İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kremlə "dağıdıcı zərbə" vəd edir: Qərb Rusiyaya qarşı "tam blokada" ssenarisi hazırlayır

Kremlin Ukraynaya qarşı təhdidkar ultimatumla Rusiyanın işğalçı hədəflərini legitimləşdirməyə çalışması qlobal situasiyanı ciddi şəkildə dəyişməyə başlayıb... ABŞ və Qərb dağılmaqda olan qlobal düzənin ən azından, Kremlin təsiri altına düşməsinə qarşı prinsipial mövqe tutarsa, Rusiya daha sarsıdıcı zərbələrə məruz qalacaq...

Ukrayna savaşı artıq 2022-ci ildən bu yana davam edir və İstanbul görüşünün mövcud nəticələri Rusiyanın başlatdığı hərbi münaqişənin gələcək inkişaf istiqamətləri baxımından, olduqca taleyüklü dönüş nöqtəsi hesab oluna bilər. Çünki Türkiyənin vasitəçiliyi ilə keçirilən İstanbul görüşündə Kremlin irəli sürdüyü aqressiv tələb-şərtlər Ukrayna savaşının qeyri-müəyyən müddətə uzandığına şübhə yeri buraxmır. Rusiyanın radikal mövqeyinə ABŞ və NATO üzvü olan Avropa Birliyi ölkələrinin verə biləcəyi potensial reaksiya da böyük maraq doğurur. Hər halda, Rusiyanın tələb-şərtlərinin aqressiv, radikal və maksimalist məzmun daşıması uzunmüddətli sülhə bəslənən ümidləri inamı sarsıtdı.

Onu da qeyd etmək lazımdır ki, İstanbul görüşünün məyusedici nəticələri Qərb dövlətlərini yeni hərbi və siyasi-diplomatik səfərbərlik strategiyalarına sövq edə bilər. Çünki Rusiya-Ukrayna müharibəsi artıq sadəcə, iki dövlət arasındakı ərazi mübahisəsi deyil, qlobal geopolitik nizamın yenidən formalaşması baxımından, strateji əhəmiyyətə malikdir. Və Kremlin İstanbul görüşündə Ukraynaya qarşı təhdidkar ritorikası ilk növbədə bu savaşda Rusiyanın işğalçılıq hədəflərinin məhz hərbi-siyasi təzyiq metodları ilə legitimləşdirilmə cəhdləri də sayıla bilər.

0074fab1be46f43277c079f9cfd6d1f1.jpg (84 KB)

Məsələ ondadır ki, İstanbul görüşündə Rusiya nümayəndə heyəti Ukraynaya qarşı qəbul edilməsi mümkün olmayan bir neçə şərt irəli sürüb. Həmin şərtlərə görə, Ukrayna NATO-ya üzvlükdən və ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilmə perspektivindən birmənalı şəkildə imtina etməlidir. Ukraynada kütləvi qırğın silahlarının yerləşdirilməsi qadağan olunmalıdır. Rusiyaya qarşı heç vaxt hərbi təzminat tələbləri irəli sürməməlidir. Krım və Rusiyanın işğal etdiyi digər dörd regionun itirilməsi ilə barışmalıdlr. İşğal edilmiş bu regionlar beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınmalıdır.

Təbii ki, Ukrayna nümayəndə heyəti haqlı olaraq, Rusiyanın bu işğalçı məzmun daşıyan absurd tələblərinə birmənalı şəkildə etiraz ediblər. Nəticədə Rusiya təmsilçiləri bildiriblər ki, yalnız bu tələblər yerinə yetirildikdən sonra atəşkəs və sülh razılaşması mümkün ola bilər. Əks halda, onlar Ukraynanı Rusiyanın yeni əraziləri işğalı edəcəyi ilə hədələyiblər. Kreml emissarlarının “növbəti görüşdə Ukrayna indiki kimi beş deyil, altı regionun itirilməsi ilə barışmalı olacaq” təhdidi Rusiyanın daha geniş ərazi ambisiyalarının olduğunu göstərir. Və bu, yalnız Ukraynaya deyil, həm də bütün dünyaya meydan oxumaq anlamı daşıyır.

Ancaq Rusiyanın dünya supergücü olduğuna hələ də şübhə etməyən Kremlin bu aqressiv ritorikası Qərbdə qətiyyətli cavab reaksiyasına da yol aça bilər. Belə ki, Qərbdə İstanbul görüşünə yönəlik bütün pozitiv ümidlərin boşa çıxmasından sonra ABŞ və NATO üzvü olan Avropa Birliyi ölkələrinin Rusiyanın bu təhdidkar maksimalizmini çox təhlükəli presedent kimi qiymətləndirə biləcəyi qətiyyən istisna deyil. Və bu, Qərbin Ukraynaya hərbi dəstəyi artırılmasını da stimullaşdıra bilər.

3310d881-e862-4f04-a353-f6d98db26520.jpg (110 KB)

Bəzi Qərb mənbələri artıq iddia edirlər ki, yaxın aylarda NATO ölkələrinin Ukraynaya uzaqmənzilli raket sistemləri (ATACMS), F-16 qırıcı təyyarələri, "Patriot" və NASAMS tipli hava hücumundan müdafiə sistemləri, müasir tanklar və digər silah-sursatların təchizatında daha həvəsli davranacaqları gözlənilir. Üstəlik, bu, yalnız Ukraynanın özünü müdafiə etməsi üçün deyil, həm də Rusiya təcavüzünün daha da genişlənməsinin qarşısını almaq məqsədi daşıyacaq.

Digər tərəfdən, Qərbin yeni iqtisadi sanksiya dalğası Rusiya iqtisadiyyatını daha da zəiflətməyə yönəldiləcək. Xüsusilə də, neft-qaz ixracına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq olunacaq. Rusiyanın SWIFT sisteminə çıxışı tam bağlanacaq. Müdafiə və yüksək texnologiyalar sektoruna embarqolar qoyulacaq. Rusiya ilə əməkdaşlıq edən üçüncü ölkələrə qarşı da dolayısı sanksiyalar tətbiq olunacaq. Və bu, o deməkdir ki, Kreml İstanbul sammitində, əslində, Rusiyanın ümumiyyətlə, gələcək taleyini böyük risk altına atıb.

Eyni zamanda, Kremlin hərbi-siyasi aqressivliyi gələcək taleyi müəmmalı xarakter almağa başlamış NATO-nun da strateji önəmini artırmış oldu. Qərb mənbələri iddia edirlər ki, tezliklə Rusiya ilə həmsərhəd NATO ölkələrində (Polşa, Baltikyanı ölkələr, Rumıniya) hərbi qüvvələrin artırılacağı, döyüş texnikasının daha ön mövqelərdə yerləşdiriləcəyi və savaşa hazırlıq təlimlərinin intensivləşdiriləcəyi gözlənilir.

374384596.jpg (110 KB)

Bütün bunlara paralel olaraq, Qərb dövlətlərinin BMT, G7 və digər qurumlarda Rusiyaya qarşı qlobal siyasi təcrid strategiyasını gücləndirəcəyi də vurğulanır. Mövcud situasiyada hətta Ukraynanın Avropa Birliyinə tam hüquqlu inteqrasiyası və NATO ilə əməkdaşlığın yeni prioritetləri də əsas müzakirə mövzusuna çevrilə bilər. Yəni, hazırda Ukraynanın müdafiəsi və Rusiyanın sıxışdırılması qlobal güclərin əsas fəaliyyət hədəfləri sırasına daxil olmaq üzrədir. Və bu, Rusiya üçün düşünülə biləcək ən təhlükəli ssenarilərin ön plana keçmə ehtimalı deməkdir.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp da Rusiyaya qarşı "dağıdıcı sanksiyalar" tətbiq olunacağını bildirib. Bəzi ehtimallara görə, Kremldən narazı olan Ağ Ev sahibi Rusiyaya qarşı enerji resursları ixracına və maliyyə-iqtisadi sahəyə yönəlik sanksiyalardan siyasi təzyiq aləti kimi istifadə etmək niyyətindədir. Son vaxtlara qədər ABŞ-ın resurslarının “boşa getdiyini” tez-tez vurğulayan prezident Donald Trampın ABŞ-dan Ukraynaya hərbi yardımları yenidən bərpa edəcəyi də istisna olunmur. Və bu baxımdan, ABŞ-ın Ukraynaya dəstək məsələsində Avropa Birliyi ilə ortaq mövqedə olacağı indi daha inandırıcı görünür.

Belə anlaşılır ki, Kreml İstanbul görüşündə Ukraynaya sülh sazişi əvəzinə kapitulyasiya aktı imzalatmaq məqsədilə təhdidkar ultimatum verməsi, Rusiyanın işğalçı hədəflərini legitimləşdirməyə çalışması situasiyanı ciddi şəkildə dəyişməyə başlayıb. İndi Qərbin, xüsusilə də, ABŞ və NATO-nun cavab reaksiyası yalnız Ukraynanın deyil, beynəlxalq hüququn və qlobal sabitliyin gələcək taleyini müəyyən edə bilər. Və bu baxımdan, Qərb dağılmaqda olan qlobal düzənin ən azından, Kremlin təsiri altına düşməsinə qarşı prinsipial mövqe tutarsa, onda Rusiya daha sarsıdıcı zərbələrə hazırlaşmaq məcburiyyətində qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR