Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskada keçiriləcək görüşü ərəfəsində Ukrayna və onun avropalı müttəfiqləri Vaşinqtonun “sülh” sövdələşməsi çərçivəsində Tramp üçün Nobel mükafatı naminə Kiyevin maraqlarının qurban verilməsindən ehtiyat edərək, qırmızı xətlər çəkir.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ukraynanın Rusiya ilə müharibənin nizamlanması çərçivəsində beş əsas tələbi var:
1. İlkin ərazi güzəştləri olmadan davamlı atəşkəs – Kiyev mürəkkəb sərhəd məsələlərini yalnız atəşkəsdən sonra müzakirə etməyə hazırdır, Moskva isə atəşkəs elan olunana qədər qoşunların çıxarılmasında israrlıdır.
2. Təzminat tələbi – Kiyev Moskvanın dəymiş ziyanı kompensasiya etməsini istəyir. “Politico”ya görə, bu məbləğ 500 milyarddan 1 trilyon dollaradək qiymətləndirilir. Avropanın əlində dondurulmuş Rusiya aktivlərində isə ən azı 200 milyard dollar var.
3. Təhlükəsizlik təminatları – Əvvəllər NATO üzvlüyündə israr edən Ukrayna, Trampın belə bir ssenarini istisna etməsi fonunda, müqabilində nəsə əldə etmək istəyir. Zelenski vurğulayıb ki, ölkəsi bu cür zəmanətlər alana qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalıdır.
4. Sanksiyaların saxlanması – Trampın onları qaldıra biləcəyi ilə bağlı narahatlıqlar var. Rusiya qanunsuz hesab etdiyi məhdudiyyətlərin ləğvini tələb edir.
5. Müharibə əsirlərinin və uşaqların qaytarılması – Əsirlərin mübadiləsi, Moskva və Kiyev arasında İstanbulda keçirilən son birbaşa danışıqlarda nəticə əldə olunan yeganə məsələ olub. Bu yay həm əsirlərin, həm də həlak olan əsgərlərin cəsədlərinin mübadiləsi intensivləşib.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ