Onlayn ictimai-siyasi qəzet
İsrailin İranda həyata keçirdiyi bombardımanlar zamanı Təbriz şəhərindən çəkilmiş maraqlı bir video sosial şəbəkələrdə yayılıb və böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, həmin videoda şəhər səmasında yüksələn tüstü və uzaqdan eşidilən partlayış səslərinə baxmayaraq, Təbriz sakinləri gündəlik həyatlarını davam etdirirlər.
Video yerli sakinlərdən biri tərəfindən lentə alınıb. Həmin şəxs görüntüləri çəkdikcə zarafat da edir və deyir:
“Xalq qorxmur, hər kəs öz işinin başındadır”.
Görüntülərdə açıq şəkildə görünür ki, ətrafda insanlar avtomobilləri ilə hərəkət edir, motosiklet sürənlər və səyyar satıcılar öz fəaliyyətlərini davam etdirirlər, kadrlar sola çevrilincə isə yol inşaatı öz axarınca gedir, insanlar küçələrdədir.
“Belə şeylər bizi qorxutmaz”, - deyir soydaşımız kadr arxasından.
Yəni görünən budur ki, Təbriz cəbhə xəttinə çevrilsə də, insanlar öz sakitliyini və iradəsini qorumaqdadır.
Hazırda İsrail İranın müxtəlif bölgələrində, o cümlədən Təbriz və ətrafındakı strateji obyektlərə, “Sepah” qərargahlarına və hərbi infrastruktur nöqtələrinə raket zərbələri endirir. İsrail rəsmiləri bildirirlər ki, hücumlar mülki əhaliyə qarşı yönəlməyib. Lakin buna baxmayaraq, bəzi şəhərlərdə mülki itkilərin olduğu barədə də xəbərlər yayılıb.
Musavat.com bu videonu təqdim etməklə Təbrizdə və digər Güney Azərbaycan şəhərlərində yaşayan soydaşlarımıza can sağlığı arzulayır, onların qətiyyətini və ruh yüksəkliyini alqışlayır, sağ qalmaları üçün dua edir.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ