İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp "TikTok"u alır: Çinlə razılaşma nələrə səbəb olacaq?

""TikTok”la bağlı razılaşmamız var". Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Tramp “TikTok”u alacağını, Çinlə razılığa gəldiyini bildirib: “TikTok”la bağlı razılaşmamız var. Mən Çinlə razılığa gəldim. Cümə günü hər şeyi təsdiqləmək üçün Si Cinpinlə danışacağam”.

Trampın bu addımı hansı nəticələrə səbəb olacaq?

"Donald Trampın “TikTok”la bağlı bu açıqlaması həm texnoloji, həm siyasi, həm də geosiyasi müstəvidə ciddi nəticələrə səbəb ola bilər. Əgər Trampın dediyi kimi, TikTok ABŞ şirkəti tərəfindən alınarsa və razılaşma Çinlə təsdiqlənərsə, bu, TikTok-un ABŞ bazarında bağlanmasının qarşısını alacaq".

Zeynal Əmrəliyev: “Azərbaycanın mövqeyi tam müstəqildir və beynəlxalq  hüquqa söykənir”

Zeynal Əmrəliyev

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloqun fikrincə, bu həm ABŞ istifadəçiləri, həm də "TikTok"-un bazar payı üçün müsbət nəticədir:

"Eyni zamanda, "TikTok" kimi böyük bir platformanın ABŞ şirkətinin nəzarətinə keçməsi, yerli şirkətlər üçün strateji və maliyyə baxımından əhəmiyyətli qazanc olacaq. Bu, texnologiya sektorunda ABŞ-ın dominantlığını gücləndirə bilər. Son zamanlar Tramp administrasiyası Çin texnologiya şirkətlərinə qarşı sərt mövqe sərgiləyib. "TikTok"-un alınması heç şübhəsiz ki, bu siyasətin bir davamıdır.

Zamanında ABŞ "Huawei" və digər şirkətlərə qarşı da analoji addımlar atıb. Trampın bu addımı dünya iqtisadiyyatında yeni bir ənənənin əsasını qoya bilər. Güclü ölkələr nüfuzlu beynəlxalq şirkətlərlə zor gücünə ala bilərlər ki, bu qlobal iqtisadi sistemdə etimad mühitinə ciddi xələl gətirə bilər".

Zeynal Əmrəliyev qeyd edib ki, bu hadisə eyni zamanda ABŞ-ın daxili siyasi vəziyyətinə də təsir göstərəcək məsələdir:

"Tramp bu məsələni həm Çinlə “güc nümayişi”, həm də seçkiöncəsi özünü güclü lider kimi göstərmək üçün istifadə edə bilər. "TikTok" gənclər arasında çox məşhurdur və bu platforma ilə bağlı addımlar həm təhlükəsizlik, həm də milli maraqlar adı altında siyasi kapital kimi istifadə olunur. Bu baxımdan Donald Tramp qarşısındakı ən böyük problemlərdən birindən qurtulmağa hazırlaşır.

"TikTok" məsələsi eyni zamanda iki ölkə arasında texnoloji müharibənin bir hissəsidir. Əgər Çin bu razılaşmanı öz texnoloji suverenliyinə təhdid kimi görərsə, cavab addımları atıla bilər. Məsələn, ABŞ şirkətlərinə qarşı məhdudiyyətlər, ya da qarşılıqlı diplomatik reaksiyalar meydana gələ bilər. ABŞ-ın "TikTok" kimi platformalara qarşı atdığı addımlar Avropa, Hindistan və digər ölkələr üçün də nümunə ola bilər. Artıq Hindistan "TikTok"-u qadağan edib. Trampın bu addımı beynəlxalq münasibətlər sistemində yeni gərginliyə səbəb ola bilər. Şübhəsiz ki, bu, qlobal şirkətlər üzərindən aparılan qarşıdurmanın ən böyük nümunələrindədir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2025

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR