İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ərdoğanla gizli anlaşmanı icra edir: Bu iki dünya liderinin ortaq Yaxın Şərq planı reallaşır

Tramp-Ərdoğan tandemi Suriyanın gələcək taleyi və Yaxın Şərqin yenidən geopolitik dizaynı baxımından, ümidverici perspektivlər aça biləcək önəmli faktordur... Belə ki, Yaxın Şərq, eləcə də, Suriya üçün ilk dəfə olaraq, yeni şərtlər çərçivəsində indiki xaos durumundan fərqli inkişaf modeli qazanmaq imkanları açılmağa başlayıb...

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turnesinə çıxıb. Ağ Ev sahibinin Səudiyyə Ərəbistanına səfəri ilə başlayan bu turnedə regionun gələcək taleyinə yönəlik bəzi mesajlar da verilib. Xüsusilə də, prezident Donald Trampın Suriyanın müvəqqəti hökumətinin lideri Əhməd əs-Şaraa ilə görüşməsi olduqca maraqlı qənaətlərə yol açıb. Belə ki, bu görüş ilk növbədə ABŞ-ın Suriyanın yeni hökumətinin legitimliyini tanıyaraq, rəsmi Dəməşqlə əməkdaşlığa başladığını təsdiqləyir. Və bu, Suriyanın gələcək taleyi üçün yeni imkanların açılması anlamına da gəlir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi ABŞ-ın Suriyaya qarşı tətbiq eydiyi bütün iqtisadi sanksiyaların ləğv olunduğunu da bəyanlayıb. Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın bərpa olunması prosesinin uğur qazanmasında ABŞ-ın sanksiyaları ləğv etməsinin böyük önəmi olduğunu vurğulamışdı. Prezident Donald Tramp Suriya məsələsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla intensiv əməkdaşlıq etdiyini bildirib. Və bununla da, Türkiyə prezidentinin israrlı çağırışlarının ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsində həlledici rol oynadığına eyham vurub.

7a4c8994c9ac0bc1ea6c5f41d1d10c2d.jpg (44 KB)

Ona görə də, ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etməsi və Ağ Ev sahibinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla əməkdaşlığı fonunda Yaxın Şərqdə mümkün geosiyasi dəyişikliklər böyük maraq doğurur. Çünki ABŞ-Türkiyə münasibətlərinin pozitiv mərhələyə keçirilməsi Suriyanın bərpa prosesinə, Yaxın Şərqdə sabitliyə və yeni regional geopolitik arxitekturanın formalaşmasına birbaşa təsir göstərə biləcək önəmli faktordur. Tramp-Ərdoğan tandemi çərçivəsində ortaya çıxan ortaq hədəflər, həm də bu əməkdaşlığın risk və məhdudiyyətləri baxımından da maraq doğurur.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri Yaxın Şərqdə yeni geopolitik düzənin təməlində dayanan ortaq maraqlardan da qaynaqlanır. Belə ki, Suriyaya qarşı sanksiyaların ləğvi bir sıra geostrateji, geoiqtisadi və geopolitik imkanları gücləndirə bilər. Bu, ilk növbədə Suriyaya xarici sərmayənin təşviqi, ticarət əlaqələrinin bərpası və beynəlxalq maliyyə institutlarının dəstəyi ilə ölkə iqtisadiyyatının canlanması ilə bağlı şans yaradır.

Digər tərəfdən, iqtisadi sanksiyaların ləğvi Suriyanın beynəlxalq məkanda qismən də olsa, reinteqrasiya ümidlərini artırır. Bu ümidlərin doğrulması isə yalnız iqtisadi faktorlarla deyil, həm də daxili sabitlik və regional razılaşmalarla sıx bağlıdır. Bu baxımdan, Tramp-Ərdoğan əməkdaşlığı Suriya üçün bir neçə mühüm strateji istiqamətdə təsir gücünə malikdir. Belə ki, hər iki lider Suriyada siyasi keçid prosesinə dair müxtəlif tərəflərlə təmaslarda iştirak edərək, danışıqlara birbaşa yön vermək imkanlarına malikdirlər.

erdo-sur-tur-Снимок.JPG (51 KB)

Eyni zamanda, yalnız Türkiyənin təhlükəsizliyi deyil, Suriyanın unitar dövlət sisteminin bərpası üçün də böyük önəm daşıyan PYD/YPG terror təşkilatının ləğvi ilə bağlı müəyyən fikir ayrılığı mövcud olsa da, rəsmi Ankara və Ağ Ev qarşılıqlı güzəştlər yolu ilə regional təhlükəsizlik balansını təmin edə bilərlər. Üstəlik, ABŞ və Türkiyənin Suriyanın şimalında ortaq layihələr həyata keçirməsi ilə bağlı da ehtimallar mövcuddur.

Maraqlıdır ki, Tramp-Ərdoğan tandemi Rusiya və İranın həm Suriyada və həm də ümumiyyətlə, Yaxın Şərqdə təsir mexanizmlərini bloklamaq imkanlarına da malikdir. Yəni, bu əməkdaşlıq Yaxın Şərqin yenidən geopolitik dizaynı üçün olduqca ciddi potensila sahibdir. Bu isə ABŞ və Türkiyə üçün Yaxın Şərqdə ortaq hədəflərin müəyyən olunmasına da münbit şərait yarada bilər. Xüsusilə də, bu sıraya yeni regional təhlükəsizlik mexanizmlərinin qurulması və beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsini aid etmək mümkündür.

87d8a603609c3a0eb8baeac0fde44fa3.jpg (26 KB)

Bütün bunları nəzərə aldıqda, Tramp-Ərdoğan tandemi Suriyanın gələcəyi və Yaxın Şərqin yenidən geopolitik dizaynı baxımından, yeni perspektivlər aça biləcək önəmli faktordur. Ancaq bu tandemin gələcək fəaliyyətinin uğur qazanması üçün hazırda bəzi şərtlərin təmin olunması da vacibdir. Xüsusilə də, hazırda Yaxın Şərqdə müəyyən təsir mexanizmlərinə malik regional güclərin - Rusiya, İran, İsrail, Səudiyyə Ərəbistanı və s. - manevr imkanlarının balanslaşdırılması vacibdir. Və əgər, ABŞ-Türkiyə münasibətləri yaxın gələcəkdə inkişaf edərək, strateji məzmun alarsa, Tramp-Ərdoğan tandemi Yaxın Şərqin yenidən dizayn olunması üzrə ssenarinin ortaq müəllifinə çevrilmək şansına da malik ola bilər.

Belə anlaşılır ki, Yaxın Şərq, eləcə də, Suriya üçün ilk dəfə yeni şərtlər çərçivəsində indiki xaos durumundan fərqli inkişaf modeli qazanmaq imkanları açılmaq üzrədir. Bu imkanların əsas təməli Türkiyənin yürütdüyü regional siyasətin mötədil və müasir məzmunundan qaynaqlanır. Xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin regional siyasətinin ABŞ başda olmaqla, heç bir dövlətin maraqlarına zidd olmadığına Ağ Ev sahibi Donald Trampı da inandırmağı bacarması həlledici məqamdır. Və indi Tramp-Ərdoğan tandemi həm Suriya, həm də bütövlükdə Yaxın Şərq üçün böyük geopolitik şansa çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR