İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil kreditinin gerçək mahiyyəti: gənclərə ümid, gələcəyə sərmayə - Rəşad Mahmudovun yazısı  

Əziz həmvətənlərim, bəzən bir gəncin taleyini müəyyən edən əsas amil onun zəhməti, istedadı və iradəsi yox, sadəcə ailəsinin maddi imkanı olur. İstəyir oxusun, savad qazansın, gələcəyini qursun, amma qarşısında böyük bir divar dayanır – təhsil haqqı. Bu divar o qədər sərtdir ki, bir çox hallarda gəncin arzusu yarımçıq qalır. Amma dövlətin yaratdığı təhsil krediti həmin divarı aşmaq üçün bir körpüdür.

Kredit, faiz, borc kimi sözlər beynimizdə o qədər ağır və bəzən də mənfi mənalarla assosiasiya olunub ki, beynəlxalq səviyyədə qəbul olunmuş sosial bir proqram olan “təhsil tələbə krediti” ifadəsini də biz cəmiyyət olaraq çox vaxt səhv başa düşürük. Sanki bu kredit də bankların kommersiya marağı ilə verilən, insanı uzun illər boyu sıxıntıya salan adi bir borcdur. Təəssüf ki, bu yanaşma da mövcuddur və buna görə də bir çoxları təhsil kreditinin əsl mahiyyətini görmür. Halbuki, mən bu yazımda diqqəti məhz həmin yanlış yanaşmanı aradan qaldırmağa, bu proqramın hansı məqsəd və dəyərlər üzərində qurulduğunu izah etməyə yönəltmək istəyirəm.

tehsil-telebe-krediti-alanlarin-sayi-achiqlanib-2

Bu kredit sadəcə maliyyə vəsaiti deyil, gəncə və onun ailəsinə verilən ümiddir. Çünki təhsil krediti ilə gənc imkansızlığın əlində əsir qalmır, arzularından imtina etmir, ailəsi isə böyük bir yükün altında əzilmək məcburiyyətində qalmır. Bu, dövlətin öz övladına uzatdığı güvən əlidir, cəmiyyətin gələcəyinə qoyduğu sərmayədir.

Ədalətli rəqabət prinsipi hər zaman vacib olub. Ali məktəblərə qəbul üçün yüksək bal toplayanlar təbii ki, öz haqlarını (pulsuz təhsil) qazanırlar. Dövlətimiz yüzlərlə, minlərlə gənci xüsusi proqramlarla xaricdə oxumağa göndərir, onlara bütün xərcləri qarşılanan geniş imkanlar yaradır. Bu, dövlətin təhsilə və gənclərə qayğısının ən bariz nümunəsidir. Amma gəlin düşünək, bəs o gənclər necə olsun ki, yüksək bal toplamaq imkanları çatmır, xaricdə təhsil üçün dövlət proqramına seçilmirlər, amma yenə də oxumaq, savadlanmaq və gələcəyini qurmaq istəyirlər? Onların da arzusu, istəyi, potensialı var. Təhsil krediti məhz bu boşluğu doldurur, rəqabətdə irəlidə ola bilməyən, amma oxumaq həvəsi olan gənclərə əlavə dəstək verir.

Bu dəstəyin mahiyyəti ondan ibarətdir ki, kredit sadəcə bank prinsipi ilə verilmir. Burada əsas məqsəd qazanc götürmək deyil, sosial ədaləti təmin etməkdir. Çünki bu sistemdə gənc heç bir görmək istəmədiyimiz əlillik və ya ölüm halında ailəsinin üzərinə əlavə yük qoymur. Yəni təhsil krediti sığorta mexanizmi ilə qorunur və ailə övladının yarımçıq taleyinə görə maddi cəhətdən də çətinlik çəkmir. Bundan başqa, tələbə yüksək bal topladığı halda, dövlət onun üzərinə düşən yükü daha da azaldır. Belə ki, oxuduğu illərdə yüksək nəticə göstərənlərin borc məbləği azaldılır, faizlər silinir və ya borc tamamilə bağışlanır. Bütün bunlar göstərir ki, dövlətin məqsədi burada kreditlə qazanc əldə etmək deyil, gənclərə dəstək olmaq, onların təhsil arzusunu reallığa çevirməkdir.

Təhsil Tələbə Krediti ilə bağlı ən çox soruşulan suallara CAVAB | AzEdu.az

Təhsil kreditinin sosial tərəfi də çox mühümdür. Maddi imkanı zəif olan ailələr övladlarını oxutmaq üçün bəzən böyük fədakarlıqlara gedir, bacı-qardaşın imkanları qurban verilir, ailə borca girir. Kredit isə ailənin üzərindən bu yükü götürür. Gənc öz təhsilini müstəqil şəkildə maliyyələşdirir, ailə isə gündəlik qayğılarına daha çox fokuslana bilir. Bu, həm ailə daxilində balansı qoruyur, həm də övladın müstəqillik hissini gücləndirir.

Əlbəttə, həyat hər zaman sadə deyil. Təhsilini bitirən hər bir gəncin dərhal iş tapması asan olmur. Amma təhsil kreditlərinin şərtləri elə müəyyənləşdirilib ki, bu borc heç vaxt ailənin və ya gəncin çiyinlərinə ağır yük kimi çökmür. Əksinə, bu, gəncin məsuliyyət hissini gücləndirir. Çünki artıq bilir ki, dövlət onun yanında olub, indi o da öz üzərinə düşəni etməli, bu etimadı doğrultmalıdır.

Amma bir həqiqəti də unutmamalıyıq. Təhsilə sadəcə vaxt keçirmək, diplomu cibə qoymaq və ya əsgərlikdən möhlət almaq kimi baxanlar üçün nə dövlətin yaratdığı bu kreditin, nə də ailənin çəkdiyi zəhmətin böyük dəyəri yoxdur. Təhsil bir kağız parçası deyil. Təhsil — insanın özünə, ailəsinə və millətinə sərmayəsidir. Əgər məqsəd yalnız “diplom olsun” düşüncəsidirsə, heç bir kredit, heç bir imkan o diplomu dəyərli etməyəcək.

Amma təhsili həqiqətən dəyər bilən, gələcəyinə inanaraq oxuyan gənclər üçün bu kreditlər həyatlarının dönüş nöqtəsinə çevrilir. Bu kredit onlar üçün sadəcə maliyyə dəstəyi deyil, həm də özünü təsdiq fürsətidir. O gənc artıq bilir ki, dövlət ona güvənib, ailəsi ona inanıb, indi isə o da bu imkanı reallaşdırmaq üçün var gücü ilə çalışmalıdır.

Ali təhsil |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Əslində, bu mexanizmin başqa bir dərin tərəfi də var. Təhsil krediti təkcə bir maliyyə dəstəyi deyil, həm də gələcək nəsillərə qarşı bir məsuliyyət hissidir. Bu gün dövlətin yaratdığı imkanlardan faydalanan gəncin illər sonra həmin fonda edəcəyi ödənişlər dövlət üçün bir qazanc deyil. Əksinə, bu, gələcəkdə başqa bir gəncin də eyni imkandan yararlanması üçün şərait yaradır. Yəni bu sistem bir tərəfdən bu günün gəncini oxutmaq üçündürsə, digər tərəfdən gələcək gənclərin təhsil yolunu açmaq üçün dayanışma mexanizmi rolunu oynayır.

Burada dövlət “mən qazanc götürürəm” prinsipi ilə çıxış etmir. Dövlət sadəcə bir körpü yaradır, bir mexanizm qurur ki, gənclər öz arzularını reallaşdırsınlar. Sonrakı nəsillər üçün isə bu ödənişlər bir fondun davamlılığını təmin edir. Bu mənada təhsil krediti sadəcə iqtisadi deyil, həm də sosial və mənəvi bir layihədir. Çünki gənc təkcə öz təhsilinə deyil, gələcəkdə oxuyacaq başqa bir gəncin taleyinə də təsir etmiş olur.

Məhz buna görə də bu sistem həm də daha məsuliyyətli vətəndaş yetişdirilməsi üçün bir vasitəyə çevrilir. Çünki gənc anlayır ki, onun bu gün qaytardığı vəsait sadəcə öz borcu deyil, həm də başqa bir gəncin ümididir. Bu isə vətəndaşda həm dövlətə, həm də cəmiyyətə qarşı əlavə bir məsuliyyət və mənəvi borc hissi formalaşdırır.

Bəli, təhsil krediti bir gəncin arzularına verilən qanaddır. Bir ailənin yükünün yüngülləşməsidir. Ədalətli rəqabətdə şansı çatmayanlara verilən əlavə dəstəkdir. Gənci qoruyan sosial zəmanətdir. Və ən əsası, bir millətin gələcəyinə qoyulan sərmayədir. Ona görə də heç bir gənc imkansızlıq səbəbindən oxumaq arzusundan məhrum qalmamalıdır. Amma eyni zamanda, heç bir gənc təhsili sadəcə diplom, möhlət və ya vaxt qazanmaq vasitəsi kimi də görməməlidir. Təhsil yalnız bu fürsətə dəyər verən, oxumaq istəyini ürəyində daşıyan gənclər üçün həqiqi dəyərə çevrilir.

Bazar günü olduğu üçün fürsətdən istifadə edib, bir daha ali məktəbə qəbul olub tələbə adı qazanan bütün gənclərimizi ürəkdən təbrik edirəm. Onların valideynlərinə gözaydınlığı arzulayıram. Hər bir ailənin sevinci və fərəhi bizim ümumi sevincimizdir.

 

Hörmətlə,
Rəşad Mahmudov
Tibb elmləri doktoru,
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR