Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Çin, İran və digər ölkələrdə “patogenlər üzərində təhlükəli, tənzimlənməmiş funksiya qazanması” tədqiqatı üçün federal maliyyələşdirməni qadağan edən sərəncam imzalayıb.
Musavat.com-un xəbərinə görə, Ağ Evin saytında dərc edilən press-relizdə deyilir ki, bu addım Amerika vətəndaşlarını “bioloji təhlükəsizlik insidentlərindən” qoruyacaq.
Sənəd Amerika tədqiqat agentliklərinə “ictimai sağlamlığı, ictimai təhlükəsizliyi və ya Birləşmiş Ştatların milli təhlükəsizliyini” təhdid edə biləcək bioloji tədqiqatların maliyyələşdirilməsini müəyyən etmək və dayandırmaq səlahiyyəti verir.
Sərəncam həmçinin yeni pandemiyaya səbəb ola biləcəyi deyilən xarici tədqiqatların maliyyələşdirilməsini də qadağan edir.
“Sərəncam amerikalıları laboratoriya qəzalarından və digər biotəhlükəsizlik insidentlərindən qoruyacaq. Məsələn, COVID-19 və 1977-ci il rus qripinə səbəb olanlar”, - Ağ Evin mətbuat şərhində deyilir.
2020-ci ilin may ayında prezident kimi ilk müddətində Tramp COVID-19-un Çinin Uhan şəhərindəki laboratoriyada sızma nəticəsində yarandığına dair sübutların olduğunu iddia etmişdi. O, Çinin koronavirusun ortaya çıxmasından sonra “dəhşətli səhvə yol verdiyini” və onu ört-basdır etməyə çalışdığını söyləmişdi. Lakin Çin hökuməti ittihamları rədd edir və koronavirusun mənşəyini öyrənməyə davam etdiyini bildirir.
Bu il aprelin ortalarında Ağ Ev COVID-19-un Çin laboratoriyasındakı sızma nəticəsində yarandığına dair sübut təqdim etdiyini iddia edən bir məlumat vərəqini yayımladı. Xüsusilə, Ağ Ev koronavirusun təbii mənşəyinə dair hələ də heç bir sübut olmadığını vurğuladı. Bundan əlavə, yoluxmuşların hamısı bir təmas vasitəsilə yoluxub ki, bu da COVID-19-u digər pandemiyalardan fərqləndirir.
“The Wall Street Journal” yanvar ayında yazmışdı ki, Donald Tramp patogenləri daha təhlükəli və ya yoluxucu edən virusların araşdırılması üçün federal maliyyəni kəsməyi planlaşdırır. Qəzetə müsahibə verən virusoloqlar qeyd ediblər ki, bu cür tədqiqatlar bəşəriyyəti gələcək pandemiyalara hazırlamaq üçün zəruridir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, Tramp bu sərəncamı imzalasa, ABŞ elmi araşdırmaları dayandırmayan digər ölkələrdən xeyli geri qala bilər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ