Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mühüm görüş barədə açıqlama yayıb.
Prezidentin sözlərinə görə, bu görüşdə Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Corca Meloni, Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya Federativ Respublikasının kansleri Fridrix Merts, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, NATO baş katibi Mark Rütte iştirak ediblər.
Tramp qeyd edib ki, görüş Oval kabinetdə davam edib və müzakirələr əsasən Ukraynanın təhlükəsizlik təminatları üzərində cəmləşib. Onun sözlərinə görə, bu təminatlar müxtəlif Avropa ölkələri tərəfindən veriləcək və ABŞ-la koordinasiya şəklində həyata keçiriləcək.
“Biz çox yaxşı görüş keçirdik. Zelenski, Makron, Stubb, Meloni, Starmer, Merts, fon der Lyayen və Rütte ilə müzakirələr çox məhsuldar oldu. Oval kabinetdə davam edən görüş zamanı biz Ukraynaya təhlükəsizlik zəmanətlərini müzakirə etdik. Bu zəmanətlər müxtəlif Avropa ölkələri tərəfindən veriləcək, ABŞ isə bütün prosesin koordinasiyasını həyata keçirəcək”, – deyə Tramp bəyan edib.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, Putin və Zelenski arasında görüşün təşkili istiqamətində hazırlıqlar başlanıb. O qeyd edib ki, görüşün yeri hələ müəyyən olunmayıb, lakin bundan sonra üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır: “Bu danışıqlarda iki prezident – Putin və Zelenski ilə yanaşı, mən də iştirak edəcəyəm”.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ