdır. O, heç olmasa cibdən çıxanlarla qane olur, qaçıb gedir. Özəl klinikanın həkimləri isə qiymətlərini deyir, dururlar qıraqda, gərək qardaş-bacılar səfərbər olsun, atışsın ki, onların tələb etdiyi məbləği düzəldib versinlər.

Ona görə də bu saat ölkədə açılan özəl klinikaların sayı dönərxanaları ötüb keçib. Heç şadlıq sarayı tikmək də artıq bu qədər dəb deyil. Əsas klinikalardır. Can şirin şeydir və xəstəsi olmayan ev yoxdur, deməli, gətirəcək, ödəyəcəklər – düşüncə budur.

İranın yolu açıq olanda camaat ora qaçırdı, çünki ordakı tiryəklə müalicə daha ucuz idi. İndi Allahdan, quru yol bağlıdır, əlac kəsilib. Hamı da Almaniyaya, İsrailə, Türkiyəyə xəstə apara bilmir. Aviabiletlərin qiymətini də bilirsiniz. Bu üzdən soyğunçu klinikalar kef edir.

Yuxarıda sözünü sitat gətirdiyim qardaş qeyd edir ki, onun klinikada olduğu 2 saat ərzində bu “şəfa ocağı” azı 10 min, həkim isə 1000 manat pul qazanıb. Nələrinə bəs deyil?

Bir klinikalar olsa, nə vardı ki? Kimin əlində xalqı soymaq üçün imkan var, soyur. Məsələn, bu saat Bakı bazarlarında alça boldur, hətta Hindistanda və Çində ürəyi üzrlü səbəbdən alça istəyən qadınların hamısına yetəcək qədər alça var, amma siz alçanın qiymətinə baxın. Təzə çıxan vaxtı necəydisə, elədir. Alçalar isə saralmaqdadır. Bu gün-sabah zibil qablarına ton-ton atacaqlar. Yəni xarab edəcəklər, amma ucuz satmayacaqlar. Şərqsayağı marketinq üsuludur bu.

Hər işimiz Şərqsayağı olduğundan əlibabaları və onların mütəşəkkil dəstəsindəki qırx qulduru qınayan yoxdur. Burada “tamahkarlığa qarşı hiyləgərlik” söhbəti keçmir, burada tamahkarlığa qarşı əlacsızlıq hökm sürür.

P.S. Bilirəm ki, bəzi orqanların bəzi təmsilçiləri bu yazıya istinad edərək “sizdən şikayət var” deyə, yeni soyğunçuluq aktı həyata keçirməyə çalışa bilərlər, eybi yoxdur. Quldurdan quldura halaldır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR