İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Yaxın Şərqdə barıt çəlləyini alışdırır

Dünya siyasəti köhnə ssenarinin yeni versiyasını yaşamaqdadır. Bəlkə də, heç kim təəccüblənmədi ki, ABŞ prezidenti Donald Tramp kreslosuna təhlükə yarandığı bir vaxtda Yaxın Şərq yenidən qaynamağa başladı. Bu təsadüfdürmü, yoxsa düşünülmüş oyun?

Ağ Ev rəhbərinin ilk prezidentliyi dövründə siyasi kreslosu altından torpağın çəkildiyi bir zamanda İraqda, Suriyada, Livanda, bütün bölgədə vəziyyət qəfil dəyişdi.

Elə o zaman İran generalı Qasım Süleymaninin Bağdadda ABŞ raketləri ilə öldürülməsi dünya gündəmini alt-üst etdi. Amerika mətbuatı və Konqres artıq Trampın ilk impiçmentini müzakirə etmirdi. Gündəmin bir nömrəli mövzusu bu terror aktı və İranın cavab ehtimalı oldu.
Əslində, Vaşinqtonda yeni siyasi texnologiya icad olunmayıb. ABŞ-da prezident kreslosu laxlayan kimi xaricdə müharibə dalğası başlayır. Məsələn, Bill Klintonun “Monika Levinski qalmaqalı” zamanı Yuqoslaviya bombardman edildi. İndi də eyni ssenari təkrarlanır. Tramp daxildəki problemləri səngitmək üçün "böyük düşmən" İranı qarışdırmaq planını işə salıb.

Bu planda İsrailin rolu ayrıca araşdırma mövzusudur. Tel-Əviv artıq illərdir İran təhdidi barədə dünyanı həyəcan siqnalı ilə xəbərdar edir. Netanyahu administrasiyası ABŞ-dan dəstək almaq üçün Tehranın nüvə proqramını əsas bəhanə edir.

ABŞ doğrudanmı İsrailin kölgəsində yeni Yaxın Şərq müharibəsinə sürüklənə bilərdi? Tramp seçki öncəsi genişmiqyaslı müharibə istəmirdi, çünki belə bir müharibə ona həm iqtisadi, həm də seçki riski yaradırdı. Amma İsrailin bu savaşda ABŞ-ı tərəf kimi cəlb etmək istəyi də göz qabağında idi.

İmpiçment təhlükəsi və İranla gərginlik bir daha sübut etdi ki, Amerika prezidenti kreslosu laxlayarkən Yaxın Şərq partlayış nöqtəsinə çevrilir. Bəs bu dəfə bu oyun dünyanı daha böyük müharibəyə sürükləyə bilərmi?

AG Partiya sözçüsü Cavanşir Abbaslı Musavat.com-a deyib ki, dünya siyasəti təsadüfləri sevmir: "Bəzən elə görünür ki, qlobal proseslər öz təbiətinin diktəsi ilə axır, təsadüfi hadisələr zənciri kimi inkişaf edir. Amma tarixin sübut etdiyi bir həqiqət var - böyük güclər nadir hallarda təsadüfə yer buraxır. 

4e7ec0e3-6df9-4d0a-a717-2879a5d7cd56.jpg (55 KB)

Donald Trampın siyasi mövcudluğu dərin daxili böhranla sarsılmış durumdadır. Demokratlar onun səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı impiçment prosesinə start vermişdi. Ağ Evin sahibi ABŞ tarixində impiçment təhlükəsi ilə üzləşən sayca üçüncü prezident idi. Və bu, təsadüfi deyildi. Tramp qaydaları pozan, risk edən, gözlənilməz davranışları ilə məşhurdur.

Belə bir dönəmdə ABŞ ictimai rəyini dəyişmək, mediada impiçment dalğasını ikinci plana atmaq üçün "böyük xarici düşmən" mövzusu qaçılmaz idi. Kim? Əlbəttə, illərin sınağından çıxmış "qorxu obyekti" İran!

İran on illərdir ki, ABŞ-ın xarici siyasətinin şeytan obrazıdır. "Şər oxu"ndan "terrorizmin sponsoru"na qədər ən müxtəlif damğalar bu ölkəyə vurulub. Xatırlayırsınızsa, ilk prezidentliyi dövründə impiçment prosesinin qızğın çağında Tramp administrasiyası Tehrana qarşı hərbi və siyasi təzyiqi maksimuma qaldırdı.

İrandan olan ən nüfuzlu hərbi fiqur Qasım Süleymani Bağdadda öldürüldü. İran iqtisadiyyatına yeni sanksiyalar tətbiq edildi. İsrail isə ABŞ-ın bu sərt kursunun əsas dəstəkçisi oldu".

Cavanşir Abbaslı deyib ki, İsrail üçün İran təhdidi realdır: "Xüsusən də Tehranın Livan, Suriya və Yəməndəki "proksi" qüvvələrə dəstəyi fonunda. Lakin Netanyahu hökumətinin bu qorxunu daim diri saxlamaqda maraqlı olması da faktdır. Çünki İran hədəsi həm İsrail cəmiyyətini birləşdirir, həm də ABŞ-dan yeni silah və maliyyə yardımları almağa imkan yaradır.

Tramp dövrü isə İsrail üçün "arzuolunan prezidentlik" dövrüdür. Qüdsün İsrail paytaxtı kimi tanınması, Golan təpələrinin İsrailə aid edilməsi, İran nüvə sazişinin pozulması bütün bunlar Tel-Əviv üçün tarixi diplomatik hədiyyələr idi.

Aprelin sonlarında Trampın növbəti impiçment məsələsi gündəmə gələndə Netanyahu üçün əla fürsət yarandı. Vaşinqtonu İranla qarşıdurmaya daha dərindən cəlb etmək şansından bu gedişlə geniş istifadə etməyə həvəsli görünür".

Cavanşir Abbaslı deyib ki, seçki öncəsi Tramp müharibəsiz diplomatik qələbələr əldə etməyə üstünlük verirdi: "O, seçki kampaniyasında "sonsuz müharibələr" dövrünü bitirəcəyinə söz vermişdi. Amma eyni zamanda, İsrailin İranla hərbi qarşıdurmasının ABŞ-ı avtomatik bu savaşa çəkəcəyini də yaxşı anlayırdı. İsrailin hərbi əməliyyatlarını təşviq edərək İranı qıcıqlandırdı, lakin böyük müharibəyə qədər məsələni uzatmağa çalışdı. Əsas məqsəd sadə idi. Dünya gündəmini dəyişmək, impiçment dalğasını zəiflətmək istəyirdi. Və bu hədəfə qismən çatıb.
İmpiçment xəbərləri artıq ikinci plana keçib. 

56398.jpg (692 KB)

Görünən odur ki, İsrail və Tramp administrasiyası arasında sükut razılığı mövcud idi. Tel-Əviv Yaxın Şərqdə İran hədəflərinə zərbələri artırır, Vaşinqton isə buna göz yumur. Bəlkə də, İsrail bir qədər də irəli gedərək İrana qarşı genişmiqyaslı əməliyyatı təklif edib.

İsrail-İran toqquşmaları bir böyük geosiyasi ssenarinin hissələridir. Bu oyunda ABŞ prezidentinin şəxsi taleyi, İsrailin regional maraqları, İranın müqavimət siyasəti, hətta Çinin və Rusiyanın maraqları bir-birinə dolaşır.

Və bu, bir daha sübut edir ki, dünya siyasətində təsadüflər az olur. Tramp ABŞ daxilindəki problemlərdən qurtarmaq üçün Yaxın Şərqin barıt çəlləyinə kibrit yaxınlaşdırıb. Onun üçün əsas olan daxili siyasi mövqeyini qorumaqdır. Lakin dünya üçün bu oyun, yeni regional müharibəyə səbəb olacaq..."

 

Elşən MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR