Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik təşəbbüslərini sürətləndirib.
“The Telegraph” qəzetinin məlumatına görə, Tramp ilk növbədə Rusiya prezidenti Vladimir Putinlə, daha sonra isə Ukrayna prezidenti Volodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan görüş keçirməyi planlaşdırır.
Bu görüşlərin əsas məqsədi birbaşa və vasitəçilərsiz dialoqla müharibəyə son qoymaqdır. Trampın diplomatik strategiyası klassik formatlardan fərqlənir: heç bir beynəlxalq vasitəçi, kollektiv danışıqlar və ya bloklar olmadan yalnız özü və iki savaş tərəfi – Moskva və Kiyev arasında masa arxasında konkret nəticə yönümlü danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, bu plan Trampın ABŞ prezidenti kimi ikinci dönəmində həyata keçirməyə çalışdığı “təkbaşına qlobal nizam quruculuğu” strategiyasının davamı kimi qiymətləndirilir. ABŞ prezidenti müharibənin diplomatik həlli üçün “artıq çox söz danışıldığını”, indi isə “yalnız razılaşmanın vacib olduğunu” bildirir.
Analitiklər qeyd edirlər ki, Trampın bu planı reallaşarsa, Avropa İttifaqı, NATO və digər beynəlxalq institutların prosesdən kənarda qalması ilə Ukrayna böhranının taleyi yalnız üç nəfərin – Tramp, Putin və Zelenskinin – əlində cəmlənə bilər. Bu isə həm sülh ümidlərini artırır, həm də yeni geosiyasi riskləri gündəmə gətirir.
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ